• 2 Mart 2021
logo
Bəlkə də Şuşa əməliyyatı haqda əvvəlcədən danışılsaydı, heç kim bunun mümkünlüyünə inanmazdı - Deputat

Bəlkə də Şuşa əməliyyatı haqda əvvəlcədən danışılsaydı, heç kim bunun mümkünlüyünə inanmazdı - Deputat

Şuşa Azərbaycanın tarixi şəhəri və mədəniyyət beşiyi sayılır. Azərbaycan üçün Şuşanın mənəvi əhəmiyyəti olduqca böyükdür və heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Şuşanın 28 illik həsrətdən sonra erməni işğalından azad edilməsi Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm qələbələrindən biri oldu və məhz Şuşanın azad olunmasından sonra ermənilərin müqaviməti tamamilə qırıldı və kapitulyasiya ilə razılaşdılar:

“Şuşanın azad edilməsi ilə bağlı hərbi əməliyyatlar haqqında artıq daha geniş məlumatlar yayılır, həmin əməliyyatın iştirakçıları Şuşanın azad edlməsinin təfərrüatları haqqında müsahibələr verirlər və biz Şuşanın hansı şəraitdə, əsgər və zabitlərimizin hansı əziyyətlərı bahasına, şəhidlərimizin qanı, canı hesabına, yüksək peşəkarlıq və dəqiqliklə hazırlanmış əməliyyat planı nəticəsində azad edildiyinin şahidi oluruq və görürük ki, qəhrəman oğullarımız nə qədər çətin bir tapşırığı uğurla yerinə yetiriblər. Bəlkə də əvvəlcədən desəydilər ki, Şuşanı bu cür azad edəcəyik heç kim bu əməliyyatın mümkünlüyünə inanmazdı, ancaq şanlı ordumuz mümkünsüzü mümkün etdi və bu gün dünya hərbi ekspertləri Şuşa əməliyyatını araşdırırlar çünki bu əməliyyat hər kəsi təəccüb içində qoyub. Ona görə də Şuşanın azad olduğu gün, 8 noyabr tariximizə qızıl hərflərlə yazıldı.

Biz bu şanlı qəhrəmanlıq yolunu gələcək nəsillərimizə geniş formada çatdırmalıyıq. Ona görə də Şuşanın azad edilməsi əməliyyatı təfərrüatları ilə hərbi dərsliklərə salınmalıdır ki, gələcək nəsillərimiz Azərbaycan xalqının necə bir qəhrəman xalq olduğunu görsünlər, şanlı tariximizi yaxşı bilsinlər”.

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqların gələcək nəsillərə çatdırılması üçün daim işlər görülməlidir:

“Bu müharibədə xalqımız, gənclərimiz nə qədər vətənpərvər olduqlarını göstərdilər. Vətən müharibəsi başlayan zaman gənclərimiz silaha sarılaraq Vətənin müdafiəsinə getdilər və bu yolda canlarını, sağlamlıqlarını əsirgəmədilər. Bu bir daha göstərdi ki, Azərbaycanda gənclər düzgün yoldadılar, doğru istiqamətdə tərbiyə olunublar. İşğal altında olan hər bir kəndimizin, qəsəbəmizin, şəhərimizin azad edilməsi ayrılıqda bir qəhrəmanlıq nümunəsidir. Biz bu qəhrəmanlıqları həm dərsliklərə salmaqla, eyni zamanda işğaldan azad olunan ərazilərimizin bərpası zamanı küçələrə şəhidlərimizin adını verməklə, qəhrəmanlarımız, döyüşlər və qələbəmiz haqqında kitablar yazmaqla, abidələr, heykəllər, barelyeflər qoymaqla bu qəhrəmanlıqları gələcək nəsillərimizə çatdırmalıyıq. Hətta ideoloji mübarizə metodu kimi qəhrəmalarımızın təbliğ edilməsi bizim həyat tərzimizə çevrilməlidir”.

A.Həsənova əlavə edib ki, ermənilər 30 il ərzində işğal altında saxladıqları ərazilərimizin tarixini saxtalaşdırmağa çalışıblar, mədəniyyət və tarixi abidələri tam kökündən dəyişməyə, erməniləşdirməyə cəhd göstəriblər:

“Hətta ermənilər mədəniyyət və tarixi abidələrdə yazıları pozublar, daşların üzərinə müxtəlif yazılar yazıblar və onları müxtəlif məhlullara salaraq qədim yazılar kimi qələmə verməyə çalışıblar. İşğal altında olan rayonlarımızın, küçələrimizin adlarını dəyişərək həmin əraziləri erməni əraziləri kimi qələmə verməyə cəhd ediblər. Onlar bilə-bilə ki, bu ərazilər Azərbaycan torpaqlarıdır və nə vaxtsa Azərbaycan istər müharibə, istərsə də sülh yolu ilə öz torpaqlarını geri qaytaracaq, yenə də tarixi və mədəniyyət abidələrimizi, ərazilərimizi erməniləşdirmək istəyirdilər. Lakin onların bu cəhdləri heç bir nəticə vermədi, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz ermənilərin bu istəklərini ürəklərində qoydu”.