İran heç vaxt güclü rəqib qarşısında səsini çıxara bilməyib
İranda Zəngəzur dəhlizilə bağlı narahatlıq güclənib. Beləki ötən həftənin sonlarında İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi Zəngəzur dəhlizini əleyhinə çıxış edib.
O "Mehr" agentliyinə deyib ki, İslam Respublikası Zəngəzur dəhlizini “qırmızı xətt” hesab edir və sərhəddə hər hansı dəyişikliyə qəti cavab verəcək.
İbrahim Əzizinin sözlərinə görə, Zəngəzur dəhlizinə dair geosiyasi proseslər İranın marağında deyil.
İranlı deputat deyib ki, ölkəsinin ərazi bütövlüyünə təhlükə yaranarsa, rəsmi Tehran özünü müdafiə edəcək.
İranlı parlamentarın açıqlaması Ermənistanda az qala toy-bayram səviyyəsində qarşılanıb. Belə ki, Ermənistan KİV-ləri İbrahim Əzizinin bəyanatını sürətlə tirajlayıblar.
Qeyd edək ki, bu, son bir həftədə İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı üçüncü səs-küylü bəyanatıdır. Bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani və xarici işlər naziri Abbas Araqçi də oxşar açqılama ilə çıxış ediblər.
Xatırladaq ki, Moskvanın son zamanlarda Bakını Naxçıvanla Ermənistan üzərindən birləşdirən dəhlizə dəstək verməsindən sonra İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla bir araya gəlib.
Görüşdə ikitərəfli münasibətlər, ölkələrin ərazi bütövlüyü və qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Cənubi Qafqazda regional əməkdaşlıq müzakirə edilib.
Cənubi Qafqazda gedən proseslər barədə danışarkən İran XİN rəsmisi bildirib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə və istənilən geosiyasi dəyişikliyə qarşı çıxır.
Qeyd olunub ki, tərəflər “3+3” formatında gələcəkdə keçiriləcək iclas və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü haqqında fikir mübadiləsi aparıblar.
Bundan bir neçə gün öncə isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İranın Zəngəzur dəhlizinə münasibətini şərh edərkən deyib ki,
müvafiq razılaşma tərəflərin qarşılıqlı razılığı əsasında və qarşılıqlı məqbul şərtlərlə elə bir şəkildə əldə olunacaq və həyata keçiriləcək ki, bu, həm Azərbaycanın, həm Ermənistanın, həm də regiondakı qonşu dövlətlərin, müvafiq olaraq Rusiya, İran və Türkiyənin maraqlarına cavab versin.
“İran rəsmilərinin Zəngəzur dəhlizinin açılması ideyasından narahatlıqlarını ifadə edən bəyanatlarının şahidi olduq. Mənə elə gəlir ki, siz birbaşa Tehranla əlaqə saxlamalısınız”, - o bildirib.
Politoloq Elşən Manafov "Xalq Cəbhəsi"nə deyib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ilk baxışda beynəlxalq hüququn dövlətlərin sərhədlərinin toxunulmazlığı ilə bağlı müddəalarına əsaslansa da, əslində onun regiondakı geosiyasi maraqlarına, habelə dəhlizin açılacağı təqdirdə tranzit maraqlarının ziddinə olan amillərdən irəli gəlir: "Dövlət sərhədlərinin toxunulmazlığı ilə bağlı amillərə söykənən İran tərəflərin razılığı olmadan dəhlizin açılacağı təqdirdə İran və Ermənistan arasında sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğunu bəyan edir, gerçəkdə isə İranı narahat edən digər məsələlərdir.
Regionla bağlı Rusiya ilə ortaq geosiyasi baxışlara malik olan İran Rusiyanın Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin təmin edilməsi üçün Ermənistan ərazisindən dəhlizin açılması təklifindən narahatlığını bəyan edib. Bu məsələ bu günlərdə İranın Xarici İşlər Nazirliyinin Avrasiya Baş idarəsinin rəisi Müctəba Dəmirçilinin Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla göruşundə muzakirə obyekti olub.
İstisna deyil ki, qurudan dəhlizin açılmasını bölgədə İranda Türkiyə və Azərbaycanın mövqelərinin güclənməsi kimi dəyərləndirən dairələr var.
Dəhlizin bağlı qalması şəraitində Azərbaycan və Türkiyənin İran ərazisindən tranzit kimi istifadə etməsi məlumdur, bu isə İrana tranzit tərəfi olaraq mənfəət götürmək imkanlarını verir".
E.Manafov onu da qeyd edib ki, İranı düşündürən digər məsələ bu dəhlizin Şimal Cənub nəqliyyat dəhlizi üçün alternativ olacağı ilə bağlı amillərdir.
Ortaya çıxan sual Rusiyanın Şimaldan Cənuba Terkiyə və ya İran tərəfindən baglanmasıdlr. Əgər Türkiyə üzərindən çıxış olarsa, bu Rusiyaya İraq ərazisindən keçməklə Bəsrə körfəzinə çıxmağa imkan verəcək, bu isə Rusiyaya, həm də Ermənistan ezərində varlığını qoruyub saxlamaq uçun lazımdır: "İranın Zəngəzur dəhlizi ilə bağlı digər bir narahatlığı isə Qərbin suverenlik pərdəsi altında dəhlizə nəzarətin Ermənistana həvalə edilməsidir, belə ki, bu layihə Qərbin Ermənistan vasitəsilə regiona çıxışına, o cumlədən İrana yaxınlaşmasına hesablanıb ki, bu məsələdə İran və Rusiyanın maraqları üst-üstə düşür, zira tərəflər Qərbin regionda öz nüfuz dairəsini genişləndirmək ugrunda istəklərinə qarşı birgə çıxış edirlər.
Azərbaycan Prezidenti İ.Əliyevin regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı 3+3 formatında layihəsi də Qərbin regional problemlərin nizamına müdaxiləsini məqbul bilmir".
Maraqlı məqamlardan biri də ABŞ-ın bir daha çıxmamaq şərtilə ilə Qafqaza yerləşməsinə İranın səssiz qalmasıdır.
ABŞ-ın Zəngəzurda gizli hərbi baza qurması ilə bağlı yayılan məlumatlar haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi Yücel Karauz deyib ki, Vaşinqton bunu da Ermənistan vasitəsilə həyata keçirir. Eyni addımları Rumıniya və Yunanıstanda da atıblar.
General bildirib ki, bunun arxasında bir sıra strateji məqsədlər dayanır: “Birincisi, İranı nəzarət altında saxlamaq, ikincisi, Türkiyəni şərqdən mühasirəyə almaq, üçüncüsü, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını əngəlləmək, münaqişə vəziyyətindən öz məqsədləri üçün istifadə etmək, sonuncusu isə Rusiyanı Gürcüstana doğru genişlənəcək şəkildə cənubdan mühasirəyə almaqdır. Bütün bunlar fonunda ABŞ-ın qapalı və açıq şəkildə Ermənistanı təlimlər, silah yardımı vasitəsilə dəstəkləyərək, bölgədə ədalətli sülh istəmədiyini açıq şəkildə deyə bilərik”.
Karauz İranın səssizliyinin ağlasığmaz davranış olduğunu vurğulayıb: “İran heç vaxt güclü rəqib qarşısında səsini çıxara bilməyib. İranın dini lideri Xamenei Pezeşkianın andiçmə mərasimində Paşinyanı qəbul edib, Zəngəzur dəhlizinin açılmasının Ermənistanın milli təhlükəsizlik maraqlarına zərbə olması, sərhədlərin toxunulmazlığı və “qədim” dostluq, qardaşlıq barədə nağıllar danışdı. Amma Zəngəzurda ABŞ hərbi bazasının qurulmasının əsas hədəfinin İran olduğunu bilə-bilə bu haqda Ermənistana bir kəlmə belə etiraz bildirmədi, sanki dilini udub. Təsəvvür edin, ən böyük düşmən elan etdikləri ABŞ-ın belə orda olmağına razıdırlar, amma türkün Zəngəzurda olmasını milli təhlükəsizlik maraqlarına təhdid hesab edirlər. İran Suriya və İraqda olduğu kimi, məntiqə sığmayacaq addımlar atır”.
General qeyd edib ki, nəticə etibarilə ABŞ-ın Zəngəzura yerləşməsi hərbi üstünlüyü Ermənistanın xeyrinə dəyişə bilməz: “Siyasi nəticələrinə isə Azərbaycan dövləti cavab vermək iqtidarına, gücünə sahibdir”.
Y. Karsuz onu da qeyd edib ki, İran Qafqazda getdikcə tək qalır. Buna görə də Türkiyə və Azərbaycanın sülh, sabitlik və əmin-amanlıq üçün irəli sürdüyü təkliflərə, çağırışlara, hətta “3+3” platformasına müsbət cavab verməkdən yayınır, Ermənistanı özündən asılı vəziyyətə salmaq istəyir. Hazırda İran mövcud vəziyyətə başqa bir siyasətlə yanaşır. Buna görə də Rusiya ilə qarşı-qarşıya gəlir.
O əlavə edib ki, hazırda İranın apardığı siyasət ikiüzlülükdən başqa bir şey deyil: “Zəngəzur dəhlizi Ermənistanın ərazi bütövlüyü üçün təhlükə deyil. Zəngəzur dəhlizi ilə bağlı üçüncü bir ölkə deyə bilməz ki, bura bizim qırmızı xəttimizdir. Heç kim kiminsə ərazi bütövlüyünü, sərhədlərini dəyişdirmək niyyətində deyil. Əgər İran sərhədlər üçün bu qədər narahat olurdusa, niyə 30 il Azərbaycan torpaqlarının işğal altında qalmasına susdu? Məsələ burasındadır ki, Zəngəzur dəhlizi İrana zərər verəcək bir layihə deyil. Sadəcə İran bunu anlamaq istəmir. İran ağıllı siyasət həyata keçirərsə, bu dəhlizdə rolu artar”.
General əlavə edib ki, dəhlizlə bağlı İranın bir sıra narahatlıqları mövcuddur: “İran dəhliz açılarsa ölkəsinin gəlirlərinin azalacağını və strateji əhəmiyyətini itirəcəyini düşünür. Təbii ki, bu, heç də belə deyil. Məlumdur ki, İranda hakimiyyət din üzərində qurulub. Dini hakimiyyətin strateji prioritetləri arasında Türkiyə və Azərbaycanın güclənməməsi, bölgəyə sülhün gəlməməsi əsas məsələlərdən biridir. İran indi nə danışırsa, danışsın hamısı boşdur. Zəngəzur dəhlizi açılmadığı təqdirdə Ermənistan adlı bir dövlət olmayacaq. Zəngəzur dəhlizinin açılmasının geci-tezi var. Zəngəzur dəhlizi bölgəyə yalnız sülh gətirəcək”.
Cavid