• 21 Oktyabr 2020
logo
Bolşeviklərin “demokrat” varisləri

Bolşeviklərin “demokrat” varisləri

Hər dəfə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları intensiv xarakter alanda, cəbhə xəttində vəziyyət gərginləşəndə radikal müxalifətin ənənəvi simaları, “beşinci kolon”un klassik təmsilçiləri və antimlli şəbəkənin xaricdəki tör-töküntüləri işğalçı ölkə ilə eyni mövqedən çıxış edir və anti-Azərbaycan ritorikasını bacardıqları qədər gücləndirirlər.
Eyni üslub, eyni yanaşma bu gün də özünü qabarıq şəkildə büruzə verməkdədir. Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyi bir zaman kəsiyində bəlli düşərgənin və zümrənin təmsilçiləri prosesin mahiyyətini bəzən təhrif olunmuş, bəzən isə uydurma detalların arxasında gizlətməyə, taleyüklü məsələlər ətrafında qeyri-ciddi fon yaratmağa çalışırlar.
Bir müddət öncə neftin qiymətinin aşağı düşməsi fonunda ölkə iqtisadiyyatının zərər görəcəyi, sosial layihələrin icrasında problemlərin yarana biləcəyi, yaxud COVİD-19 pandemiyasının daha çox can alacağı ehtimallarına sevinənlər, insanların təsəvvürlərində canladırdıqları “qara gün”ünə toy-bayram edənlər, indi də guya vətəndaşların maraqlarından çıxış etdiklərini görüntüləməyə cəhd göstərir, əslində isə xalqın orduya olan inamını sarsıtmaq məqsədi güdürlər. Bütün bunlar vaxtilə bolşeviklərin Birinci Dünya Müharibəsi zamanı tutduqları mövqe ilə eynilik təşkil edir vəbolşevizmin daha aqressiv təzahürü təsirini bağışlayır.
Faktlara müraciət edək:
Rusiyanın Birinci Dünya Müharibəsinin ağır şərtləri altında əzildiyi bir zamanda, 1915-ci il iyulun 26-da, Cenevrədə II Vilhelmin bolşeviklərə Almaniyanın nüfuz agenti Aleksandr Gelfand-Parvus vasitəsilə ötürdüyü pulların hesabına çıxan “Sosial-demokrat” qəzetində Lenin yazırdı: “İnqilabçı sinif heç zaman öz hökumətinin müharibədə qalib gəlməsini istəyə bilməz. Bu aksiomdur... Öz hökimətinə müharibədə məğlubiyyət arzulamadan ona qarşı nifrət yarada bilməzsən. Öz hökumətinə qarşı nifrət hissi oyatmadan isə sinfi cəmiyyətin birüzlü əleyhdarı olmaq mümkün deyil”.
Qeyd edim ki, Rusiya Birinci Dünya Müharibəsində 1,7 milyon nəfər itirmişdi, amma bolşeviklərin “öz hökumətinə qarşı nifrət strategiyası” nəticəsində başlanan inqilab və vətəndaş müharibəsi 25 milyon insanın həyatına son qoydu...

Bu gün Azərbaycanda bolşeviklərin vaxtilə sərgilədikləri mövqeni təkrarlayan, üzdə “demokrat”, mahiyyət etibarilə isə neobolşevik olanlar işğalçı Ermənistanın hərbi təxribatlarıyla qarşı-qarşıya qalan bir ölkənin hökümətini “siyasi məqsədlər üçün Qarabağ kartından istifadə etməkdə” suçlayırlar. Hərbi əməliyyatlarda istifadəsi mümkün olan nəqliyyat vasitələrinin qeydiyyatı prossesini lağlağı və tənqid obyektinə çevirməklə vətəndaşlarda dövlətə, orduya inamsızlıq hissi yaradırlar. Guya “vətəndaşların avtomobillərinin qeydiyyatı mülkiyyət hüququnu pozur”, yaxud “məmur övladları ölkədən qaçır” və s.Təəssüf ki, belə ürəkbulandıran nümunələrin sayını artırmaq da mümkündür.
Məqsəd isə eynidir, istər daxildən, istərsə də xaricdən su bulandıranların yeganə niyyəti ölkədə məğlubiyyət əhval-ruhiyyəsi yaratmaq, ictimai rəyə təslimçilik aşılamaq, insanları ruhdan, ordunu gözdən salmaqdır.
Başqa “nümunə”lərə müraciət edək...
Məsələn, Orduxan Temirxan adlı söyüş terminatoru belə yazır: “...indi pick-up larınızı əlinizdən alırlar, bəlkə indi ayılasınız?!” və təbii ki, sözlərin arasında arsiz gülüşünü ifadə edən smayl işarəsi qoymağı da unutmur. Və yaxud adını təkrar yazıb şərəfə mindirmək istəmədiyim alaq O.T-undan geri qalmayan Məhəmməd Mirzəli adlı yalan və böhtan genaratoru belə donquldanır: “...Müdafiə nazirliyinin qeyri-peşəkar hazırladığı Qurgen Alaverdiyan oyunu ifşa olundu...Əsirin üzərində heç bir silah olmamasına baxmayaraq, müdafiə nazirliyi bir gün sonra adamın üzərindən bir orduya yetəcək qədər silah-sursat çıxarmışdı. Qurgen kamera önünə çıxarılaraq DTX-nin öncədən hazırladığı ssenarini kamera önündə oynamışdı”.
Qeyd edim ki, Məhəmməd Mirzəlinin Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan haqqında dedikləri erməni mediasının iddiaları ilə tamamilə eynilik təşkil edir. Sanki mətni erməni dilindən tərcümə edib Məhəmməd Mirzəliyə ötürüblər.

Bu arada bir məqama da xüsusi diqqət çəkmək istəyirəm: Bir müddət öncə xalqın təpkisindən çəkinərək sözdə “hərbi əməliyyatlar zamanı müxalifətçilikdən imtina” tipli mesajlar verən bəzi partiya liderlərinin yaxın ətrafı və tərəfdaşları tamamilə fərqli çıxış edir və təbliğat aparırlar: “Azərbaycanın gənc övladları hakimiyyətin siyasi maraqlarının planlarına qurban gedir”... – Bu cümlənin müəllifi Suren Haykyan deyil, ermənilərin Tovuz təxribatından sonra “hərbi əməliyyatlar zamanı müxalifətçilikdən imtina” etdiyini bəyan edən Əli Kərimlinin müavini Seymur Həzidir...
Elə aşağıda nümunə gətirəcəyim paylaşımların müəllifləri də surenlər, aşotlar, vazgenlər, siranuşlar yox, artıq sapı da özgələrdən olan baltalardır:
- “Müharibə olsa, mən bu hakimiyyətlə müharibəyə gedən deyiləm”;
- “Torpaqlarımızı qaytarmaq deyil övladlarımızı qırdırmaqdı bunların niyyəti..”
- “… Bu rejimlə müharibə etmək düz gəlmir”...
Həbsxananı əsgərlikdən üstün tutduğunu açıq-aşkar bəyan edən, hərbi xidmətdən yayındığı üçün fərari kimi həbs cəzası alan Bəxtiyar Hacıyev isə dilini dincə qoyub susmaq əvəzinə, hansısa “məmur oğlunun səfərbərlik söhbəti çıxan kimi ölkədən qaçdığını” yazır. Yəni... sözün bitdiyi yer.
Qeyd etdiyim məqamlar, gətirdiyim iqtibaslar sübuta yetirir ki, bütün bunlar ayrı-ayrı şəxslərin təsəbbüsü yox, xalqda dövlətə, hakimiyyətə və orduya inamsızlıq yaratmaq üçün həyata keçirilən planlı fəaliyyətdir.
Bütün bunlar mənə əliheydər qarayevlərin, səmədağa ağaoğluların XX əsrin 20-ci illərində irəli sürdükləri iddiaları xatırladır.
Həmin dövrdə Əliheydər Qarayev və onun kimi digər Vətən xainləriQars, Zəngəzur və Qarabağda fəallaşan erməni separatçılarına hökumətin silahlı müdaxilə etməsini qətiyyətlə tələb etmək əvəzinə hakimiyyətin təhvil verilməsinəçağırışlar edir, Zəngəzur və Qarabağda ermənilərin separatçı hərəkətlərinə son qoyacaq yeganə qüvvənin bolşevik Rusiyası olduğunu bildirirdilər.
Əliheydər Qarayevin bu bədnam fikirlərinə qarşı kəskin mövqe sərgiləyən Məhəmməd Əmin Rəsulzadə isə deyirdi: “Əfəndilər! Burada müəyyən bir məsələ var. O məsələ budur ki, Qarabağda Azərbaycanın istiqlal və hürriyyətinin düşməni olan bir ünsür tərəfindən fəsad və üsyan qaldırılmışdır. Bu fəsad qarşısında hökumət və bütün məmləkət əmri vaqe qarşısında bulunaraq mübarizə edir. Burada digər bir sui-qəsdin şəriki Qarabağda deyil, Bakının özündə, Azərbaycanın mərkəzində böyük bir üsyan qaldırmaqda iştirak edən birisi, bir asi burada deyir ki, nə qədər siz biz asilər ilə üzləşməmisiniz, Qarabağ asiləri ilə mübarizə edə bilməyəcəksiniz.Üsyanı yatırmaq üçün hökumətin, ümuri-idarəni biz asilərin əlinə verməlisiniz. Əfəndilər! Üsyana çığıranın adı Əliheydərmi olsun, ya Vartazarmı olsun, nə fərq edər? İkisi də asidir. Qarabağdamı və Bakıdamı çıxışda bulunsun, ikisi də birdir”.
Düz 100 il öncə deyilib bu sözlər, amma bolşeviklərin bugünkü varislərinin gerçək mahiyyətini olduğu kimi ifadə edir. Zaman dəyişir, amma əliheydər qarayevlərin mahiyyəti dəyişmir.
Dəyişən isə çağdaş Azərbaycan Respublikasının inkişafını, yüksəlişini təmin edən amillər – Güc, inam, etimad, xalqın, dövlətin, ordunun birliyi, bütövlüyüdür! Qələbəyə olan inamımız da bu gücdən və birlikdən qaynaqlanır!

Elçin Mirzəbəyli
Əməkdar jurnalist, “Xalq cəbhəsi” qəzetinin Baş redaktoru