• 27 Oktyabr 2020
logo
“Hərbi təxribatlar Paşinyanın sonunu gətirəcək”-QHT sədri

“Hərbi təxribatlar Paşinyanın sonunu gətirəcək”-QHT sədri

Dağlıq Qarabağ ərtafında vəziyyət gərginləşib. Buna səbəb işğalçı Ermənistanın apardığı təxribatçı siyasətdir.

Azərbaycan Prezidenti İlham Əliyev yerli mediaya son müsahibəsində rəsmi Bakının imitasiya xarakterli danışıqlardan imtina edəcəyini, Ermənistanın müharibəyə hazırlaşdığını bildirib. Artıq müharibənin astanasındayıq.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, vəziyyət kifayət qədər ciddidir və Azərbaycan cəmiyyəti hər an müharibəyə hazır olmalıdır:

“Çox hiyləgər siyasət aparan işğalçı bir qonşu ilə üz-üzə qalmışıq. Ermənistanın işğalçı siyasət baş verməsəydi, Azərbaycan və bütövlükdə Qafqaz bölgəsi 30 ildə böyük inkişaf yolu keçərdi. Lakin Ermənistanın şovinist rəhbərliyi işğal siyasətindən əl çəkmədi. 2018-ci ilin mayında inqilab yolu ilə hakimiyyətə gəlmiş Nikol Paşinyana Qərbdə böyük ümidlər vardı. Azərbaycanda da hesab edirdilər ki, “demokrat” baş nazir artıq şovinist siyasətin zərərini anlayacaq, Serj Sarkisyan-Robert Köçəryan cütlüyünün işğalçı kursundan imtina edəcək. Lakin belə olmadı. Daxildə Qarabağı işğal etmiş Sarkisyan-Köçəryan klanının təzyiqlərindən çəkinən, demokratik cəmiyyət quruculuğu siyasətini uğurla apara, xalqı iqtisadi fəalkətdən çıxara bilməyən Paşinyan hakimiyyəti köhnə kursa qayıtdı”.

QHT sədri hesab edir ki, Paşinyanın əsas məqsədi erməni cəmiyyətindəki “müharibə partiyası”nın könlünü almaqdır:

“”Yeni müharibə və yeni ərazilər” siyasəti də baş nazirin bu niyyətindən xəbər verirdi. Lakin inqilab lideri buna nail ola bilmədi. Bir neçə günlük iyul savaşı Paşinyanın xam xəyalalra düşdüyünü göstərdi. Ermənistan rəhbərliyi diplomatik kanallarla rəsmi Bakıya minnətçi düşdü. Nikol Paşinyan Düşənbədə prezident İlham Əliyevdən xahiş edərək möhlət istədi. Ancaq cəbhədə ermənilərin hərbi təxribatları bitmədi. Bu, onu göstərir ki, Ermənistanın hazırki rəhbərliyi sülhə hazır deyil. Paşinyan qeyri-sabit və hiyləgər siyasətlə hakimiyyətinin ömrünü uzatmaq, daxildəki rəqiblərini zərərsizləşdirmək istəyir.

Lakin Azərbaycan münaqişənin həllində qətiyyətlidir. Bizim kiminsə torpağında gözümüz yoxdur. Biz yalnız işğal altındakı torpaqlarımızın azad olunmasını istəyirik. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi var. Bu sənədlərdə qeyd-şərtsiz işğal altında olan rayonların azad edilməsini tələb olunur. Azərbaycan bu sənədlərin həyata keçməsini tələb edir. Münaqişənin həllində vasitəçiliyi boynuna götürmüş ATƏT-in Minsk Qrupu da işinin öhdəsindən gələ bilmir.

Sülh danışıqları dalana dirənib, vasitəçilər işinin öhdəsindən gələ, işğalçıya “dur” deyə bilmir. Ermənilər Azərbaycanın yeni torpaqlarını işğal etmək üçün plan hazırlayır, Suriya və digər ölkələrdən muzdluları, o cümlədən PKK terrorçularını bölgəyə yığırlar. Bu halda Azərbaycan yeganə yolu qalır: nəzarətsiz qalmış Dağlıq Qarabağ və ətraf rayonlarda anti-terror əməliyyat aparmaqla işğala son qoymaq.

Azərbaycan ordusunun hərbi qüdrəti hər kəsə bəllidir. Ordumuzun qısa müddətli uğurlu əməliyyatı Ermənistanın ordusunu məhvi ilə nəticələnəcək. Bu isə İrəvanda böyük etirazlara səbəb olacaq, xəyalpərəst “demokrat” baş nazirin “taxtından salınması” ilə nəticələnəcək. Çünki iqtisadi səfalət yaşayan erməni cəmiyyəti Paşinyanın üstəlik hərbi uğursuzluğuna dözməyəcək”.