• 4 Dekabr 2020
logo
Qeydə alınan Cümhuriyyət Xalq Partiyasının sədri: “Siyasi sistemdə dəyişikliklər başlayıb...”

Qeydə alınan Cümhuriyyət Xalq Partiyasının sədri: “Siyasi sistemdə dəyişikliklər başlayıb...”

Son bir ayda Azərbaycanda siyasi partiyaların qeydiyyata alınması prosesi start götürüb. İndiyə qədər daha 4 siyasi partiya dövlət qeydiyyatından keçib. Aprelin ortalarında Azad Demokratlar və Yeni Zaman, mayın 7-də isə, Cümhuriyyət Xalq və Müstəqil Xalq partiyaları dövlət qeydiyyatına alınıb.

15 ilə yaxın idi ki, partiyaların qeydə alınması prosesini tamamən dayandıran hökumətin birdən-birə belə qərarlar verməsi ilk növbədə ölkədə siyasi dialoq mühitinin davamı kimi qiymətləndirilir.

Qeydə alınan 4 partiyanın içərisində ən çox diqqəti CHP çəkir. Bu da səbəbsiz deyil. Çünki Türkiyədə bu adda ana müxalifət partiyası mövcuddur. Hətta Azərbaycandakı CHP-nin plagiyat olduğu yönündə fikirlərə az rast gəlməmişik.

CHP-nin sədri Bədrəddin Quliyev “Yeni Müsavat”da verilən qərara bu cür münasibət sərgilədi: “Bu qeydiyyata parlament seçkilərindən sonra baş verən proseslərin məntiqi nəticəsi kimi baxıram. Faktiki olaraq, siyasi sistemdə bir dəyişikliklər başlayıb. Ölkə başçısının parlamentdəki çıxışında siyasi proseslərlə bağlı cəmiyyətdə iqtidar-müxalifət münasibətlərində bir yumşalmanın olacağının anonsunu verməsinin nəticəsi kimi partiyamızın qeydiyyata alınmasını göstərə bilərik. Regionda vəziyyət tam dəyişib. Burada kim güclü olacaqsa, proseslərdə qalacaq. Partiyaların qeydiyyatını həm də ölkə daxilində birliyə doğru atılmış bir addım kimi qəbul edirəm. Bütün bunlara eyni zamanda, ölkə daxilində gələcəkdə baş verə biləcək islahatların təməli kimi baxıram. Biz dəyişikliklər ərəfəsindəyik. Azərbaycanda siyasi partiyalar oturuşmalıdır. Çox ciddi şəkildə ortaya siyasi mövqelər qoyulmalıdır. Siyasi proseslərə bütün siyasi qüvvələr cəlb olunmalıdır. Kim iddialıdırsa, bu proseslərə qoşulursa, kim qeydiyyatdan keçibsə, o adamlar bu proseslərə qatılmalıdır. 2010-cu il avqustun 14-də qurultay keçirdik. 10 il qeydiyyata alınmaq üçün çalışdıq. Qurultayımızdan 4 il sonra mənə qeydə almadıqlarını demişdilər. Proseslər bu günə qədər gəlib çıxdı və sonunda da ölkə başçısının parlamentdəki çıxışında dəyişikliklər anonsunu verməsindən sonra qeydiyyatımız baş tutdu”.

Partiya rəhbəri gələcək hədəfləri barədə də danışdı: “Bizim əsas hədəf odur ki, ölkə parlamentar idarəetmə sisteminə keçsin. İstəyirik ki, bütün hakimiyyət orqanları seçki sistemi ilə müəyyən olunsun. Böyük və kiçik şəhərlərdə mer seçkilərinin olması çox vacibdir. Rayonlarda yerli büdcəni bir şəxsin əlinə vermək olmaz. Çünki bu sonunda feodal düşüncəyə gətirib çıxarır ki, korrupsiya halları sürətlə artır. Aşağıdan yuxarı xalq bu proseslərdə iştirak etməlidir. Partiyamızın adından da göründüyü kimi, cümhuriyyətçilik xalqın iradəsinin seçkilər yolu ilə hakimiyyətə gəlməsi deməkdir. CHP istəyir ki, sistem dəyişikliyi olsun. Parlamentar sistem oturuşmalıdır. Məhkəmə strukturlarında belə seçkili sistemin olmasını istəyirik ki, bunun nəyi pisdir? İctimai nəzarət güclü olmalıdır. Hər kəs seçib-seçilmək hüququndan istifadə etməlidir. Biz bu təbliğatı aparırıq. Hakimiyyət buna gedəcəksə, demək birgə fikrimiz olacaq. Azərbaycanın irəli aparılması prosesində aktiv iştirakçı olmaq istəyirik. Əgər köhnə sistem qalacaqsa, hakimiyyət öz mövqeyində, biz də öz mövqeyimizdə olacağıq. Bizim üçün əsas olan problemlərin birgə həllidir. Vahid mövqeyə gəlinməlidir. Ölkəmizdə milli barışığın olmasını istəyirik. Məhkəmə qərarı olmadan heç kəs heç kəsi ittiham etməməli, bir-birinin əleyhinə danışmamalıdır. Rayon-şəhər ayrı-seçkiliyi aparılmamalıdır. Ölkədə qanunun aliliyi tələb olunmalıdır. İqtisadi amnistiyanın verilməsi çox vacibdir. Elə bir mühit yaradılmalıdır ki, hər kəs qanunla işləməlidir. Hər kəs qabiliyyət və bacarığına görə, olduğu yeri tapmalıdır. Belə bir şərait olacaqsa, partiyamızın proqramına uyğun hərəkət ediləcəksə, proseslərdə aktiv iştirak edəcəyik. Əsas hədəfimiz Azərbaycanda seçki sistemində dəyişiklik olmasından ibarətdir. Faktiki mövcud seçki sistemi ciddi dəyişiklik istəyir. Siyasi kimliyinə görə, təqiblər, həbslər olmamalıdır. Ölkənin milli problemləri daim müzakirə mövzusu olmalıdır. 50+1-lə bütün məsələlər həll edilməlidir. O qədər saxtakarlıq olunub ki, xalq bu proseslərdən kənar qalıb. Ümid yaratmaq lazımdır. Biz xalqımız naminə istənilən şəxslə, partiya ilə müzakirə aparmağa, əməkdaşlıq etməyə hazırıq. Azərbaycan mütləq islahatlar yolunu keçməlidir. Kimin qabiliyyəti varsa, ortaya çıxmalıdır. Bu proseslərdə mənən azad olanlar iştirak etməlidir. Yaltaqların, satqınların bu proseslərdə iştirakı mümkünsüzdür. Bizim bizdən başqa kimsəmiz yoxdur. Onun üçün də dil tapmağı bacarmalıyıq. Azərbaycan türklərinin milli kimliyi özünə qayıtmalıdır. Bu olmadığı üçün türk dünyası ilə birləşə bilmirik”.

B.Quliyev Türkiyədə fəaliyyət göstərən CHP ilə əlaqələrindən də danışdı: “Biz əslində Cümhuriyyət Xalq Partiyasının deyil, Atatürk milli sisteminin bütün türkdilli respublikalarda bərqərar olmasının tərəfindəyik. Atatürkün yaratdığı o sistem ölkəni azadlığa çıxardı. Bu sistem daxili və xarici düşmənlərə qarşı idi. Torpağı işğal altında olan ölkə bu sistemi əsas götürməlidir. Türkiyədəki CHP solyönlüdür, biz isə, sağ mərkəzçi partiyayıq. Bizim fərqimiz yəni bundan ibarətdir. Türkiyədəki bütün siyasi partiyalarla münasibətlərimiz normaldır. Şəxsən mənim bütün türkdilli ölkələrdə Cümhuriyyət Xalq partiyalarının zəruriliyi barədə fikirlərimə yüksək formada yanaşılır. Türk dünyası bir-birilə çox yaxın olmalıdır. Birində demokratik, digərində qeyri-demokratik sistem olmamalıdır. Bütün sahələr üzrə əlaqələr daha da yaxın olmalıdır. Atatürk sistemininin mövcudluğu bütün türk dünyası üçün vacibdir”.