• 24 İyul 2019
logo
add image
Cəlil Məmmədquluzadə - Azərbaycan dərdlisi

Cəlil Məmmədquluzadə - Azərbaycan dərdlisi

Azərbaycan ədəbi, ictimai fikir tarixində özünəməxsus yeri olan böyük yazıçı, dramaturq, ictimai xadim, “Molla Nəsrəddin” jurnalının yaradıcısı və naşiri Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur. Onun yaradıcılığı XX yüzil Azərbaycan ədəbiyyatının, ictimai fikrinin inkişafında təkan rolunu oynadı. Ardıcıl olaraq xəlqi ruhla yaşamaq, bu fitri duyğunu yaradıcı insan olaraq yeriyən, təsir edən düşüncə yönünə çevirmək C.Məmmədquluzadənin aqibətinə çevrilmişdi. O, ömrünün sonunadək bu xəlqi görəvə sadiq qaldı, bir an da yolundan, fikrindən dönmədi.
C.Məmmədquluzadə çətin həyat görmüşdü. Xalqı həqiqətə, özgürlüyə çağırdığına görə ömrü boyunca çoxsaylı təhlükələrə tuş gəlmişdi. Həyata yaradıcı gözlə baxmaq, fikirlərini gerçəkləşdirmək inadı, döyüşkən maarifçiliyin təkanverici qüvvəsinə çevrilmək istər-istəməz onu diqqət mərkəzinə gətirmişdi. Bu səbəbdən də o, rahatlıq, arxayınçılıq nədir bilmədi…
***
XX yüzilin əvvəllərində Bakıda neft sənayesinin sürətlə inkişaf etdiyi bir zamanda təpərli xarakterə malik C.Məmmədquluzadə neft quyularına sahiblənmək, yaxud başqa sahədə ticarətlə məşğul olmağı ağlından belə keçirmədi. O, bütün qabiliyyətini, yaradıcı potensialını qələminə sarılıb millətin maariflənməsinə, gözünün açılmasına sərf etdi.
C.Məmmədquluzadənin hekayələri, pyesləri Azərbaycan nəsrinin ciddi, yaddaqalan örnəklərindəndir. Xalqın anladığı dildə ideyanı çatdıra bilmək hünəri bu yaradıcılıq yönlərində də özünü aydınca göstərir.
C.Məmmədquluzadə xalqımızın mövhumatdan, cəhalətdən qurtulması, maariflənməsi, Vətən övladlarının yüksək təhsilə, düşüncəyə yetməsi üçün dayanmadan çalışırdı.
***
“Danabaş kəndinin əhvalatları”nda (1894) XIX yüzilin sonlarında Azərbaycan kəndindəki kəndxuda-kəndli münasibətlərinin insansızlığı, Məhəmmədhəsən əmilərin faciəsi açılır.
Bu yerdə məşhur “Ölülər” (1909) haqqında danışmamaq olmur. «Ölülər» mahiyyətcə tragikomediyadır: həyat hadisələrini yüksək sənətkarlıqla ümumiləşdirib belə bir əsər ortaya qoymaq gerçəkdən hünər idi. Şübhəsiz, əsər hələ uzun müddət aktuallığını saxlayacaq. İnsanın düşdüyü durum komediya halını yaradır, ancaq burada həm də faciəvilik var. C.Məmmədquluzadə bütövlükdə cəmiyyətin psixologiyasını ayrıntılarına kimi açır, obrazlarının daxili aləmini (avamlığa qapılma, qatılma – içində olduğu faciəni sonda da yetərincə anlaya bilməmək) ustalıqla göstərir. Əslində bilinsə də, bilinməsə də “Ölülər” dünya dramaturgiyasının şah əsərlərindəndir. Şeyx Nəsrullahın peyda olması cəhalətin, geriliyin, insan minsifətliyinin, avamlığın, mövhumatın sonucu kimi meydana çıxır. O, insanı özü olmağa, dərindən düşünməyə çağırır.
***
"Anamın kitabı" (1919) komediyasında üç qardaşın şəxsində özgə təsirlərə qapılmış “ziyalılığın” milli mədəniyyətə, ana dilinə yad olmasını, xalqdan uzaq düşənlərin bu səbəbdən sevilmədiyini aydınca göstərir.
“Danabaş kəndinin məktəbi”ndə (1921) XIX yüzilin sonlarında Azərbaycan kəndində oxumağa, təhsilə biganəliyin yaratdığı faciəvi gedişatı, sonucda insanların ömürlərində acı, silinməsi qeyri-mümkün olan fəsadlara yol açdığını bildirir.
“Dəli yığıncağı”nda (1926) yad cəmiyyətin insanı dəlilik səviyyəsinə çatdırmasından, insanlarası münasibətlərin bəsitliyindən, yaratdığı faciəvilikdən danışılır.
“Xatiratım”da “Dünyaya gözümü açandan onu qaranlıq görmüşəm” deyən M.Cəlil şərəfli ömrü boyunca yaşadığı çətinliklərdən, əzablı gedişlərə dov gəlməyindən söz açdıqca bu böyük insanın obrazı gözümüzdə daha aydın canlanır.
Əlbəttə, bir qəzet yazısında onun bütün yaradıcılığını əhatə etmək olmur, ancaq mahiyyəti haqqında təsəvvür yaratmaq olur.
Onun hekayələrində ("Usta Zeynal" (1905), "Dəllək" (1906), "İranda hürriyyət" (1906), "Fatma xala" (1906), "Pirverdinin xoruzu" (1906) "Qurbanəli bəy", "Quzu" (1914), "Nigarançılıq" (1916), "Konsulun arvadı" (1918), və b.) Azərbaycan insanının həyata, özünə, başqasına münasibətinin çatışmazlıqları tənqid olunur, dünyada gedən azadlıq, millətin özünütanıma, var olma proseslərinə qoşuması üçün fərdin özünü dərindən tanımasının gərəkliyi vurğulanır.
***
Mirzə Cəlilin ən böyük əsəri - Azərbaycan milli mətbuatının dəyərli ünvanlarından biri "Molla Nəsrəddin" jurnalıdır. "Molla Nəsrəddin" jurnalının xəlqi ruhumuzda, ictimai düşüncəmizin inkişafında oynadığı rol həmişə uca və dəyərli olub, indi də belədir. Obrazlı desək, jurnal xalq ruhundan, folklorundan bəhrələnməklə öz fikrini oxuculara çox gözəl, məharətlə çatdırmaq imkanı əldə etmişdi.
Əslində jurnalın ilk sayının uğurlu olması onun sonrakı uğurunun təməlini yaratmış oldu. Jurnalın üz qabığında təsvir olunan karikaturada Molla Nəsrəddin dərin yuxuya dalmış soydaşlarımızı göstərərək gülürdü: biri durub gərnəşir, başqası yenidən yatmağa hazırlaşırdı. Bu, jurnalın məqsəd-məramını anlaşıqlı şəkildə ifadə edən karikatura idi. Əsəri alman karikaturaçı-rəssam Oskar Şmerlinq çəkmişdi. Rəssama ideyanı C.Məmmədquluzadə vermişdi.
Onun yaradıcılığında xalq ruhundan bəhrələnmə hədsiz güclü idi. İnsanlara çatdırmaq istədiyi məqamları məharətlə ifadə edirdi. "Molla Nəsrəddin" jurnalı ədibin həyata, dünyaya münasibətinin yetkin ifadəsi kimi meydana çıxdı. O dövrdə yazıçı-şair daha çox eləsi hesab edilirdi ki, yazılarında ərəb-fars sözlərini bolluca işlətsin, yazdıqları daha çox mürəkkəblik ifadə etsin. Ancaq C.Məmmədquluzadə bütün çərçivələri dağıtdı, ədəbiyyatın dilini xalq ruhuna, xalq dilinə yaxınlaşdırdı, qovuşdurdu. Böyük yazıçı anlaşıqlı dildə xalqın fəlakətinin səbəblərini göstərməyə çalışırdı.
***
"Molla Nəsrəddin"in gərgin bir dövrdə (1906) yaranmışdı. Rusiyada, İranda inqilablar başlamışdı. Şübhəsiz, Avropadakı yenilklər Şərq ölkələrinə, o cümlədən Azərbaycana da ciddi təsirini göstərməyə başlayırdı.
Böyük bir çətinliklə "Molla Nəsrəddin"i araya-ərsəyə gətirməsi ictimai mühitdə, ədəbi aləmdə xüsusi hadisəyə çevrildi. Jurnalın adı isə belə yaranır: Tiflisin küçələrindən birində gedərkən C.Məmmədquluzadə “Molla Nəsrəddin” adını xatırlayır. Fikirləşir ki, Azərbaycanda, Türk Dünyasında, ümumən Şərqdə folklordan gələn məşhur obraz - Molla Nəsrəddin fikirlərini ifadə etmək üçün ona ciddi kömək edə bilər, etdi də.
Jurnalın ilk sayından C.Məmmədquluzadənin peşəkar jurnalistlik, qəzetçilik qabiliyyətinin, təcrübəsinin olduğu aydın görünür. O, təkcə Azərbaycanın deyil, Qafqazın, Rusiyanın, İranın, ümumən dünyanın ictimai-siyasi gedişatına bələd idi. Bu, ona gerçəkliyi özünəməxsus satirik üslubda, müxtəlif boyalarda ifadə etməyə geniş imkan verirdi.
***
1917-ci ildə yazılmış “Azərbaycan” məqaləsi can yanğısı, fitri, bənzərsiz dərdkeşlik, millət fədaisi olmasının, gecə-gündüz bu qayğıyla yaşamasının sübutudur: “Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı… buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Axır, dünyavü və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək görək haradır bizim Vətənimiz?”
***
Jurnaldakı karikaturalar folklor elementləri ilə zəngindir. Mahiyyətcə hər bir karikaturada bu və ya başqa səviyyədə folklor elementinə rast gəlmək mümkündür. Ancaq elə karikaturalar var ki, orada birbaşa folklor motivi aydınca görünür. Molla Nəsrəddin obrazının müşayiəti ilə olan karikaturalarda folklor elementləri daha çox diqqəti çəkir.
25 ildə jurnalın ətrafında satirik yazarlarla yanaşı, karikaturaçı-rəssamlar da yetişdi. C.Məmmədquluzadə gözəl bilirdi ki, xalqın jurnalın nə demək istədiyini anlaması üçün karikaturaya ciddi gərək var, özü də o dərəcədə ki, tamamilə fərqli, Azərbaycan insanını düşündürmək gücündə olsun. Ümumən şəklin (burada: karikaturanın) əvəzsizliyi indi də ondadır ki, musiqi əsəri kimi tərcüməçiyə gərək olmur, dünyanın istənilən nöqtəsində rahatca anlaşılır.
Jurnaldakı karikaturalar məhz C.Məmmədquluzadənin ideyalarının rəsssamlıqda ifadəsi kimi yarandı. O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə kimi rəssamların yaradıcılığında həyatdan, məişətdən gələn obrazlar istər-istəməz folklor elementləri ilə zənginləşir, mətnlə (felyeton, satira, hekayə və s.) qaynayıb-qarışır, onun şəkilli ifadəsinə çevrilirdi.
C.Məmmədquluzadənin gözlədiyi kimi oldu: böyük bir hissəsi yazıb-oxumağı bacarmayan insanların maariflənməsində çoxsaylı məzmunlu karikaturaların xüsusi rolu oldu. Jurnalın bir çox saylarının hər birinin yarısı karikaturalardan ibarət idi.
***
Mahiyyətcə “Molla Nəsrəddin”i C.Məmmədquluzadənin əsəri saymaq olar. Əlbəttə, burada hər bir qələm insanının özünəməxsus zəhməti var. Di gəl ki, onlara yön verən, yazmağa ruhlandıran C.Məmmədquluzadə idi. Bir faktı xatırlatmaq yetər ki, böyük satirik M.Ə.Sabirin yaradıcı imkanlarının “Molla Nəsrəddin” üslubunda aşkarlanması onun xidməti sayıla bilər.
Jurnaldakı atalar sözləri, məsəllərin “Molla Nəsrəddin”sayağı təqdimi ciddi maraq doğurur, diqqət çəkir. O deməkdir ki, C.Məmmədquluzadə xalq ruhundan, folklordan yaradıcı şəkildə bəhrələnməyi, kütləyə anlaşıqlı dildə çatdırmağı bacarırdı: "Tısbağa qınından çıxsa, abrozovannı olar"; "Çox yaşayan çox bilməz, çox yatan çox bilər"; "Yuxulu baş salamat olar"; "Qız uşağının canı, qardaş çomağının qurbanı"; "Bala baldan şirindir, qoyma oxuyub gözlərinin işığı getsin"; "Borclu borclunun sağlığını istər, dəxi borc aldın vermə"; "Lalın dilin molla bilər"; "Mollaya plov de, Marağaya qədər yol de"; "Özgənin toyunda sazanda haramdır, öz oğlunun ad qoyulan günü zurna-qaval halal"; "Özün bir iş görmə, görənləri də bəyənmə"; "Hər oxuyan Molla Pənah olmaz, amma hər minbərə çıxan molla olar"; "İnsanın şərafəti nə elmlədir, nə ədəblə, məhz pul ilədir"; "Arvadı döyəndə gərək elə döyəsən ki, başmaqlarını qoyub ayaqyalın qaça küçəyə"; "Yazı bilən arvaddan qaç" və s.
Jurnaldakı şəkillər mahiyyətcə birbaşa, ilk növbədə elə Molla Nəsrəddin lətifələrini yada salır. Molla Nəsrəddin lətifələri təkcə Şərq insanının deyil, ümumən insanların çatışmazlığını yumor diliylə çatdırdığına görə bu, 20-ci yüzilin əvvəllərindəki Azərbaycan mühitinin durumunu göstərmək üçün gerçəkdən mənəvi güzgü rolunu oynayırdı.
***
Ümumiyyətlə, ötən yüzilin əvvəllərində C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Qəmküsar, Ə.Nəzmi, Ö.F.Nemanzadə və b. millətin çatışmazlıqlarının tənqid yoluyla islah olunacağına inanırdılar. “Molla Nəsrəddin”in qaldırdığı, mətbuata gətirdiyi problemlər çağımız üçün də çox aktualdır. Jurnaldakı yazıların karikaturalarla müşaiyəti, ya da ki, bu və ya başqa yazılardan asılı olmayaraq müstəqil karikaturaların verilməsi insanların düşünməsinə, müəyyən qənaətlərə gəlməsinə ciddi təkan verirdi.
Azərbaycan mətbuatı bir çox cəhətlərdən peşəkarlığa, professionallığa yüksəlsə də, bundan sonrakı mərhələdə də milli dərdlərimizin "Molla Nəsrəddin" sayağı ifadəsini inkişaf etdirməliyik. Bugünkü Azərbaycan jurnalistikasına "Molla Nəsrəddin"sayağı dərdkeşlik, təəssübkeşlik davamlı olaraq hava-su kimi gərəklidir.
Elçin Qaliboğlu
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"