• 20 Aprel 2024
logo
“Azərbaycan və Türkmənistan hökuməti arasında Aşqabadda imzalanan anlaşma memorandumu...”

“Azərbaycan və Türkmənistan hökuməti arasında Aşqabadda imzalanan anlaşma memorandumu...”

Əziz Əlibəyli: “İki ölkə arasındakı münasibətlərin yüksələn xəttini göstərir”

“Azərbaycan və Türkmənistan hökuməti arasında Aşqabadda imzalanan karbohidrogen resurslarlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi ilə bağlı Anlaşma Memorandumu iki ölkə arasındakı münasibətlərin yüksələn xəttini göstərir və strateji addım olmasına işarədir”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Əziz Əlibəyli deyib. O, əlavə edib ki, ilk növbədə anlaşmanın indiki dönəmə təsadüf etməsində də müsbət rəmz axtarmaq olar: “Çünki Azərbaycan qalib dövlətdir. Dağlıq Qarabağda əldə etdiyi uğurlardan və ərazi bütövlüyünü bərpa etməsindən sonra Azərbayanın prestiji yüksəldi. Bu da Xəzərdə bu müqavilənin imzalanmasına ciddi şəkildə təsir etdi. Azərbaycan qüdrətli dövlətdir və Xəzər bölgəsindəki karbohidrogen ehtiyatlarının Avropaya çıxarılmasında müstəsna rola malikdir. Eyni zamanda hazır neft-qaz kəmərləri var. Bu eyni zamanda regionla Qərb arasında bir körpü yaratdı. Şübhəsiz ki, “Dostluq” yatağı ilə bağlı məsələnin həll olunması ciddi şəkildə böyük uğurdan xəbər verir. Birinci növbədə Azərbaycan öz lider dövlət olmasını təsdiq edir. İkincisi bundan sonra Türkmənistan artıq Azərbaycanın sahibi olduğu karbohidrogen dəhlizlərindən istifadə edəcək və Avropaya çıxış əldə edəcək. Üçüncü növbədə Azərbaycan artıq ötürücü ölkə rolunu oynayacaq ki, bu çox önəmli məsələdir. Dördüncü yanaşma ondan ibarətdir ki, Türkmənistanın daha güclü dövlətə çevrilməsi və daha güclü partnyor olması üçün bir növ arxasını Azərbaycana söykəməsi ciddi əsaslar yaradıb. Digər yanaşma ondan ibarətdir ki, Prezidentlərin anlaşma ilə bağlı çıxışlarında bir-birlərinə etdikləri jetslər, türk xalqları prizmasından sərgilədikləri mövqelər həm də bizim tariximizin bu günə təsirinin göstəricisidir. Nəhayət Türkiyənin bölgədə nüfuzunun artması buna həm də türk dünyası kontekstindən baxmaq üçün ciddi əsaslar yaradır. Ona görə bu cür məsələləri qiymətləndirəndə təkcə enerji resursları və maddi mənafe prizmasından deyil, siyasi, regional, enerji siyasətini diktə edən tərərf kimi Azərbaycanın nüfuzunun artıq regional çapda, eyni zamanda transxəzər bölgəsində də ciddi şəkildə artması kimi baxmaq lazımdır. Bütün bunların hamısı yekunda Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə əlaqələrinin inkişafının, qüdrətinin təsbiti deməkdir”.

Əli Zülfüqaroğlu