• 8 Dekabr 2024
logo
“Dəfn etdiyi “Turan” agentliyi onun son qəmi olsun”! – Aydın Quliyev yazır...

“Dəfn etdiyi “Turan” agentliyi onun son qəmi olsun”! – Aydın Quliyev yazır...

Mehman Əliyevin "KİVDF düşmənçiliyi"...

90-cı illərin ortalarından Azərbaycanda dövlət quruculuğunun mühüm tərkibi və istiqaməti olan keyfiyyət islahatları bu gün də davam etdirilməklə dövrün ən aktual sosial-siyasi təzahürü kimi müxtəlif rəy və mülahizələr doğurmaqdadır. Struktur, kadr, sosial, son vaxtlar isə dövlət başçısının cəmiyyətlə ünsiyyət və polemika üsullarında özünü biruzə verən islahat və dəyişmə proseslərinə münasibətlərin kəskin fərqli səciyyə daşımasında təəccüblü bir şey yoxdur. Azərbaycanın özü getdikcə maraqlı olmağa başlayır, onu daxildən və xaricdən müşahidə altında saxlayan qüvvələrin maraqları arasında fərqlər də daha parlaq şəkildə özünü biruzə verməyə başlayır.
Məsələn, bu sırada Azərbaycandakı islahatların hansısa nəticələri üçün özünü səmimi şəkildə məsuliyyət altında qoymağa çalışan, yaxasını heç bir halda və bəhanələrlə kənara çəkməyən təəssübkeş siyasi qüvvələr var. Müstəqilliyin ilk günlərində Sovetizmdən tam fərqli və daha fərasətli qüvvə olduqlarını cəmiyyətə qəbul etdirmək üçün “islahatlarımızla ölkəni 5 santim qızıla bürüyəcəyik” kimi hay-küyçü bəyanatlar verən, sonda birtəhər ələ keçirdikləri hakimiyyətlə yanaşı xalqın gözündə etimadlarını da həmişəlik itirən məlum qüvvələrin islahatlara yanaşmaları da bu sıradadır. Sırada başqa kimlərin də olduğunu hesaba vurmadan onunla kifayətlənək ki, siyahıda yer alan bu iki qüvvə diaqonal boyu bir-birinin əksinədir. Aralarındakı kəskin əkslik tək onunla bağlı deyil ki, onlardan biri 1993-cü ildə itirdiyi hakimiyyətin qisasını almağın konyunktur üsulu kimi ölkədə gedən islahatlara bütün hallarda qara yaxmağa çalışır, özlərinin hər şeydən təcrid edildiyi şəraitdə aparılan islahatların real nəticələr verdyi fikri ilə heç cür barışmırlar. Barışmazlıq bəzən o həddə çatır ki, nəinki islahatların inkarı mövqeyi tutulur, ötən 25 ildə hətta heç nəyin dəyişmədiyini iddia etmək qədər məntiqsiz mövqeyə yuvarlanırlar.
Siyasi inqilabı sadəcə bacarmadınız...
Məntiqsizliyin sadə izahı budur ki, onlar özləri siyası inqilab həyata keçirməyi sadəcə bacarmadılar, əks düşərgənin isə təkamüllü islahatlar nəticəsində ortaya qoya bildiyi nəticələrlə barışa bilmirlər.
Haqqında danışdığımız və islahatlara münasibətdə iki qütb arasındakı kəskin fərqin daha bir kökü var. Onlar Azərbaycandakı islahatlara ölkədən əl-ayaqları çoxdan yığışdırılmış Soros, Nauman fondları, İnkişaf Agentliyi və sair kimi əcnəbi mərkəzlərin “dequstasiya üsulları” ilə yanaşırlar. Təbii ki, bu gün Azərbaycandakı islahatlar dediyimiz fondların və onların “mamaçalığı” ilə 5-ci, 6-cı kolonlara çevilmiş qüvvələrin təsəvvürlərindəki islahat modellərindən çox fərqlidir. Təxminən 120-130 il əvvələ qayıdaraq kiçik bir müqayisəni birlikdə apara bilərik. İqtisadiyyat dahisi Karl Marks öz dövrü üçün xarakterik olan formasiyanın “Kapital” adı altında dərin təhlilini verməklə əslində iki əsas qüvvənin nəticə çıxarması üçün çox qiymətli material vermişdi. Bir nəticəni bolşeviklər çıxardılar. Onlar mövcud olan hər şeyi son vintinə qədər dağıtmaqla inqilab etməyi çıxış yolu saydılar. Nəticədə insanların fərdi azdlığını, xalqların müstəqil dövlətçilik ideyalarını sayı-hesabı bilinməyən qanlarda boğan bənzərsiz bir rejim aldıq.
Başqa bir nəticəni isə Marksın yazdıqlarını qanlı sosialist inqilabı kimi avantürist plan üçün əsas yox, həqiqi sosial-iqtisadi islahatlar üçün əsas kimi qəbul edən proqressiv qüvvələr çıxardı. Sadə bir yolla getdilər:”Heç nəyi birdən dağıtmaq yox, tədricən dəyişmək, islahatlar aparmaq, maddi rifahlara əli çatan ictimai kəsimin dairəsini tədricən genişləndirmək”.
Azərbaycandakı islahatlara Sorosun, Naumanın eynəklərindən baxanlar...
Həqiqətən sadə yoldur. Sadəliyini bu gün Azərbaycandakı islahatlara və onun nəticələrinə Sorosun, Naumanın eynəklərindən baxanların düşüncələri ilə müqayisə etdikdə daha dəqiq görmək mümkündür.
Əslində, dağıdıcı inqilabçılıq təfəkkürü ilə hərəkət edənlərin Heydər Əliyevdən başlayaraq indiyə qədərki islahatlara yanaşma xronikası qarşımızda maraqlı və ziddiyyətli mənzərə açır. Heydər Əliyevin dövründə heç bir islahatın aparılmadığını iddia etdilər. Halbuki, Heydər Əliyevin missiyası əvvəlcə dövlətin özünü qurmaq idi. Heydər Əliyev bu missiyanı aparmaqla bərabər, üstəlik daha böyük qəhrəmanlıq edərək həm də aqrar sektorda və digər sahələrdə ilk islahatları apararaq indiki islahatların əsasını qoydu. Dövlətin başçısının əsasən dövlətin özünü qurmaq kimi çox ağır missiya altında olduğu o vaxtlarda ondan islahatlar tələb etməyin normal siyasi düşüncə, ya da təəssübkeş milli mövqe olduğuna yalnız xəstələr inana bilər.
Hərtərəfli və dərin islahatlar üçün əsl şəraitin yetişdiyi İlham Əliyevin prezidentlik dövründə də islahatlara bu dairələrin münasibətində qəribə mənzərə əlamətləri var.
Bu gün ölkədə islahatların struktur, kadr, sosial və dövlət başçısının cəmiyyətlə ünsiyyət formalarında köklü dəyişikliklər kimi istiqamətlərini nəzərdən keçirmək olar. Bu istiqamətlərin hər birinin öz motivasiyası olduğunu sübut etmək üçün çox da “tər tökməyə” yəqin ehtiyac yoxdur. Məsələn, struktur islahatlarını götürək. Özünü doğrultmayan və ya missiyasını artıq həyata keçirmiş hansısa dövlət təşkilatı ləğv edilir, harasa birləşdirilir, ya da yenisi yaradılır. Motiv bəllidir. İşini görmüş və özünü doğrultmamış qurum proseslərlə ayaqlaşa bilmədiyi üçün ləğv olunur. Bu, dövlət orqanlarının daha səmərəli fəaliyyətinə fokuslanmış idarəçilik konsepsiyasının və normal məntiqi düşüncənin məhsuludur. Ancaq təəssüf ki, islahatların fəlsəfəsini əslində dağıdıcı inqilabçılıq kimi təsəvvür edən Mehman Əliyev, Cəmil Həsənli, Əli Kərimli kimi Milli Şura mənsublarının düşüncəsi başqadır. Onlar bunu 1993-cü ildən indiyə qədər hakimiyyətin içində bir qruplaşmanın başqasını üstələməsi uğrunda gedən mübarizənin nəticəsi kimi qələmə verməkdən yorulmurlar. “Əşi, bu qruplar bir-birini qırıb axıra çatmadılar?!” Onlara bu sualı öz yaxın çevrələrindən verən ayıq bir düşüncə sahibini, təəssüf ki, görmədik.
Eyni sözləri sosial islahatların motivasiyasının təhlilinə müxtəlif yanaşmalar barədə də demək mümkündür. Məsələn, hakimiyyət ideoloqları deyir ki, həyata keçirdiyimiz doğru siyasət nəticəsində ölkənin gəlirlərini və valyuta ehtiyatlarını o həddə çatdırmışıq ki, pensiyaları, maaşları, təqaüd və müavinətləri çox qısa fasilə və saysız etaplarla artırırıq. Doğru və sadə ifadə edilmiş məntiqli mövqedir. Radikal inqilabçıların düşərgəsində əsas ideoloqların biri kimi yer almış Mehman Əliyev isə bu düzgün və məntiqli mövqenin qarşısına çıxmaq istəyir. Hakimiyyətin 2019-cu ilin əvvəllərindən xüsusi proqramla başlatdığı sosial islahatların motivini belə izah edirlər. “Yanvarda keçirdiyimiz mitinqin təsir gücündən qorxdular”, “Mənim atam hamıdan güclüdür” təfəkkürü ilə özünü həmyaşıdlarından fərqləndirmək istəyən uşağın düşüncəsinə oxşar belə yanaşmaya nə deyəsən?!
“Siyasi rəqiblərə güzəşt olunmursa, deməli islahat getmir” məntiqi...
Azərbaycanda islahatların mahiyyətinə və hədəflərinə münasibətdə radikal inqilabçı ideoloqların düşüncəsi xüsusi dağıdıcılığı ilə seçilir. Ölkədə islahatların aparılmadığına, heç bir nəticəyə çatmadığına inandırmaq üçün ən rəngarəng ideyalara əl atan “Turan”ın rəhbəri Mehman Əliyev nəhayət deyir ki, hakimiyyət heç bir güzəştə getmək istəmir. Onun “məntiq”i budur:”Siyasi rəqiblərə güzəşt yoxdursa, gedən proseslər islahat adlana bilməz. Güzəştlər olsa, hətta ən donuq hərəkətsizliklərə islahat demək olar”. Siz deməyin “islahat” meydanlara bir-iki min nəfəri güc-bəla toplaya bilən siyasi iddialı şəxslərə hakimiyyətin güzəştə getməsi kimi prinsipsiz bir mövqe imiş...
Bu gün bir neçə istiqamətdə özünü biruzə verən kadr islahatlarına yanaşmada da ambisioz və mənfəətpərəst düşüncə elementləri var. Məsələn, Mehman Əliyev desəydi ki, kadr islahatları dediyiniz prosesin içində mənə də bir vəzifə və ya bir mandat versəydiniz hər şeyə islahat deyərdim, daha səmimi və açıq görünə bilərdi. Son müsahiblərinin birində onu danışdırmış müxbir çoxbilmiş bir taktika ilə bir neçə dəfə onun boynuna qoymaq istəyir ki, “şəxsən siz Azərbaycanda əsl islahatların aparılacağına inandığınızı təkrar-təkrar deyənlərdən biri idiniz”. Həqiqətən də bir vaxtlar buna inandığını deyən Mehman Əliyevin indi “heç bir islahat getmir” mövqeyində qərarlaşması oraya cavabsız suallar çıxarır:”Kadr islahatları ilə bağlı bir Perezident fərmanı onun özünə aid olsaydı nə baş verərdi?!”
Kadr islahatlarının heç bir nəticə vermədiyini iddia edən radikalların klassik nümayəndəsi kimi Mehman Əliyevin kinli davranmasının başqa səbəbi kadr islahatlarını vəzifədəki qocaların cavanlarla əvəzlənməsi kimi bəsit səviyyədə qavramasıdır. Bir yanlış mülahizənin dalına düşdüyü üçün sonda onu dörd bir tərəfdən sarmış yanlışlıqların, kinlərin, qərəz və ambisiyaların girovluğuna düşür. Çoxşaxəli xarakter daşıyan kadr islahatları kadrların yerləşdirilməsi, pis işləyənlərin vurulması, yenilərin və peşəkarların irəli çəkilməsi, nəhayət qocaların gənclərlə əvəzlənməsi kimi istiqamətlərə malikdir. Belə geniş məzmunlu prosesi təkcə “cavan-qoca mübarizəsi” səviyyəsinə endirmək Mehman Əliyevin hakimiyyət komandasında bir neçə yaşlı dövlət xadimindən şəxsi planda qıcıqlanmasından başqa bir şey deyil. Dövlət idarəçiliyi məsələlərinə şəxsi simpatiya və antipatiya prinsiplərindən yanaşanların əlinə real idarəçilik rıçaqlarının keçməsindən isə cəmiyyəti Allah qorusun!
Vəzifələrdə irəli çəkilmiş gənclərdən kimlərinsə özünü doğrultmaması heç bir halda “bu gənclərin hamısı əvəz etdiyi qocalar kimi işləyir” nəticəsinə gəlməyə əsas ola bilməz. Əgər Naumanların, Sorosların gizli məktəblərini bitirərək Azərbaycana atılmış gənclərin vəzifələrə qoyulmasından söhbət gedirsə, bu başqa məsələ.
Sosial məsələləri dilə gətirən insanların bu yöndəki fəaliyyətlərini “cəmiyyətin artıq siyasi mübarizəyə başlaması”, “hakimiyyətə neqativ münasibətin ictimai hərəkata çevrillməsi”nin əlamətləri kimi qələmə vermək XXI əsrə arxaik siyasi təfəkkürlə gələnlərin əsas xarakterik düşüncə üsuludur. Cəmiyyətimiz sosial məsələlər barədə həmişə danışıb və danışmaqda davam edir. Zatən bunu dayandırmağa ehtiyac da yoxdur. Sosial məsələ barədə hər çıxışı, iradı, aksiyanı qızışan siyasi mübarizə hərəkatının əlaməti kimi qələmə vermək istəyənlər “deyəsən Azərbaycanı “Manasın” heykəli önünə toplaşaraq” 20-25 atlının köməyi ilə asan inqilabların edildiyi ölkələrin günündə təsəvvür edir. Halbuki, ölkədə sosial məzmunlu çıxışların ən klassik izahını dövlət başçısı İlham Əliyev özü verib:”Sosial problemlər haqda sizlər açıq danışdıqca mən onların daha düzgün həlli yollarını tapıram”.

Radikal dağıdıcı inqilabçının təfəkküründəki şişirdilmiş sosial mübarizə anlayışı hara, bu hara...
İslahatları nəticəsiz proses adlandıran radikallar əslində onun hansısa nəticələrindən əndişəli deyillər. Əndişə o tərəfdədir ki, həyata keçirilən islahatlar bəlli xarici dairələrin Azərbaycanda azad media, özünüifadə, toplaşma və insan haqları kimi gurultulu sözlər altında “sözə baxan dövlət” yaratmaq yönümündəki manipulyasiyalarını heçə endirir.
Sivil vətəndaş “ÇT”si yaratmaq istəyənlərin planı işləmir
Azad mətbuata, şəffaf QHT-lərə maliyyə yardımı adı altında idarə olunan “sivil vətəndaş ÇT-si” yaratmaq planları artıq işləmir. Bir vaxtlar Mehman Əliyev özü də kəsilmiş bu kanalların üstündə “fəal QHT və azad media” ideologiyasını geniş fırladanlardan biri idi. Bu nöqteyi-nəzərdən onun indiki KİVDF-ni yararsız bir qurum kimi təqdim etmək cəhdləri tam başadüşüləndir.
Mediamız heç bir vaxt indiki qədər mütəşəkkil olmayıb və bunun üçün KİVDF-yə, onun ideya müəlliflərinə borcludur. Medianın mütəşəkkilliyi dövlətçilyin yanında qərar tutmasıdır, dövlət və ictimai mənafeləri yeri gələndə hətta öz peşə maraqlarından da üstün tutmağı bacaracaq qədər vətənpərvər olmasıdır. Mehman Əliyev və onun kimi düşünənlər “media məhv olub” deyəndə, heç şübhəsiz ki, onun indiki mütəşəkkillliyini görmür, ya görmək istəmir, “güclü media” deyəndə isə sağa-sola, qabağa-arxaya məsuliyyətsizcəsinə döşəyərək dövlət mənafelərini arxa plana keçirən, ancaq bəlli əcnəbi fondlardan gələn maliyyə sahiblərinin postsovet sxemlərinə uyğunlaşmağı öz imperativinə çevirən medianı nəzərdə tuturlar. Belə mediaçılıq da, belə media da keçmişdə qaldı: öz dövlətinin yanında dura bilməyən medianın imkanlarını “güc” anlayışı ilə ifadə etmək olmaz. Bu sayaq media öz dövlətinin yanında olmaq kimi güc parametrləri kəsb edə bilmədiyi üçün yarı yolda qalır, qurda-quşa yem olur.
Media rəhbərlərinin ayrı-ayrı partiya sədrlərinin şəxsi iddialarına və siyasi kursuna xidmət etdiyi keçmişləri yada salaq. Mən o dövrün mediasında, qəzet oxucularının sayı çox olsa da, elə bir güc göstəricisi görmürəm. O zaman qəzet oxucularının say çoxluğu onunla bağlı idi ki, informasiya axtaranlar onu elə tək qəzetlərdən oxuyurdular. Nə demək istədiyim yəqin başa düşülür. O zamanların güclü sayılan mediasında əslində güc yox, hüdud tanımayan məsuliyyətsizlik, kor inadkarlıq, qisasçılıq, barışmazlıq, insanı obyektiv və soyuq başla düşünməkdən məhrum edən hər şey var idi. Əgər dostumuz Mehman Əliyev medianın gücünü bu cür anlayırsa, dəfn etdiyi “Turan” agentliyi onun son qəmi olsun.O partiya sədrləri keçmişdə qaldı. Çünki doğru yolu tapa və dəyişə bilmədilər. Qəzetlər isə doğru və praqmatik prinsiplərlə dəyişə bildikləri üçün bu gün də yaşayır. KİVDF vaxtilə, “Turan” agentliyinin özü də daxil, bir neçə medianı maliyyələşdirən məlum beynəlxalq siyasi-maliyyə dairələrinin unikal alternatividir. Məsələ çox sadədir. Ölkədə çap mediasını dövlətin adından şəffaf maliyyələşdirən, kimə nə verdiyini açıq deyən (Mehman Əliyev 90-cı illərdən indiyədək “Turan”ın kimdən nə aldığını açıq deyə bilərmi?) KİVDF varsa, əcnəbi media sponsorlarına yer yoxdur. “KİVDF ləğv olunmalıdır” deyən Mehman Əliyevin bununla Azərbaycan mediasının üzünə hansı xaricilərin maliyyə qapılarını açmağa çalışdığını başa düşdünüzmü? KİVDF olmasa, bu meydanı arxalarında hansısa əcnəbilərin dayandığı həmin maliyyəçilər tutacaq... Bu, mehman əliyevlərin istədiyi yoldur, KİVDF-nin və ümumən Azərbaycandakı islahatların isə öz yolu var. Hər kəs öz yolu ilə davam etsin...
Aydın QULİYEV