• 5 Noyabr 2024
logo
Bayramov ABŞ rəsmisi ilə görüşdü: sülh danışıqları...

Bayramov ABŞ rəsmisi ilə görüşdü: sülh danışıqları...

18 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Baymedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumata yayıb.

Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Azərbaycanın cari ildə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib.

İkitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərə baxmayaraq, bəzi ABŞ rəsmilərinin qərəzli fikirlərinin ikitərəfli münasibətlərə mənfi təsir etdiyi diqqətə çatdırılıb. Bu xüsusda, 16 sentyabr tarixində Ermənistanın ABŞ-dəki səfirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamalarına istinad edilərək, bu kimi çıxışların Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik olduğu, ölkəmizin suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıdığı vurğulanıb.

Görüş zamanı post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanla Ermənistan arasında normallaşma və sülh sazişi üzrə aparılan proses barədə qarşı tərəfə məlumat verilib. Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Bölgədəyi mina təhdidləri qeyd edilib, bu istiqamətdə mümkün əməkdaşlıq nəzərdən keçirilib.

Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb. Bundan əlavə, Ermənistanın hərbiləşdirilməsi siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb - FOTO Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb - FOTO