• 22 Oktyabr 2024
logo
Azər Kərimli: Fransa hökuməti Hərbi Qənimətlər Parkında öz hərbi texnikasının da nümayiş etdirilməsini arzulayır

Azər Kərimli: Fransa hökuməti Hərbi Qənimətlər Parkında öz hərbi texnikasının da nümayiş etdirilməsini arzulayır

Azərbaycanın davamlı xəbərdarlıqlarına baxmayaraq, Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları, eləcə də digər silah növləri ilə təchiz etməsi rəsmi Parisin, nəyin bahasına olursa-olsun Cənubi Qafqazda sülh prosesinə maneə yaratmaq niyyətindən əl çəkmək istəmədiyini bir daha sübuta yetirir.
Bu sözləri xalqcebhesi.az saytına açılqlamasında millət vəkili Azər Kərimli deyib.
Millət vəkili qeyd edib ki, həm ölkə daxilində, həm də xaricində, xaotik və aqressiv qərarlarıyla nüfuzunu itirən Makron hökumətinin öz uğursuzluqlarını Ermənistana silah satışı ilə pərdələmək cəhdlərinin heç bir perspektivi yoxdur: “XXI əsrdə, bəşəriyyyətin utanc yeri olan müstəmləkəçilik siyasətini davam etdirən Fransa hökumətinin Cənubi Qafqazı öz maraqlarının savaş meydanına çevirmək, bu məqsədlə Ermənistanda revanşizmi stimullaşdırmaqla onu yeni münqaqişəyə təhrik etmək niyyəti, ən yaxşı halda rəsmi İrəvanın daha ağır şərtlərlə altında növbəti kapitulyasiya aktını imzalamasına gətirib çıxara bilər. Ola bilsin ki, Fransa hökuməti Bakıdakı Hərbi Qənimətlər Parkında öz hərbi texnikasının da nümayiş etdirilməsini arzulayır".
Azər Kərimlinin sözlərinə görə, Fransa Afrikada, həmçinin öz sərhədlərindən minlərlə kilometr uzaqlıqda yerləşən "dənizarxası ərazilərində" iflasa uğramaqda olan neomüstəmləkəçilik siyasətini Ön Asiyanın bu ən həssas və strateji bölgəsinə daşımaqla subregional və regional təhlükəsizlik mexanizmlərinə, qarşılıqlı faydalılıq prinsipi üzərində qurulan, enerji, logistika və digər sahələri əhatə edən inteqrasiya prosesinə zərbə vurmağa çalışır: “Parisin davranışlarından belə anlaşılır ki, Azərbaycan-Ermənsitan münasibətlərinin normallaşması və Cənubi Qafqazda davamlı sülhə nail olunması, heç vaxt, o cümlədən Azərbaycan torpaqlarının işğal altında qaldığı müddətdə də rəsmi Parisin siyasi gündəliyində yer almayıb. İşğal dövründə Fransa, çox güman ki, Ermənistanın regional himayəçilərində qıcıq yaratmamaq üçün aqressiyasını qismən də olsa gizlətməyə, vasitəçiliyin yamaqlı maskası altında gizlənməklə sonsuz və mənasız danışıqlar prosesi vasitəsilə bölgəyə təsir imkanlarını qoruyub saxlamağa çalışıb”.
Azər Kərimli bildirib ki, Avropa İttifaqının Silah İxracına dair Davranış Kodeksi, Avropa İttifaqı Şurasının Silah Brokerliyi üzrə ümumi mövqeyi bir çox halda Aİ üzvü olmayan dövlətlərə silah satışını qadağan edir: “Sözügedən sənədlər və BMT-nin Silah Ticarəti Müqaviləsi münaqişəyə səbəb ola biləcək və ya münaqişəni uzada biləcək hərbi texnologiya və avadanlıqların digər dövlətlərə ötürülməsinə qarşıdır. Adları çəkilən regional və beynəlxalq sənədlərdə qeyd olunur ki, bir ölkə heç bir halda bu və ya digər ölkəyə ixrac edəcəyi hərbi texnika və avadanlıqların etnik təmizləmə, soyqırım, insanlığa qarşı digər cinayətlərə, Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasına yol açacağını və ya mülki şəxslərə qarşı istifadə oluncağını bildiyi halda buna yol verməməlidir. Göründüyü kimi, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, nəinki üzərinə götürdüyü öhdəliklərtə əməl etmir, başqa ölkələrin də beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməmələri üçün də yeni presidentlər yaradır”.