• 19 Mart 2024
logo
“Ermənistan cəbhə xəttində təxribatlara əl atıb”

“Ermənistan cəbhə xəttində təxribatlara əl atıb”

Elman Nəsirov: “Bu, danışıqlar prosesinin baş tutmamasına istiqamətlənmiş addımlardır”
“ABŞ Ermənistan və Azərbaycan arasında Qarabağ konfliktinin həllinə dair dialoqu genişləndirmək niyyətindədir”. Bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton öz Tvitter səhifəsində paylaşıb: “Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dialoqu genişləndirmək üçün nəzərdə tutulan görüşünü səbirsizliklə gözləyirəm. ABŞ regionda sülhün əldə edilməsi üçün yardıma hazırdır”.
Qeyd edək ki, iyunun 20-də Vaşinqtonda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş olacaq.
Onu da bildirək ki, erməni tərəfinin danışıqlar prosesini pozmaq üçün müxtəlif şərtlər irəli sürməsi də diqqətdən qaçmır. Ermənistan tərəfinin Dağlıq Qarabağın erməni icmasını 3-cü tərəf kimi irəli sürməsidir. Bu hallar isə danışıqlar prosesindən hansısa nəticənin əldə ediləcəyinə şübhə yaradır.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan tərəfinin Dağlıq Qarabağın erməni icmasını 3-cü tərəf kimi irəli sürməsinin heç bir əsası yoxdur. Onun sözlərinə görə, erməni tərəfi həmişə bu cür bəhanələrlə danışıqlardan yayınmağa cəhd edir: "Danışıqlar prosesində Ermənistan tərəfi daim prosesi gecikdirməyə, yubatmağa cəhd göstərir. Bu məsələ də həmin bəhanələrdən biridir. Azərbaycan hər zaman münaqişənin tənzimlənməsi üçün danışıqlarda konstruktiv mövqeyini ortaya qoyub, amma Ermənistan daim danışıqlardan yayınaraq münaqişənin həllinə xələl gətirməyə çalışıb. Ermənilər həmişə bu prosesdə Dağlıq Qarabağın erməni icmasını 3-cü tərəf kimi danışıqlara qatmaq, həmin icmanın rolunu şişirtməyə cəhd edib. 1992-ci ildə ATƏT-in Helsinki Nazirlər Şurasının sammitində qeyd olunduğu kimi, Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması erməni icması ilə birlikdə münaqişənin aralı tərəfidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sonuncu bəyanatında da qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı və erməni icmaları maraqlı tərəfdir. Ermənilərin formatın dəyişdirilməsində atdığı hansısa addımlar müvəffəqiyyətsizliyə uğrayacaq, bu iddianın heç bir əsası yoxdur".
T.Gəncəliyev bildirib ki, danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir və icmalar maraqlı tərəf kimi prosesi izləyir.
Politoloq Zaur Məmmədov deyib ki, bir çoxlarından fərqli olaraq Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ-dakı görüşü ilə bağlı bir qədər fərqli mövqedəyəm. Bolton artıq sosial şəbəkədə də Azərbaycan və Ermənistan XİN başçılarını səbirsizliklə gözlədiyini yazıb. Politoloqun sözlərinə görə, ABŞ əsrin müqaviləsi imzalanandan sonra regionda daha çox iqtisadi sahələrdə aktiv idi: “İndi isə, Rusiya ilə davam edən geosiyasi qarşıdurma nəticəsində öz strategiyasının mühüm xətti olan Rusiyanın cənubunda da fəallaşmaqdadır. Baltikyanı ölkələr və Şərqi Avropadan sonra Qara dəniz vasitəsi ilə Cənubi Qafqaza istiqamətlənən ABŞ hər iki münaqişə tərəfi ilə ciddi söhbətlər edəcəkdir. Azərbaycan - ABŞ münasibətləri bu il ərzində yüksələn xətt üzrə inkişaf etməkdədir. Regionda son hadisələr Azərbaycanı Vaşinqtona daha da yaxınlaşmağa vadar edir. Təsadufi deyil ki, bu il ərzində bir neçə dəfə Bakıdan nümayəndə heyəti ABŞ-a gedərək ölkədə dəyişən vəziyyət (demokratiya sahəsində vəziyyət, "məhbuslar" dövlət idarəçiliyi sahəsindəki islahatlar, məhkəmə islahatları) haqqında məlumatlandırmışlar.
Ermənistan-ABŞ münasibətlərində isə ciddi problemlər var. Guya Qərbçi olan Paşinyan da bu münasibətləri düzəltmək iqtidarında deyil. Vaşinqton Rusiya ilə sıx əlaqədə olan heç bir ölkəyə maliyyə yardımı etmək iqtidarında deyil. Təsadüfi deyil ki, düşmən ölkədəki seçkilərdən sonra da İrəvandan bir neçə dəfə yüksək heyətin Ağ evə və Dövlət Departamentinə səfərləri onların qapı arxasında qalmaları ilə nəticələnib. Ermənilərə dəstək ən yaxşı halda konqresdə davam edəcəkdir.
İş orasındadır ki, indi Vaşinqtonda oturan yəhudi lobbisinin əsas məqsədi İranı zəiflətməkdir. Ermənistan isə, blokada məsələsini bəhanə gətirərək İran ilə münasibətlərində əvvəlki kimi, çirkli pulların yayılması, qanunsuz narkotik ticarəti, müəyyən silahların daşınması və s. davam etdirir. Səhv eləmirəmsə, 2003-cü ildə Wikileaks də bu haqda məlumat yayıb. Ancaq ABŞ-dakı erməni lobbisinin səyi nəticəsində bütün bu illər ərzində ABŞ İrəvanı İran ilə münasibətlərinə görə heç vaxt sıxışdırmayıb”.
Millət vəkili Elman Nəsirov bildirib ki, iyunun 20-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda görüşü keçiriləcək: “Təbii ki, bu görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə baş tutacaq”. Deputatın sözlərinə görə, son dövrdə təmas xəttində Ermənistan tərəfi bir çox təxribatlara əl atıb: "İki hərbçimizin şəhid olması və bundan savayı Ermənistan silahlı qüvvələrinin helikopter avantürası və s. Onlar məqsədlərinə çatmasa da belə hər halda Azərbaycan Silahlı Qüvvələrinə məxsus helikopteri hədəfə almışdılar. Bütün bunlar fonunda, eyni zamanda, Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycan əsgərini qətlə yetirmiş erməni əsgərini mükafatlandırması onların çirkin niyyətindən xəbər verir. Bütün bu sadaladığımız heç şübhəsiz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarını buxovlayan və münaqişənin həlli istiqamətində danışıqlar prosesinin baş tutmamasına istiqamətlənmiş addımlardır. Hər halda bütün bu reallıqlar fonunda danışıqların keçirilməsi ilə bağlı məkan və zaman seçilib. Məsələyə bu məntiqlə yanaşdıqda nikbin olmaq üçün elə ciddi əsaslar yoxdur. Biz dəfələrlə şahidi olmuşuq ki, Ermənistan xüsusilə də belə danışıqlar öncəsi təxribatlara, hərbi insidentlərə imza atır. Nəticədə isə ya danışıqlar baş tutmur, yox əgər danışıqlar baş tutsa da danışıqlar prosesində nəticə etibarilə fundamental, substantiv məsələlər deyil, daha çox ikinci dərəcəli məsələlər diqqətdə saxlanılır. Belə olan vəziyyətdə hər dəfə də işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazisindən çıxarılması deyil, atəşkəsin yenidən bərpası kimi məsələlər daha çox müzakirə predmetinə çevrilir. Təbii ki, bu da Ermənistanın dəfələrlə sınaqdan çıxardığı bir taktikadır. Amma hər halda bu son insident yəni onların helikopter avantürası bu qənaətə gəlməyə əsas verir ki, Ermənistan rəhbərliyi deyəsən olduqca mürəkkəb daxili situasiya ilə üz-üzə qalıb. Paşinyan artıq ona dəstək verən küçənin də etimadını itirməyə başlayıb. Belə olan vəziyyətdə o həm də xəyanətdə ittiham olunur. “Qarabağ klanı”, onun rəhbərliyi, keçmiş prezidentlər – Koçaryan və Sarkisyan onu Ermənistana xəyanətdə ittiham edirlər. Bu vəziyyətdə "Qarabağ kartı" yenidən aktuallaşır və iyun ayının 5-də Paşinyan açıq mətnlə Qarabağ klanını qoşunların təmas xəttində və sərhəddə xəyanətə imza atmağa hazırlaşmaqda ittiham etdi. Bütün bunları nəzərə alsaq hesab edirəm ki, son dövrdə təmas xəttində olan gərginlik Ermənistandakı öz daxili gərginliyin ifadəsidir. Bu reallıqlar fonunda şəxsən Ermənistan diplomatiyası münaqişənin həlli ilə bağlı Vaşinqtonda hər hansı bir pozitiv, konstruktiv addıma imza atacağı ehtimalı kifayət qədər aşağı vəziyyətdədir”.
Onu da əlavə edək ki, ABŞ Ermənistana maliyyə yardımını artırıb.
Konqres Ermənistana ayrılan maliyyə yardımının 40 milyon dollara qədər qaldırılmasını təklif edən düzəlişi təsdiqləyib.
Amerika Erməni Milli Komitəsinin (ANKA) məlumatına görə, 2020-ci fiskal ilində xarici yardım haqqında qanun layihəsinə düzəlişi konqresmen Ceki Spiyer təklif edib.
Nümayəndələr Palatası həmçinin Qarabağda mina təmizləmə proqramları və reabilitasiya xidmətləri üçün 1,5 milyon dollar həcmində yardım ayrılmasını təklif edən düzəlişi də təsdiqləyib. Bu təklifi Konqresdə Tice Koks irəli sürüb.
Qeyd edək ki, Ermənistana ediləcək yardımın 40 milyon dollara qədər qaldırılmasını məhz Spiyer gündəmə gətirib. Onun bu fikrini erməniyönlü konqresmenlər Frenk Pallone və Adam Şif dəstəkləyib.
Spiyer Konqresin Erməni Məsələləri üzrə Komitəsinin həmsədridir. Həm Spiyer, həm də Koks ANKA ilə çox sıx əlaqələrə sahibdirlər. Bu şəxslər bir müddət əvvəl ABŞ-ın Ermənistana yardımlarının 100 milyona çatdırılmasını təklif edən 35 konqresmen arasında yer almışdılar.
Əli