• 3 Mart 2021
logo
“Dostluq” Xəzərətrafı xalqların rifahı üçün mühüm əhəmiyyətə malikdir

“Dostluq” Xəzərətrafı xalqların rifahı üçün mühüm əhəmiyyətə malikdir

Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması olduqca mühüm hadisə idi. Belə bir sazişin imzalanması dostluq və qardaşlıq münasibətlərin rəsmiləşdirilməsi deməkdir. Artıq demək olar ki, Xəzərin karbohidrogen yataqlarının bölgüsü üstündə yaranmış müəyyən ixtilaflar arxada qalır.
Ümumiyyətlə sirr deyil ki, etibarlı münasibətlər hər zaman davamlı əməkdaşlığın əsası olub. Ölkələr arasında açıq müzakirələrin aparılması isə davamlı əməkdaşlığa zəmin yaradır. Son atılan addımlar və qəbul olunan qərarlar isə iki ölkə arasında münasibətlərin dostluq və qardaşlıq ruhunda davam olunmasına xidmət etdi.
Artıq mütəxəssislər də qeyd edirlər ki, imzalanmış saziş yalnız iki ölkənin deyil, ümumilikdə regionun inkişafına müsbət təsir göstərəcək mühüm beynəlxalq sənəddir. Bu da maraqlı faktdır ki, Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq.

Yeni perspektivlər vəd edən əməkdaşlığın strateji əhəmiyyəti

Tez-tez ən yüksək səviyyədə olan çıxışlardan eşitmişik ki, Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir. Son tədbir zamanı da xüsusi olaraq qeyd edildi ki, Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək.
İki ölkə arasında yaranmış yeni mərhələ, əməkdaşlıq xalqlarımıza bu qədər nemətlər bəxş edən bu nadir su hövzəsinin qorumasına xidmət edir. Xalqların gələcəyi naminə edilən əməkdaşlıq, ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin edəcək.
Ümumiyyətlə bir maraqlı faktı qeyd edim ki, Türkmənistanın təbii qaz ehtiyatları ümumdünya ehtiyatlarının 9 %-nı təşkil edir və bu göstərici ilə bu ölkə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yeri tutur. İndiyədək əsas istehlak bazarı Rusiya olub, rəsmi Moskva türkmən qazının həcmi və qiymətini özü müəyyənləşdirirdi. Aşqabad bu asılılığa son qoymaq üçün əvvəlcə Çin və İran bazarına çıxdı, Azərbaycanın vasitəsilə isə indi əsas istehlak bazarı olan Avropaya çıxış imkanını əldə edir. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.

Təbii ki, yeni saziş nəqliyyat sahəsində əməkdaşlıqda böyük perspektivlər vəd edir. Bu istiqamətdə olan əməkdaşlıq həm hər iki ölkə, həm də qonşu dövlətlər üçün geniş imkanlar açacaq. Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanlarının yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq.
Digər bir diqqət çəkən nüansı da qeyd etmək istərdik. Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib. Azərbaycan və Türkmənistan arasında memorandumun imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işığın” yandırılması hesab oluna bilər. Hasil olunacaq qazın Azərbaycana və TAP vasitəsilə Avropaya çatdırılması gözlənilir və bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaq.
Bu məsələdə, regional layihələrin reallaşdırılmasında siyasi sabitlik amili də mühüm rol oynayır. Məhz siyasi sabitlik ölkələrin inkişafında strateji əhəmiyyət kəsb edir. Bu bəllidir ki, sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır.
Bu gün Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir. Qlobal transmilli layihələr sayəsində sosial rifah və iqtisadi inkişaf sahəsində çox mühüm məsələlər öz həllini tapır. Ölkələrimiz investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar. Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaqdır. Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən ölkələrdir. Bizim ölkələrimiz özlərini tamamilə təmin edən ölkələrdir. Azərbaycan və Türkmənistan istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil. Bizim ölkələr öz milli, mənəvi, əxlaqi ənənələrinə möhkəm sadiqdirlər.

Etibarlı və qardaşlıq münasibətlərin qorunmasının əhəmiyyəti

Bu gün sevindirici haldır ki, artıq ölkələrimiz arasında heç bir mübahisəli məsələ qalmadı. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ölkələrimiz arasında etibarlı münasibətlərin formalaşmasına təkan oldu. Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş etdiriblər. İmzalanmış Konvensiya çoxillik uzun diskussiyalardan sonra enerji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün yeni imkanlar yaradıb.
Bundan başqa, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstək göstərməsi də diqqət çəkən amildir və bu strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Türkmənistan beynəlxalq strukturlarda daim bir-birini fəal dəstəkləyiblər. Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Türkmənistan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Qoşulmama Hərəkatının Zirvə görüşünün, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin, həmçinin BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi kimi ölkəmizin təşəbbüsləri Türkmənistan tərəfindən fəal dəstəklənmişdir.
Qısası artıq bəllidir ki, ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri ümumi dəyərlər əsasında qurulub. Dostluq, qarşılıqlı dəstək və qarşılıqlı maraqların düzgün başa düşülməsi ruhunda işlərin aparılması uğurun təminatıdır. Bu səbəbdən əməkdaşlığın davamlılığına xidmət edəcək sazişin imzalanması əlamətdar və tarixi hadisədir.
Əslində Azərbaycan və Türkmənistan arasında mövcud əlaqələr müsbət dinamika ilə inkişaf etməsi əvvəldən də görünürdü. Yəni son 3 ildə isə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olması hər şeyi deyir. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Qarşılıqlı münasibətlərin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb.
Bundan sonra isə hər iki ölkə arasında mövcud münasibətlərin yeni səhifəsi açılacaq. Qısası, 21 yanvar tarixində imzalanmış saziş Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni dönəm yaratdı. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq.
Ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz və bir sıra digər mövcud sosial-mədəni təzahürlərin potensialını səmərəli əməkdaşlığa transformasiya edə bilmişik.
Ümumilikdə isə Azərbaycan Xəzər dənizinin əməkdaşlıq və sülh dənizinə çevrilməsində mühüm enerji strategiyası müəyyənləşdirə bildi və hazırda tərəfdaş ölkələrlə birlikdə bunun nəticələrini görür. Nəticələr isə bütün Xəzərətrafı xalqların rifahı və inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Ona görə də, “Dostluq” karbohidrogen ehtiyatları yatağının birgə istismarı ilə bağlı əldə edilən razılaşma əlamətdar tarixi hadisə kimi qiymətləndirilməlidir.

Xəzər rayon Gənclər İdman İdarəsinin Baş məsləhətçisi Dilşad Nuriyeva