• 21 Aprel 2021
logo
Nazir: "Ermənistan Moskva danışıqlarında əlavə təhlükəsizlik qarantiyaları istəyirdi"

Nazir: "Ermənistan Moskva danışıqlarında əlavə təhlükəsizlik qarantiyaları istəyirdi"

“Döyüş meydanında əldə etdiyimiz qələbələr bizə siyasi-diplomatik müstəvidə üstünlüklər verməkdədir”.

Bunu bu gün keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, Moskvada imzalanan sənəddə Ermənistan humanitar atəşkəsə məcbur edilib: “Eyni zamanda münaqişənin baza prinsipləri də sənəddə əksini tapıb. Çox qısa müddətdə baza prinsipləri əsasında Ermənistan substansiv danışıqların aparılmasını üzərinə götürüb. Ermənistan bundan əvvəl həmin prinsipləri rədd etmişdi. Son günlər döyüş meydanında olan uğurlar imkan verdi ki, Ermənistan bu şərti qəbul etsin”.

Xarici İşlər naziri qeyd edib ki, Ermənistan bundan əvvəl 7 şərt də irəli sürmüşdü: “Bunlardan biri də danışıqlar prosesində Azərbaycanın Ermənistanla deyil, qondarma qurumla danışıqların aparılması iddiası idi. Yenə də Moskvada imzalanan sənəddə Ermənistan məcbur edildi ki, danışıqlar prosesinin formatının dəyişməz qaldığı təsdiqləsin”.

C. Bayramov nəzərə çatdırıb ki, Moskva danışıqlarında Ermənistan əlavə təhlükəsizlik qarantiyaları istəyirdi: “Onların əsas iddiası o idi ki, baza şərtləri qoyursunuz, ancaq siz bizə güc tətbiq edirsiniz. Danışıqlarda nəzərə çatdırıldı ki, Ermənistan beynəlxalq hüquqdan danışmaq haqqını itirib, Azərbaycanın 20 faizdən çox torpağını işğal edib, 1 milyondan çox insanı məcburi köçkün vəziyyətinə salıb. Sənəddə atəşkəsin tərəflər arasında razılaşdırılması əksini tapıb. Ermənistan danışıqlarda üçüncü qüvvələr vasitəsi ilə atəşkəsin təmin olunmasını istəyirdi. Bu, qəbul edilmədi, çünki Ermənistan status-kvonun qorunması üçün bundan istifadə edəcək. Yalnız işğal olunmuş ərazilərdən Ermənistan qoşunları çıxarıldıqdan sonra bu məsələyə baxa bilər. Baza prinsipləri mərhələli şəkildə Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını özünə ehtiva edir. Bu, 5 rayon, daha sonra 2 rayondan Ermənistan qoşunlarının çıxarılması, Dağlıq Qarabağa azərbaycanlıların qaytarılması kimi də ola bilər”.