Dünyada və regionda cərəyan edən proseslər, habelə ictimai münasibətlərin transformasiyası və tükənməz informasiya axını səbəbindən hamımız sanki hansısa bir marafonun iştirakçısına çevrilmişik. Maraqlısı da odur ki, nə bu “marafonun” start siqnalını eşidən olub və nə də ki, onun finiş xəttinin harada olduğunu bilən var. Qeyd olunan şərti sosial-siyasi mənzərə müasir dövrümüzün reallığıdır və adlandırdığımız bu “marafon” ona olan fərdi münasibətimizdən asılı olmayaraq dayanmadan davam edir.
Millət olaraq 30 il ərzində arzularımızın tək ünvanı Qarabağ idi. Bu illər ərzində hər ilin sonu və bütün əlamətdar günlərdə, bayramlarda Allahdan növbəti ildə doğma torpaqlarımızın işğaldan azad olunması, qaçqın və məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtmasını diləyərdik. Nəhayət, bu baş verdi və ümummilli xəyal artıq reallıqdır.
Milli xoşbəxtliyimizin səbəbi olan bu reallığın qorunması hamımızın borcu və vəzifəsi olmalıdır. Biz qalib xalq və bir millət olaraq kimlərəsə imkan verməməliyik ki, sonsuz informasiya, bəzən də qərəzli informasiya axınlarının içində “Şuşada 32 ildən sonra ilk Bilik Günü keçirilir” başlıqlı yazılar diqqətimizdən kənarda qalsın və zamanla adiləşsin. İlk baxışda adi görünən bu xəbərlərin əslində ideoloji müstəvidə böyük mahiyyəti var və bu cür tarixi hadisələr mütləq olaraq gənc nəslin yaddaşına qürurla həkk olunmalıdır.
Hər bir vətənpərvər vətəndaşın səsi belə bu cümləni oxuyan zaman qürur hisslərini yaşadığı üçün mütləq titrəməlidir. Necə ki, Ulu Öndər Heydər Əliyevin: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” - sözləri heç kəsi biganə saxlamadığı kimi, eləcə də bu günlərdə yaşanan möhtəşəm hadisələrin milli xoşbəxtliyimizin səbəbi olmalarına heç kəs maneə ola bilməz. Bu cür unudulmaz hadisələrə sevinməyən və ya bu cür hadisələrə kölgə salmaq istəyənlər bu gözəl millətdən ola bilməz...
İnşaat işlərinin müvəqqəti səs-küyü quruculuq və abadlaşdırmanın əhəmiyyətinə kölgə sala bilmədiyi kimi, kimlərinsə qərəzli yanaşması və mənasız demaqogiyası da şahidi olduğumuz yeni reallığın möhtəşəmliyinə zərrə qədər ziyan gətirə bilməz. Bəli, dövlət quruculuğu prosesində irimiqyaslı nəhəng tikililərdə olduğu kimi çətinliklər yaşana bilər. Ancaq kimlərinsə qeyri-peşəkar və məsuliyyətsiz yanaşmaları quruculuq prosesinin mahiyyət və əhəmiyyətinə zərər gətirə bilməz. Siyasəti xalqa və dövlətə xidmət etmək üçün yox, məhz xəstə ambisiyalarını ödəmək üçün seçmiş siyasi alverçilərə emosional manipulyasiyalar vasitəsilə bizdən bu milli xoşbəxtlik hisslərinin oğurlamalarına imkan verməməliyik.
Odur ki, Xankəndi şəhərində yenidən məskunlaşan sakinlər və Qarabağ Universitetinin ilk tələbələri bu gün sadəcə öz talelərini yox, həm də müəyyən mənada yeni reallığın parçası olaraq Vətənimizin yeni tarixini yazırlar. Milli xoşbəxtliyə inanmağın zamanıdır.
politoloq Asif Adil