• 27 İyul 2024
logo
Avropa Parlamentindən işğalçının “yol” iddiasına tutarlı cavab

Avropa Parlamentindən işğalçının “yol” iddiasına tutarlı cavab

Azər Kərimli: “Bu, Azərbaycan Prezidentinin uğurlu xarici siyasətinin və Azərbaycan diplomatiyasının qələbəsidir”

“İlk dəfədir ki, Avropa Parlamenti tərəfindən qəbul olunmuş sənəddə “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri” ifadəsi işlədilir”

Xəbər verdiyimiz kimi Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko və Ermənistan üzrə məruzəçisi Trayan Basesku birgə bəyanatla çıxış ediblər.
Bəyanat Ermənistan baş naziri Nikol Paşinyanın bir nüddət öncə çıxışlarından birində səsləndirdiyi Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeni avtomobil yolunun çəkilməsi haqqında layihəyə Avropa Parlamentinin münasibətini özündə ehtiva edir.

Bəyanatda 2019-cu ildə Ermənistanla Dağlıq Qarabağı birləşdirən üçüncü magistral yolun çəkilişinə tezliklə başlanılacağı, yeni yol infrastrukturunun Ermənistanın Qafan bölgəsini Dağlıq Qarabağın Hadrut bölgəsinə və Azərbaycanın işğal olunmuş digər bölgələrindən - Cəbrayıl və Qubadlıdan birləşdiriləcəyi qeyd olunur.
Bəyanat müəllifləri prinsip etibarı ilə Şərq Tərəfdaşlığı bölgəsində regional əməkdaşlığı, əlaqələri və qarşılıqlı təmasları artıracaq layihələri dəstəklədiklərini bildirirlər. Bununla belə, hesab edirlər ki, sözügedən yolun tikintisi ilə bağlı qərar Azərbaycanın müvafiq səlahiyyətli dövlət qurumları ilə hər hansı bir razılaşdırma olmadan, beynəlxalq hüququ pozmaqla qəbul edilib: “Bundan əlavə, bu, Dağlıq Qarabağın və onun ətrafındakı rayonların qeyri-qanuni işğalını rəmzi olaraq möhkəmləndirə bilər.
Buna görə də biz qarşılıqlı inama, sülhə və barışığa imkan yaradacaq şəraitin formalaşmasına dəstək verməyəcək bu təşəbbüsü çox dərin təəssüf hissi ilə qarşılayırıq.
Biz bununla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin cəhdlərinə və onların 2009-cu il baza prinsiplərinə olan tərəddüdsüz dəstəyimizi yenidən bəyan edirik. Bu vasitəçilik prosesinin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hökumətlərini münaqişənin sülh yolu ilə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi üçün xoş niyyətli danışıqlarda daha çox öhdəliklər götürməyə çağırırıq".
“Xalq cəbhəsi” bəyanatla bağlı Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Azər Kərimlinin münasibətini öyrənib.
Azər Kərimli Avropa parlamentarilərinin işğalçı Ermənistanın beynəlxalq hüquq zidd hərəkətlərinə obyektiv və ədalətli münasibətini yüksək dəyərləndirdiyini bildirib və eyni zamanda qeyd edib ki, bu, Azərbaycan Prezidentinin uğurlu xarici siyasətinin və Azərbaycan diplomatiyasının qələbəsidir.
Azər Kərimli bəyanatı imzalayan şəxlərin Avropa siyasətində önəmli mövqeyə sahib olduqlarını da xatırladıb və qeyd edib ki, Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand Estoniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin Ermənistan və Azərbaycan üzrə Daimi Məruzəçisi cənab Trayan Basesku isə Rumıniyanın sabiq prezidentidir və 10 il ərzində bu ölkəyə rəhbərlik edib.
Millət vəkili bəyanatla bağlı maraqlı bir məqama da diqqət çəkib. Onun sözlərinə görə, ilk dəfədir ki, Avropa Parlamenti tərəfindən qəbul olunmuş sənəddə “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri” ifadəsi işlədilir və münaqişənin bu sərhədlər çərçivəsində həllinin vacibliyi vurğulanır: “Şübhəsiz ki, bundan öncə də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi sənədlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə bağlı mühüm məqamlar yer alıb. Məsələn, Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul etdiyi “Cənubi Qafqazda Avropa İttifaqının strategiyasına dair tələb” adlı 2216 saylı qətnamədə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundan və ona bitişik rayonlardan dərhal çıxarılmasının vacibliyi qeyd olunur, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının və onların doğma yurdlarına qayıtmaq imkanının təmin edilməsinin zəruriliyi vurğulanır. Amma “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri” ifadəsindən ilk dəfədir ki, istifadə olunur. Bu olduqca vacib bir məqamdır və işğalçı Ermənistanın rəhbərliyi ilə Dağlıq Qarabağdakı xunta rejiminin kağız üzərində cızdıqları “layihə”yə kifayət qədər tutarlı cavabdır”.
Qeyd edək ki, bəyanatla bağlı xəbər ilk olaraq, “Xalq cəbhəsi” qəzetinin internet resursunda yayılıb.