• 27 Aprel 2024
logo
“Tibbin, virusologiyanın öz məntiqi var”

“Tibbin, virusologiyanın öz məntiqi var”

Elçin Mirzəbəyli: “İnsan orqanizmi ilə bağlı olan məsələlərə siyasətşi, jurnalist, yaxud məzhəkəçi məntiqi ilə yanaşmaq olmaz”

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Operativ Qərargahın son qərarları ətrafında aparılan müzakirələr münasibət bildirib. Elçin Mirzəbəylinin müsahibəsini oxucularımıza təqdim edirik.

- Elçin bəy, məlum olduğu kimi Operativ Qərargah, bir sıra istiqamətlərdə xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı qərarlarını açıqlayıb. SMS icazələr və bəzi digər məhdudiyyətlər ləğv edilib, həmçinin çimərliklərdən istifadəyə icazə verilib. Təbii ki, hər zaman olduğu kimi bu qərarlar da sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Xüsusulə də çimərliklərdən istifadə ilə bağlı qərar... Yəqin ki, məlumatlısınız.

- Məlumatlıyam, təbii ki... Bəzi istifadəçilər bütün yaradıcı potensiallarını işə salıb Operativ Qərargahın qərarları ətrafında qeyri-ciddi bir aura yaratmağa çalışırlar. İroniyanı, sarkazmı mən də sevirəm. Amma hesab edirəm ki, insanların həyatları, sağlamlıqları üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə daha ciddi yanaşmaq lazımdır. Çünki son nəticədə bu müzakirələrin təsiri altına düşən bəzi insanlarda COVİD-19 virusundan qorunmaq üçün müstəsna əhəmiyyət daşıyan qaydaların özünə belə qeyri-ciddi bir münasibət formalaşır.
İnsan sosial varlıqdır və onun qadağalardan, məhdudiyyətlərdən xoşlanmaması, alışdığı, sevdiyi həyat tərzinə qayıtmaq istəyi, təhlükənin tez bir zamanda sovuşmasını arzulaması təbii qəbul olunmalıdır. Bu qərarlar, hətta onları qəbul edənlərin də ürəyincə deyil. Onlar da bizlərdən biridir və çox yaxşı başa düşürlər ki, hər kəs COVİD-19-dan öncəki həyatın geri qayıtmasını, yaxınlarıyla, doğmalarıyla, dostlarıyla birlikdə vaxt keçirməyi, sevimli işi ilə məşğul olmağı, əylənməyi, şənliklərdə iştirak etməyi, istədiyi vaxtda istədiyi yerə getməyi, səyahət etməyi arzulayır. Amma bu, təəssüf ki, hələlik mümkün deyil. Dövlət vətəndaşların həyatını, sağlamlıqlarını qorumaq üçün populyar olmayan qərarlar qəbul etmək məcburiyyətindədir. Operativ Qərargahın verdiyi qərarlar məcburiyyətdən doğan qərarlardır. Bu qərarlar zəruri olduğuna, həyati əhəmiyyət kəsb etdiyinə görə verilir. İqtisadi fəallığın artması, ilk növbədə dövlətin, hökumətin marağlndadır. Çünki bu eyni zamanda dövlətin gəlirlərinin artması deməkdir.
COVİD-19 uzun illərdən bəri tandığım, ünsiyyətdə olduğum, sevdiyim, həyat eşqi aşıb-daşan, mənə doğma olan gənc insanların həyatına son qoyub. Mən onların ailə üzvlərinin, doğmalarının, yaxınlarının necə əzab çəkdiklərini, sarsıldıqlarını gördükdən sonra uzun müddət özümə gələ bilməmişəm. Hər bir insanın ölümü onun doğmaları, yaxınları, dostları üçün böyük bir faciədir. COVİD-19-un gətirdiyi ölüm isə daha ağır, daha dəhşətli faciədir. İnsan əzizinin, doğmasının, dostunun bir vurus səbəbindən həyatını itirməsini heç cür qəbul edə bilmir. Bu ölümlə barışmaq mümkün deyil. Bu ölümün təsəllisi yoxdur. Daha öncə qeyd etmişdim, insan sosial varlıqdır. Amma bu sosiallıq özünü yalnız birgə əylənməkdə, vaxt keçirməkdə, istirahət etməkdə büruzə verməməlidir. Sosial varlıq olmanın təməlində başqalarının ağrısını, acısını hiss etmək, özünlə yanaşı başqalarını da düşünmək bacarığı dayanır. Bu səbəbdən də, nə qədər çətin olsa da COVİD-19-a yoluxma hallarının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə anlayışla yanaşmalı, qaydalara əməl etməli, özümüzü, doğmalarımızı, bütövlükdə isə xalqımızı qorumalıyıq.

- Bəs çimərliklərədən istifadəyə icazə verilməsi ilə bağlı qərar ətraında bu qədər geniş müzakirə açılmasının səbəbini nə ilə izah edərdiniz? Axı bir müddət öncə, indi bu qərara istehza ilə yanaşanların çoxu çimərliklərin açılmasının zəruri olduğunu, Günəş şüalarının, “D” vitaminin insan immuniteti üçün vacib olduğunu bildirirdilər...

- Şübhəsiz ki, bu qərarın qəbul olunmasında həm insanların istəyi, həm də mütəxəssislərin rəyi nəzərə alınıb. Bilirsiniz, istənilən qərarı müzakirə etmək olar, bu normaldır. Amma unutmaq lazım deyil ki, belə qərarlar həm yerli, həm də xarici mütəxəssislərin hazırladıqları rəylər, hesabatlar, həm də beynəlxalq təcrübə əsasında qəbul edilir. Amma məsələni qeyri-ciddi müstəviyə çəkənlərin heç biri mütəxəssis deyil. Hər bir sahənin, o cümlədən tibbin, virusologiyanın öz məntiqi var və bu məntiqin mütəxəssis olmayanlar üçün anlaşılmaması təbiidir. İnsan orqanizmi ilə bağlı olan məsələlərə siyasətşi, jurnalist, yaxud məzhəkəçi məntiqi ilə yanaşmaq olmaz.
Bəziləri qərarın gec verildiyini deyir, amma unudurlar ki, çimərliklərdə yoluxma hallarının baş verməməsi üçün onları COVİD-19-dan qorunma tədbirlərinin diqtə etdiyi şərtlərə uyğun bir vəziyyətə gətirmək lazımdır. Geridə qalan qısa müddət ərzində vətəndaşların çimərliklərə buraxılması üçün hazırlıqlar aparılıb, ortalığa böyük bir iş qoyulub. 120 çimərlikdə xüsusi çimərlik zonası yaradılıb, məlumatlandırıcı lövhələr və dezinfeksiya etmək üçün xüsusi qurğular quraşdırılıb. Prosesə 1000 ASAN könüllüsü cəlb edilib. Əgər kimlərsə düşünürsə ki, 120 çimərliyi bundan daha qısa müddət ərzində hazır vəziyyətə gətirmək olardı, o zaman COVİD-19-dan bir neçə gün ərzində xilas olmağın yollarını da açıqlasınlar və bəşəriyyəti dünyanın ən nəhəng dövlətlərinin bu günə qədər həll edə bilmədiyi problemdən xilas etsinlər, sosial şəbəkələrin yox, bütün dünyanın qəhrəmanına çevrilsinlər.
Bəziləri, ümumiyyətlə nə istədiklərini bilmirlər. Aylardı dəniz, çimərlik sözləri dilindən, paylaşımlarından düşməyənlər indi “çimərliklərin açılması nəyimizə lazımdır” deyirlər. Lazım deyil, getməyin. Qoy ehtiyacı olanlar getsin. Elə cimerlik.az saytı da onun üçün yaradılıb ki, çimərliklərdə sıxlıq yaranmasın. Lap yaxşı, çimərliklərin açılmasını istəməyənlər, yaxud bunun əhəmiyyətsiz olduğunu deyənlər, getməsinlər çimərliyə... O zaman sıxlıq da yaranmaz, heç bu məqsədlə yaradılan resurslardan da istifadəyə ehtiyac qalmaz.

- Bəziləri rayonlara gediş-gəlişin açılmasının daha vacib olduğunu deyirlər...

- Sizi əmin edirəm, əgər rayonlara gediş-gəliş açılsaydı, o zaman da deyəcəkdilər ki, bizim rayona getmək imkanımız yoxdu, yaxşı olardı ki, çimərliklər açılsın.
Bu gün rayonlara gediş-gəlişin açılmasının həyati bir məsələ olduğunu iddia edənlərin çoxu, məhdudiyyətlər aradan qaldırıldığı təqdirdə belə rayonlara getməyəcəklər. İtaliyada yoluxma hallarının ən yüksək həddə çatdığı zaman kəsiyində, sosial şəbəkələrdə bu ölkənin indi adını xatırlamadığım bir bölgəsinin bələdiyyə sədrinin həyacanlı müraciəti yayımlanmışdı. Adam deyirdi ki, 20 ildir ki, hər gün səhər sübhdən qaçışla məşğul oluram, amma COVİD-19-dan öncə mənimlə yanaşı 5-10 nəfərin qaçdığını görürdüm. Amma karantin elan olunandan yüzlərlə, minlərlə adam qaçışla məşğul olmağa başlayıb. Kimi görürsən qaçır...
İndi bizdə də, çimərliklərdən istifadəyə icazə verilməyəndə, hər kəs çimmək istəyirdi, indi icazə verilib deyə çimərliyə gedənlərinin sayı bunu arzulayanlardan dəfələrlə az olacaq. Buna şübhə etmirəm...

-Hava şəraitinin pisləşdiyini deyənlər, bunu məsxərəyə qoyanlar da var...

- Yaxşı ki, havanın Operativ Qərargah tərəfindən idarə olunduğunu demirlər... Bunu deyənlər bir il öncə, ötən yaydakı hava şəraitini xatırlasınlar. Şəxsən mən ötən il iyul, avqust aylarının necə küləkli keçdiyini, havanın tez-tez dəyişdiyini unutmamışam. Qeyri-sabit mövsümlər qlobal istiləşmənin gətirdiyi ekoloji problemdir. Bunun da səbəbkarı bizik – insanlar! Amma düşünürəm ki, narahat olmağa əsas yoxdur. Yəqin ki, hava da insafa gələr, isinər və arzu edənlər çimərliyin dadını çıxararlar.
İndi hər şey bizdən asılıdır. Qaydalara əməl etsək, qısa müddət ərzində bütün məhdudiyyətlərin aradan qaldırıldığının şahidi olacağıq.

Əli Zülfüqaroğlu