• 2 İyul 2025
logo
Minsk Qrupu “üçlüyü” Sovet “üçlüyünə” çevrilib

Minsk Qrupu “üçlüyü” Sovet “üçlüyünə” çevrilib

BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar oktyabrın 19-da keçirilmiş qapalı iclasında ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayiş etdirdiyi növbəti riyakarlıq aktının təfərrüatları üzə çıxıb.
Deməli, qapalı iclasın yekununda həmsədr ölkələr BMT TŞ-nin prezidenti (rotasiya qaydasına uyğun olaraq, oktyabr ayı ərzində TŞ prezidenti funksiyasını Rusiya yerinə yetirir) adından bəyanat layihəsi hazırlayıblar və prosedura uyğun olaraq razılaşdırıması üçün üzv ölkələrə təqdim ediblər. Və bəlli olub ki, bəyanat layihəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işöal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə, ümumiyyətlə istinad olunmayıb. Halbuki BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri olan hər 3 ölkə -ABŞ, Fransa və Rusiya vaxtilə həmin qətnamələrin lehinə səs veriblər. Amma nəinki BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, hətta öz səslərinə belə hörmət etməyi bacarmayan Minsk Qrupu “üçlüyü” Azərbaycan torpaqlarının işğalı və hazırda davam etməkdə olan hərbi əməliyyatların gerçək mahiyyəti ilə bağlı fundamental hüquqi sənədlərdən yan keçməyə üstünlük veriblər. Əslində BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan hər üç ölkə BMT TŞ-nin qətnamələrinin icrasına, BMT-nin nüfuzunun qorunmasına, dünyada sülhün, əminamanlığın, təhlükəsizliyin təmin olunmasına görə daha çox məsuliyyət daşıdıqları üçün, həm də özünə hörmət edən bütün təşkilatların prosedur qaydalarına uyğun olaraq, TŞ-nin qapalı iclasına qərarların icrasının müzakirəsi və yekun bəyanatın preambula hissəsinə real vəziyyətin təsviri ilə başlamalıydılar. Amma bunun əksini edərək, əsas məsələdən yan keçməyə çalışıblar və Təhlükəsizlik Şurasının digər üzvlərinin də onlar kimi davranacağına ümid bəsləyiblər.
BMT Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv ölkələr -İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin isə bəyanat layihəyəsinə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif ediblər. Həmsədr ölkələr də riyakarlıqlarını və təmsil olunduqları təşkilata, həmçinin özlərinə hörmətsizliklərini davam etdirərək bunun qəbuledilməz olduğunu bildiriblər.
Minsk Qrupu “üçlüyü”nün bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərməsinə baxmayaraq, Qoşulmama Hərəkatı ölkələri prinsipial mövqe nümayiş etdirərək, bəyanat layihəsində TŞ qətnamələrinə istinadın yer almasını təkidlə onların diqqətinə çatdırıblar.
Bütün bunlardan sonra isə həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkiblər.
Xatırladım ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı məsələ BMT Təhlükəsizilik Şurasının iclasında son 25 ildə ilk dəfəydi müzakirəyə çıxarılırdı. Əslində həmsədr ölkələr, yəni artıq Sovet “üçlüyü” kimi heç bir işə yaramayan Minsk Qrupu “üçlüyü” mandatlarına uyğun olaraq, bu illər ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən icra olunmaması faktını dəfələrlə müzakirəyə çıxarmalı, işğalçıya qarşı sanksiyaların qəbul edilməsini israrla tələb etməliydilər.
Minsk Qrupu həmsədrlərinin 15 bənddən ibarət mandatının 11-ci bəndi də, diolayısıyla belə bir mövqenin sərgilənmısini tələb edir. Həmin bənddə deyilir:
“ATƏT-in fəaliyyətdə olan sədri ilə məsləhətləşmələrdən sonra Minsk prosesinin gedişi, yerlərdəki vəziyyətin bütün aspektləri, müvafiq qətnamələrin yerinə yetirilməsi, həmçinin bu məqsədlə ATƏT-lə BMT arasındakı əməkdaşlığın vəziyyəti barədə BMT Təhlükəsizlik Şurası sədrinin məlumatlandırılması;
- Zəruri olduğu təqdirdə və fəaliyyətdə olan sədrlə məsləhətləşmələrdən sonra münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə BMT Təhlükəsizlik Şurasının qəbul edə biləcəyi yeni qətnamələrlə bağlı mülahizə və təkliflərin BMT TŞ-yə təqdim edilməsi”.
Həmsədrlər isə klassik... ənənələrinə uyğun, “atəşkəsə nail olunması”, “danışıqların aparılması”, “münaqişənin sülh yoluyla tənzimlənməsi” kimi şablon, dişsiz, məzmunsuz, işğalçı ilə işğala məruz qalan arasında heç bir fərqin qoyulmadığı çeynənmiş fikirlərdən ibarət bir mətn hazırlamaqla işlərini bitmiş hesab ediblər. Və təbii ki, öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşliyindən də əl çəkə bilməyiblər.
Əslində bu davranış, BMT TŞ-nin qətnamələrinə sayğısız münasibət Minsk Qrupu “üçlüyü”nün gerçək simasını və əsl məqsədini bir daha bütün çılpaqlığı ilə ortaya qoyur. Baş verənlərin bəlkə də özünüifşanın ən rüsvayçı, ən rəzil nümunələrindən biri kimi nə vaxtsa tarix kitablarında yer alacağını, utanc yerinə çevriləcəyini indidən söyləmək olar.
Bütün bunlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində nə üçün yerinə yetirilmədiyinin əsl səbəblərini bir daha aşkara çıxarır və bəlli edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri nəinki qətnamələrin icrasında maraqlı olmayıblar, hətta öz fəaliyyətsizlikləri, həmçinin stimullaşdılrıcı davranışları ilə Ermənistanı işğalı davam etdirməyə ruhlandırıblar.
Bu baxımdan, münaqişənin indiyə qədər həll olunmamasının günahkarı Ermənistan və Minsk Qrupunun həmsədr ölkələridir. Baş verənlər Minsk Qrupunun həmsədrlərinin Azərbaycan cəmiyyətində niyə qıçıq və qəzəb yaratdığını aydın şəkildə izah edir. Azərbaycan cəmiyyəti həmsədrlərdən yorulub, bezib və onların adlarını belə eşitmək istəmir.
Artıq BMT Təhlükəsizlik Şurası beynəlxalq münasibətlər sistemində heç bir önəm kəsb etməyən, geosiyasi maraqların uzlaşdırıldığı alver piştaxtası funksiyasını yerinə yetirən quruma çevrilib. Dünyada Təhlükəsizlik Şurası qədər çağdaş reallıqlara və çağırışlara cavab verməyən, totalitar düşüncənin, avtoritar təzyiq mexanizmlərinin hakimlik etdiyi, feodal təfəkkürü və əxlaqı ilə yürüdülən ikinci bir qurum yoxdur. Təhlükəsizlik Şurası və bütövlükdə BMT daimi üzvlərin bitib-tükənməyən maraqlarının, sonsuz iştahlarının girovuna çevrilib.
Nəyə görə Türkiyə, Pakistan, İndoneziya, Braziliya, Cənubi Afrika kimi beynəlxalq hüquqa sayğı duyan, öz imzalarına, nüfuzlarına hörmət edən, haqqın, ədalətin yanında olan ölkələr TŞ-nin daimi üzvü olmamalıdır? Nəyə görə TŞ-nin daimi üzvləri arasında Afrikadan, Cənubi Amerikadan olan ölkələr yer almayıb? Dünyanın taleyini nə vaxta qədər müstəmləkə keçmişinə malik, neokolonist düşüncəli ölkələr həll etməlidir? Hansı haqla? Geridə buraxdıqları qanlı müharibə cinayətlərinin, soyqırım aktlarının, istismarın, soyğunçuluğun, vandalizmin izləri ilə?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, “dünya 5-dən ibarət deyil” və bu heç bir əsası olmayan reallıq dəyişməlidir
Baş verənlər bir daha sübuta yetirdi ki, Qoşulamama Hərəkatı ölkələri ədaləti, beynəlxalq hüququ dəstəkləməklə Hərəkatın prinsiplərinə, dəyərlərinə sadiqdirlər. Mövqeləri var, imzalarına hörmət edirlər, Minsk Qrupunun həmsədrləri kimi “...üçlük” deyillər. Bu, həm də Qoşulmama Hərəkatının bir daha beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu nümayiş etdirir...
Bu məqamda yaddaşı təzələmək üçün yaxın keçmişdə Qoşulmama Hərəkatı ilə bağlı səslənən bir sıra fikirlərə də diqqət çəkməyi vacib hesab edirəm. Bir vaxtlar bəzi radikal müxalifət təmsilçiləri və onların yan-yörəsində kölgələnənlər hərəkata qoşulmağın Azərbaycanın nəyinə lazım olduğu barədə çoxsaylı və ən müxtəlif interpretasiyalarda suallar səsləndirir, ayrı-ayrı ölkələrə edilən humanitar yardımların heç bir önəm kəsb etmədiyini bildirirdilər. Amma düşünmürdülər ki, Azərbaycan Prezidentinin xarici siyasət xətti ölçülüb-biçilmiş, düşünülmüş, uzunmüddətli hədəflərə hesablanıb. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama, etimada görə Qoşulmama Hərəkatının sədri seçilib.
Məhz bu uzaqgörən siyasət nəticəsində Prezident İlham ƏIiyev Qoşulmama Hərəkatı ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdiyi zaman dünyanın 130-dan çox ölkəsi onun təşəbbüsü dəstəklədi. Azərbaycan yalnız COVİD-19 pandemiyası ilə bağlı 30-dan çox ölkəyə maliyyə və humanitar yardımlar göstərdi, addım-addım, pillə-pillə strateji hədəflərinə doğru irəlilədi və nəticəsi də göz qabağındadır. Düşünürəm ki, Prezident İlham Əliyevin “biz nəyi necə və nə vaxt etməyi bilirik” deyimi yaxın keçmişdən bir addım irəlini görməyi bacarmayanlar üçün ən tutarlı cavabdır.
BMT Təhlükəszilik Şurasında ədalətsiz bəyanatın qəbul edilməməsi, Qoşulmama Hərəkatına üzv ölkələrin dəstəyi isə, mübaliğəsiz olaraq Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.
Əks təqdirdə “üçlüyün” ümidinə qalacaqdıq...