• 18 Aprel 2024
logo
Şəhla Əhmədova: “Torpağımıza, bayrağımıza sahib çıxmalı olduğumuz kimi, dilimizə, sözlərimizə də sahib çıxmalıyıq”

Şəhla Əhmədova: “Torpağımıza, bayrağımıza sahib çıxmalı olduğumuz kimi, dilimizə, sözlərimizə də sahib çıxmalıyıq”

“ilkxəbər”in bugünkü qonağı Bakı Slavyan Universiteti Müasir Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Əhmədovadır. Onunla ədəbi dilin müasir dövrdəki vəziyyəti, inkişafı və inkişafına mane olan, onun düzgün istiqamətdə getməsini əngəlləyən səbəblər, dilçilik məsələləri, lüğətçilik və lüğətlər barədə danışdıq.
– Ədəbi dilin müasir dövrdəki vəziyyəti, inkişafı sizi qane edirmi? Ədəbi dilin inkişafına mane olan, onun düzgün istiqamətdə getməsini əngəlləyən səbəblər nədir və onları necə aradan qaldırmaq olar?

– Bu sual mənə əziz müəllimimiz Tofiq Hacıyevin bir fikrini xatırlatdı. Ədəbi dil tarixindən, onun mərhələlərindən danışarkən o belə deyirdi: “Füzulinin zamanında yüksək səviyyəli, ali mədəniyyət sahibi cəmiyyət var idi”. Normalara əsaslanan ədəbi dili şərtləndirən cəmiyyətdir. Ədəbi dil mövcud cəmiyyətin aynasıdır. Təhsili bərbad, KİV-i, xüsusən televiziyası toy bazarına xidmət edən, mədəniyyəti Üzeyirdən üzeyirə eniş edən bir cəmiyyətin ədəbi dili necə ola bilər? Müstəqilliyimizi əldə etdiyimiz bir qərinəyə yaxın vaxtdır, biz hələ də təhsil dilini müzakirə edirik, özü də bilərəkdənmi, bilməyərəkdənmi ana dili uğrunda mübarizə “başqa dilləri öyrənmək lazım deyil” kimi anlaşılır, halbuki ən ucqar kənd məktəbini bitirmiş, bu dildə bir kəlmə də bilməyən tələbə də rus dilini öyrənməyi lazım bilir. Burada söhbət dil öyrənməkdən, bilməkdən deyil, təhsilin, milli məktəblərin vəziyyətindən gedir. “Bizim hələ milli təhsil konsepsiyamız yoxdur “ – son vaxtlar eşitdiym ən ürəkağrıdıcı bəyanatdır. Yalnız təhsil, KİV, mədəniyyət s. sahələrdə köklü islahatlar ədəbi dilə güclü təsir edə bilər. T.Hacıyevin dediyi “yüksək səviyyəli, ali mədəniyyət sahibi cəmiyyət” ailədən, uşaq bağçasından, ibtidai sinifdən, orta məktəbdən başlayır.

– Müasir dilçiliyin hazırkı vəziyyəti haqqında nə düşünürsünüz? Azərbaycan dilçiliyini 50 il, 100 il əvvəlki dilçilik elmi ilə müqayisə etsək, hansı nəticəyə gələ bilərik? Sizcə, hansı dövrü dilçiliyimizin “qızıl dövrü” hesab etmək olar?

– Dilçiliyimizin hazırkı vəziyyəti göz qabağlndadır. Görünən dağa bələdçi lazım deyil. Deyəsən, dilçiliyimizin qızıl dövrü elə bizim dərs aldığımız müəllimlərin yaşadığı dövrdür. Biz Səlim Cəfərovun, Muxtar Hüseynzadənin son illərinin şahidi olduq. Onları görmək, səslərini eşitmək özü bir məktəb idi. Əlövsət Abdullayev, Ağamusa Axundov, Musa Adilov, Fərhad Zeynalov elmi yaradıcılıqlarının çiçəklənmə dövrünü yaşayırdılar. Əlövsət müəllim heç vaxt xitabət kürsüsü arxasından mühazirə deməzdi, həmişə auditoriyanın içində olardı. Onun dərsləri ikitərəfli hərəkət idi, müasir dillə desək, “beyin həmləsi” edir, cavabı tələbələrdən almağa çalışırdı. İndi kurikulumu bizə xaricdən gətiriblər deyirlər, mən düşünürəm ki, o fəal təlim metodlarını biz elə o zaman görmüşük. Türkiyədə konfranslarda olarkən mən Əlövsət Abdullayevin sintaksis sahəsində fundamental araşdırmaları ilə türk bilim adamlarının yaxından tanış olduğunun şahidi olmuşam. Eləcə də Ağamusa Axundovun fonetika, Tofiq Hacıyevin dil tarixi, Fərhad Zeynalovun türkologiya sahəsində araşdırmaları türk dünyasında tanınır və qəbul edilirdi. Həmin dövrdə başda M.Şirəliyev olmaqla Akademiyanın Dilçilik İnstitutunda fəaliyyət göstərən alimləri, Pedaqoji Universitetdən Ə.Dəmirçizadəni, A. Qurbanovu da unutmaq olmaz. “Qızıl dövr”ün nümayəndələrindən Samət Əlizadənin, Kamil Vəliyevin, Firidun Cəlilovun adını çəkə bilərəm. Dilçilik tariximizdə elə dilçilər vardır ki, elə tək ona görə yaşadığı dövrü “qızıl dövr” adlandırmaq olar. 1937-ci ildə repressiyaya uğramış Bəkir Çobanzadə dilçiliyimizə bir ordu qədər xidmət göstərmişdir. Ə.Dəmirçizadə, M.Hüseynzadə, M.Şirəliyev məhz onun məktəbinin yetirmələridir. Müasir dilçilərimizdən, ilk növbədə, Qəzənfər Kazımov yada düşür. Xalqın akademik hesab etdiyi dilçimizə rəsmi olaraq o adın verilməsi AMEA-nı şərəfləndirə bilər.

– Dilimizin saflığı uğrunda aparılan mübarizəni səmərəli hesab edirsinizmi? Sizcə, bu mübarizə hansı istiqamətdə, necə aparılmalıdır?

– Son dövrlərdə dövlət dili haqqında çox sayda rəsmi sənədin qəbul olunması bu məsələnin ən yüksək səviyyədə diqqət mərkəzində olduğundan xəbər verir. Amma dediyiniz mübarizənin nəticələri az nəzərə çarpır. Səbəbi icra və nəzarət mexanizminin olmamasındadır. Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin fəaliyyətindən çox şey gözləyirik. Ümid edirik bu qurum işini öz sələfindən daha səmərəli qurmağa çalışacaq. Yaxın keçmişdə aparılan monitorinq yaddaşımızda “dövlət [do:lət] tələffüz olunmalıdır” kimi göstərişi ilə xoşagəlməz iz qoyub. Bu monitorinq zamanı məsul şəxslərin, ali mənsəb sahiblərinin, məmurların deyil, müğənnilərin nitqinin hədəfə alınmasını da unutmamışıq. O ərəfədə mən bir təqdimatda həmin müğənni xanımların möhtəşəm ifalarını dinləmişdim. “Allah”, “Tanrı”, “Xuda” sözlərinin işləndiyinə görə qadağan edilmiş, az qala unudulmuş xalq mahnılarının toplanıb nəşr olunması ilə bağlı keçirilən bu təqdimatda bir daha monitorinqin təəssüfedici gedişatını xatırladım. Bu müğənni xanımlar “siz nə vaxt orfoepiya lüğəti yazdınız, biz düzgün tələffüz etmədik” desələr, tam haqlı olarlar. İsmayıl Şıxlının bir qəhrəmanı demişkən, “elə iş var, onun üçün adamı danlayarlar, elə iş var, onun üçün adamı damlayarlar”. Dil haqqında verilişdə “nujelni” sözünü işlədən millət vəkilinə dözümlülük nümayiş etdirib xalq mahnısında yol verilən əyalət tələffüzünü qabartmaq arzuolunmaz yanaşmadır. Məncə, Monitoriq Mərkəzi ictimaiyyətlə əlaqədə fəaliyyət göstərməlidir, ictimaiyyətin qüvvəsindən istifadə etməlidir. Qeyri-hökumət təşkilatı olan Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin (FADMM ) təcrübəsi göstərdi ki, monitorinq yalnız nəzarət deyil, həm də əməkdir, zəhmətdir, yeri gələndə küçəbəküçə dolaşıb dilimizə zərbə vuranları aşkar etməkdir, televiziya kanallarını, saytları, filmlərin dublyajını araşdırmaqdır. Dilin qorunması sahəsində FADMM-ın fəaliyyəti təqdirəlayiqdir. Reklamlarda, lövhələrdə ədəbi dil normalarının pozulmasını görən də, bu haqda yazan, danışan da çox olmuşdur. Qeyd edim ki, müntəzəm olaraq biz tələbələri, magistrantları ədəbi dil normalarının pozulmasını aşkar etmək işinə cəlb etmişik, tələbələr bu mövzuda sərbəst işlər yerinə yetirmişlər. BSU-da dəyirmi masa da keçirilmişdir. FADMM bu işi daha mütəşəkkil təşkil edə bilmiş, dil uğrunda mübarizəyə daha geniş təbəqəni əhatə etməyə nail olmuş, mövcud nöqsanlara ən yüksək səviyyədə diqqət cəlb edə bilmişdir. FADMM-in bu fəaliyyəti bəzən dil məsələsi çərçivəsindən çıxır, mənəviyyat, əxlaq məsələsi kimi təzahür edir. Şəhərimizdə “Qırmızı fənərlər küçəsi”nin mövcudluğu məndə utanc və hiddət hissi oyatdı. Nə yaxşı ki, laqeyd olmayan vətəndaşlarımız var deyə düşünürəm.

– FADMM həyatımızın müxtəlif sahələrdə baş verən orfoqrafik, orfoepik, qrammatik və üslubi və s. pozuntuları müşahidə edir, faktları yığır və cəmiyyəti xəbərdar edir. Sizcə, bu mübarizə öz nəticələrini verəcəkmi?

– Artıq öz nəticəsini verir, deyək. FADMM-in orfoepiya sahəsində də müəyyən işlər görəcəyinə ümid edirik. Bu gün orfoepiya haqqında çox danışılır. Şifahi nitqimizi çulğayan yanlış tələffüzün fəsadları artıq dözülməz olmuşdur. Amma bu bəladan yalnız danışmaqla, tənqid etməklə qurtulmaq mümkün deyil. Görkəmli alimimiz, unudulmaz müəllimimiz Ağamusa Axundov Azərbaycan dilinin fonemlər sistemini araşdırarkən fonetikaya təcrübi sahə kimi yanaşmış, hər bir səsi səciyyələndirərkən ossilloqram, kimoqram, rentgen, foto kimi texniki vasitələrə istinad etmişdir. Bu günün fonetistləri bu ənənəni davam etdirməlidirlər. Bu, əlbəttə, elmi müəssisələrin işidir, ictimai təşkilatın buna gücü çatmaz, ancaq bir fonoteka, səs bankı yaratmaq imkan daxilindədir. FADMM-çilərın işgüzarlığını, təmənnasızlığını, hətta fədakarlığını nəzərə alsaq, bu işin öhdəsindən gələcəyinə inanıram. İlk mərhələdə nümunəvi nitqi olan ziyalıların səs yazılarını sistemli şəkildə toplamaq, yanlış tələffüz nümayiş etdirənlərin diqqətinə çatdırmaq olar. Bu səs yazılarını sosial şəbəkələrdə təbliğ etmək olar. Eksperimentə virtual dərslər zamanı fərqlənən müəllimlərimizi, orta yaşlı diktorlarımızı və ziyalılarımızı cəlb etmək olar.

– Dil və yazar, dil və ziyalı – bu məfhumlar bir-birinə nə qədər bağlıdır? Zaman-zaman bəzi yazıçılar öz əsərlərində söz yaradıcılığı ilə məşğul olaraq yeni sözlər yaratmış və lüğət fondumuzu zənginləşdirmişlər. Sizcə, nədən bu təşəbbüs həmişə uğurlu ola bilmir?

– Dili yaradan onun daşıyıcılarıdır, hamımızıq. Dilin inkişafında, zənginləşnəsində qələm əhlinin rolu böyükdür. Məhz bədii, publisistik əsərlər vasitəsilə köhnəlmiş sözlər və ya neologizmlər daha geniş auditoriyaya çatır, xalqın malı olur, hətta okkazionalizmlər də bəzən qısa müddətdə ümumişlək sözlərə çevrilir. Yeri gəlmişkən deyim ki, burada lüğətçilərin rolu düşünüldüyü qədər böyük deyil. Tez-tez “lüğətçilər bu sözü uydurublar, yeni söz yaradıblar” kimi fikirlər səslənir. Ancaq orfoqrafiya və izahlı lüğət tərtibçisinin özündən söz uydurmaq hüququ yoxdur (tərcümə lüğətlərində vəziyyət başqadır). Özünə hörmət edən lüğətçi heç vaxt rast gəlmədiyi, mənbə ilə təsdiqlənməmiş sözü lüğətdə verməz. Lüğətçinin xidməti bildiyini yox, bulduğunu yazmaqdır. Bədii ədəbiyyatda izini saxlamış köhnəlmiş sözləri üzə çıxarmaq, dilə gələn yeni sözləri qeydə almaq lüğətçinin birbaşa vəzifəsidir, borcudur. Bəzən öz işini görən lüğətçi haqlı-haqsız tənqidə məruz qalır.

Qeyd etdiyiniz kimi, zaman-zaman yazıçılar söz yaradıcılığı ilə məşğul olmuş, yeni sözlər yaratmışlar. R.Rzanın yaradıcılığında belə okkazionalizmlər daha çox olmuşdur. Onlardan bəzisi (məsələn, dözüm) dilin lüğət tərkibinə, hətta lüğət fonduna daxil olmuş, bir başqası (məsələn, zamandaş) qəbul edilməişdir. Nəyə görə bəzən uğurlu olmur sualının cavabı həyatın özündədir: həyatda heç də hər cəhd uğurlu olmur. Mən başqa sual üzərində düşünməyi təklif edərdim, niyə uğurlu sözlər dildə özünə yer tapmır? Məsələn, soyuducu və xolodilnik – hər iki söz 4 hecalıdır. Soyuducu dilimizin qanunauyğunluqları əsasında yaranan milli sözdür. İşlətməməyimizin səbəbi dildə deyil, dilxarici amillərdədir. Torpağımıza, bayrağımıza sahib çıxmalı olduğumuz kimi, dilimizə, sözlərimizə də sahib çıxmalıyıq. İbtidai sinifdən bu sözləri işlətməyi, varvarizmlərdən qaçmağı şagirdlərə təlqin etməliyik. Bura yalnız milli mənşəli sözlər deyil, vaxtilə dilimizə keçmiş və vətəndaşlıq hüququ qazanmış alınma sözlər də daxildir: qələm, kibrit, dəhliz, mətbəx və s. Yeri gəlmişkən deyim ki, mətbəx sözü “Kitabi- Dədə Qorqud”un dilində də işlənmişdir.