• 20 May 2024
logo
Geosiyasi nəzəriyyələr və mükəmməl insan fenomeni

Geosiyasi nəzəriyyələr və mükəmməl insan fenomeni

Son illər, siyasi leksikonumuza daxil olan və təəssüf ki, açıq ifadə etmək istəmədiyim səbəblərdən yeri gəldi-gəlmədi istifadə olunan terminlərdən biri də geosiyasətdir. Təəssüf ki, bir çox hallarda bu mövzuda geosiyasi nəzəriyyələrlə yaxından tanış olan peşəkarlardan daha çox, bu sözün tez-tez təkrarlanmasının insanı daha çox “ağıllı” göstərdiyini düşünənlər danışırlar. Məhz bunu nəzərə alaraq, qəzetimizdə və saytımızda vaxtaşırı geosiyasi nəzriyyələrlə bağlı məqalələrlə çıxış etmək qərarına gəldim. Öyrənmək heç vax gec deyil. Öz təcrübəmdə buna dəfələrlə əmin olmuşam.
Bu günkü yazımda geosiyasətin iki əsas klassik prinsipindən biri – tellurokratiya və onun təzahürləri haqqında danışacaq, kontinental güc və dəniz gücü anlayışlarının müasir geosiyasi proseslərə təsiri haqqında söhbət açacağam.
Klassik geosiyasi yanaşmalara görə dünya gücləri forma etibari ilə əsasən iki hissəyə bölünürlər: Tellurokratik və talassokratik dövlətlər.
Bu konsepsiyanın təməlində, əsasən, tellurokratik və talassokratik dövlətlərin hansı vasitələrlə genişlənmələri, ekspansiyası dayanır.
Orduya, hərbi ənənələrə, mühafizəkar və mərkəzləşdirilmiş siyasi idarəetmə sisteminə söykənən, quruda genişlənməni geosiyasi maraqlarının başlıca hədəfi hesab edən dövlətlər tellurokratik dövlətlər hesab olunurlar.
Klassik tellurokratik dövlətlərə nümunə olaraq Monqol-tatar və Böyük Moğol imperiyalarını, Azərbaycan Səfəvilər Dövlətini, Osmanlı imperiyasını və Çini göstərmək olar.
Rusiya və Almaniya isə qismən klassik tellurakratik dövlətlər hesab olunurlar.
Güclü və inkişaf etmiş donanma vasitəsilə həm hərbi, həm də iqtisadi müstəvidə dənizlərdə ağalıq etmək niyyəti güdən və məhz bu yolla genişlənməni – ekspansiyanı hədəf götürən dövlətlər isə talassokratik dövlətlər sayılırlar.
Tarixin arxivinə gömülmüş Venesiya və Karfagen, öz mövcudluqlarını bu gün də qoruyub saxlayan Amerika Birləşmiş Ştatları və Böyük Britaniya isə talassokratiyanın klassik nümunələridir.
Haushoferin geosiyasi nəzəriyyəsinə görə, talassokratiya və tellurokratiya bir-birilərinin əksidir: Ağ-qara, Xeyir-Şər, yaxud İn və Yan kimi... Əgər müasir dünyada tellurokratiya özünü avrasiyaçılıqda, imperiya unversalizmində büruzə verirsə, talassokratiya atlantizm, yəni liberal-burjua demokratiyası ideyasının daşıyıcısı kimi təqdim olunur.
Nəzəri baxımdan, talassokratik dövlətlər tellurokratik dövlətlərdən daha demokratik, daha liberal və açıq cəmiyyətlərə malik olurlar. Amma bu o demək deyil ki, tellurokratik dövlətlərdə birmənalı olaraq avtoritarizm hökm sürür.
Pyotr Savitski və Lev Qumilyova görə, dualizm kontinental güc – tellurokratiya ilə dəniz gücü – talassokratiya arasındakı əbədi qarşıdurmanın ən dərin və ən ilkin qatlarında özünü daha qabarıq şəkildə büruzə verir.
Mehen və Makinder isə hesab edirlər ki, dualizm özündə düşmənçilik toxumu daşıyır və bu toxum münbit siyasi, hərbi şəraitə düşərsə iki ayrı tarixi-mədəni sivilizasiya – demokratiya və ideyakratiya arasında total qarşıdurmalara yol aça bilər.
Kontinental güc - tellurokratiya konkret əraziyə və dəqiq sərhədlərə malik olduğu üçün bu dəqiqlik hər kəsin, xalqların, dövlətlərin qeyd-şərtsiz tabe olduğu ciddi hüquqi və mənəvi normaların formalaşmasına zəmin yaradır. Torpaq bərkdir, dayanıqlıdır, möhkəmdir. Bu dayanıqlılıq isə öz növbəsində sərt və bəzən də amansız doqmatik normaların, tabuların, toxunulmaz ənənələrin yaranmasına yol açır. Zaman keçdikcə bu ənənələr, dəyərlər ictimai şüurun alt qatına oturuşur və dəyişikliyə məruz qalmadan nəsildən nəsilə ötürülən etik normaların, prinsiplərin formalaşmasına səbəb olur. Bu baxımdan, tellurakratik cəmiyyətlər fərdiyyətçilik, şəxsiyyət amili, təşəbbüskarlıq arxa plana keçir, kollektivçilik, ierarxiya isə onə çıxır.
Dəniz gücü – talassokratiya isə ticari sivilizasiya olduğu üçün daha dinamik və texniki inkişafa meyllidir. Talassokratik cəmiyyətlərdə şəxsiyyət amili, fərdi təşəbbüskarlıq, hərəkət və dinamika hər zaman ön planda olur.
Bu qəbildən olan sivilizasiyalar tellurokratik dövlətlərlə müqayisədə daha aktiv inkişaf edir, mədəni və mənəvi dəyərlərini onu hədəfə aparan yolun şərtlərinə uyğun bir şəkildə dəyişə bilirlər.
Talassokratiya və yaxud atlantizm dünyaya müstəmləkəyə çevrilməsi mümkün olan adalar silsiləsi kimi yanaşır. Avrasiya isə bu adalar silsiləsinin əsas həlqəsi hesab olunur.
Tellurokratiya və yaxud avrasiyaçılıq isə dünyanı fəth edilməyə hazır olan böyük və bütöv bir torpaq sahəsi kimi görür. Dəniz gücü qəsb etdiyi torpaqları müstəmləkəyə, quru gücü isə əyalətə çevirir. Bu yanaşmalar arasındakı ən böyük fərq isə ondan ibarətdir ki, əyalət ölkənin bir parçası hesab olunur, müstəmləkə isə yox.
Tellurokratiya və Talassokratiya qarşıdurmasının məntiqi nəticəsi olaraq dəniz gücü kontinental gücün ərazilərinin bir hissəsini nəzarəti altına almaq üçün ona hücum etməlidir. Lakin qurunun dərinliklərinə doğru birdən-birə irəliləmək mümkün olmadığı üçün ilk növbədə keçici nəzarət ərazilərinə – qurunu əhatə edən sahilyanı bölgələrə sahiblənmək lazım gəlir. Makinderə görə, tellurokratiyanın – qurunun daxilində dünyanın mərkəzi yerləşir. Və bu mərkəzi qısa bir zamanda qəsb etmək imkansız olduğundan, “anakonda üzüyü” və ya sanitar, bufer zonası yaradılmasına ehtiyac duyulur. Bu strategiya XX əsrdə planlı bir şəkildə həyata keçirilirdi və 1990-cı illərdən başlayaraq Şərqi Avropada, bu gün isə dünyanın bir çox bölgələrində, o cümlədən Aralıq dənizi hövzəsində baş verən proseslər bu strategiyanın hələ də qüvvədə olduğunu sübuta yetirir.
Makinderin məşhur dünyaya sahiblənmək formulu belə səslənir: Kim Şərqi Avropaya nəzarət edirsə, o bütün Avrasiyaya nəzarət edir. Kim Avrasiyaya nəzarət edirsə, deməli bütün dünya onun nəzarətindədir. Bu gün bu formulu müəyyən qədər genişləndirmək və Şərqi Avropanı sahilyanı zolaqla əvəz etmək olar. Hazırda Baltik dənizi və Qara dəniz uğrunda gedən mübarizə və Aralıq dənizi hövzəsinin bütün sahilyanı zolağına nəzarət uğrunda aparılan qanlı müharibələr, sahilyanı ərazilərə, limanlara sahiblənmək mücadiləsi də çox güman ki, Avrasiyaya tam nəzarəti əldə etmək üçün “Anakonda üzüyü”nü tamamlamaq məqsədi daşıyır.
Zbiqnev Bzejinski öz məşhur “Böyük şahmat taxtası” əsərində dünyaya nəzarət üçün 5 əsas regiona sahiblənmənin vacib olduğunu vurğulayır. Bunlar Ukrayna, Qafqaz, İran, Türkiyə və Koreyadır. Bzejinskinin qənaətinə görə dünyaya nəzarətin açarı bu 5 regionlarda yerləşir.
Prinsip etibarilə, sahilyanı zolaqlara nəzarəti ələ almaqla Avrasiyaya sahiblənmək strategiyası ilə Bzejinskinin açar rolunu oynayan regionlarla bağlı mülahizələri üst-üstə düşür. Nəticədə məqsəd eynidir...
Dünya dəyişir, informasiya və kommunikasiya texnologiyaları inkişaf edir və özü ilə yanaşı yeni nəzəriyyələr gətirir.Yeni və daha praqmatik strateji yanaşmaların yaranmasına, bir çox hallarda geosiyasətin klassik prinsipləri ilə uzlaşmayan, daha çevik və daha qısa zamanda həyata keçirilməsi mümkün olan, müxtəlif nəzəriyyələrin sintezindən alınmış real və ya manipulyativ gedişlərin tətbiqinə imkan yaradır.
Tellurokratiya və talassokratiyanın bizə təqdim olunan əbədi qarşıdurmasında birbaşa müdaxilə kimi hədəfi və nişançını açıq şəkildə nümayiş etdirən klassik və universal imperialist təfəkkürü ön planda dayanırdısa, müasir geosiyasi oyunlarda bilərəkdən müdaxilə etməmək, məqsədyönlü şəkildə sərmayə yatırmamaq, tərk etmək, idarə olunan xaos kimi yeni geostrateji manevrlərin şahidi oluruq. İndi bir çox bölgələrdə baş verən proseslərdə fəal iştirakın deyil məqsədyönlü fəaliyyətsizliyin də məcburetmə vasitəsi kimi effektiv nəticələrini görmək mümkündür. Belə hakimiyyət, yaxud qlobal nəzarət legitim olmasa da bu və ya digər güc tərəfindən oyun qaydalarının diqtə olunmasına, yeni situasiyanın yaradılmasına imkan verir və kifayət qədər effektiv nəticələrə gətirib çıxara bilir.
İndi geosiyasətdə tellurokratiya və talassokratiya kimi klassik istiqamətlərlə, həmçinin ərazi sistemləri arasındakı münaqişələrlə yanaşı, beynəlxalq terrorizm, narkotrafik, texnogen və ekoloji fəlakətlər kimi qlobal təhlükələrə də diqqət yetirmək lazım gəlir.
Geosiyasi təhlillərdə yeni subyektlərin iştirakı getdikcə daha çox nəzərə çarpır:
Yeni inteqrasiya təsisatları, transmilli şirkətlər, beynəlxalq hökumət və qeyri hökumət təşkilatları, separatçı hərəkatlar, diaspor qurumları, terror təşkilatları və s.
Bütün bunlar isə insanı konkret coğrafi məkanla bağlayan və onun identikliyini müəyyənləşdirən mədəni-siyasi əsasların əhəmiyyətinin artmasına gətirib çıxarır.
Artıq uzun illərdir ki, Avropa geosiyasəti məkan, ərazi geosiyasətindən insan faktoru geosiyasətinə transformasiya olunur. Yeni geosiyasi ərazilərin nəzarətə götürülməsi prosesində “insan haqları” kimi humanitar konsepsiyalardan istifadə edilir.
Resurslar və ayrı-ayrı geosiyasi məkanlar üzərində nəzarət etmək üçün istifadə olunan mexanizmlərin sayı da kifayət qədər artıb. Hərbi müdaxilə ilə yanaşı humanitar qəsbkarlıq, informasiya müharibəsi kimi amillər daha geniş şəkildə tətbiq olunmaqdadır.
İstənilən nəzəriyyə nisbidir, praktikada tətbiq oluna və ya olunmaya bilər. Bu və ya digər gücün yüzillik strateji hədəflərini müəyyənləşdirən araşdıramaların və nəzəriyyələrin açıq şəkildə ifadə olunması və yayımlanması isə onların real istifadədə olduğunu şübhə altına alır. Belə nəzəriyyələr çox vaxt diqqətin əsas hədəflərdən yayındırılmasına, ictimai rəyin yönləndirilməsinə xidmət edir və şübhəsiz ki, təbliğat xarakteri daşıyır.
Təbii ki, bu yanaşmada müəyyən istisnalar da var: Geosiyasətin klassik istiqamətləri elmi araşdırmalar, tarixin bu və ya digər dönəmində baş verən prosesləri təhlil etmək və nəticə çıxarmaq üçün bir vasitədir. Lakin geosiyasətin təməl prinsipləri, klassik istiqamətləri belə müasir dünyada baş verən hadisələrin obyektiv şərhi üçün əsas sayıla bilməz. Çünki bəzən ən qlobal proseslər çox cüzi, əhəmiyyətsiz bir hadisədən, kiminsə şəxsi iqtisadi, yaxud siyasi maraqlarından, ani aqressiyasından, düşünülməmiş, emosional davranışından, daxili qəzəbinin, hikkəsinin üzə çıxmasından qaynaqlana bilər.
Təəssüf ki, bir çox hallarda kifayət qədər intellektual potensialın sərf olunduğu nəzəriyyələrin belə sadaladığım şəxsi ambisiyaların, natamamlıqların və maraqların pərdələnməsi üçün bir vasitə rolunu oynaması da mümkündür.
Heç bir geosiyasi nəzəriyyə, o cümlədən nə tellurokratiya, nə də talassokratiya mükəmməl deyil. Mükəmməl olan insan amili, konkret coğrafiyada yaşayan toplumun dəyərlərinə, ənənələrinə sadiq qalmaqla elmi-texniki tərəqqinin bütün yeniliklərinə sahiblənə bilməsi, özünüqoruma istinktinin reflektiv yox intellektual müstəvidə özünü büruzə verməsidir. Geosiyasi nəzəriyyələri yaradan da, tarixin gedişatını dəyişən də insandır. Mükəmməl insan! Azərbaycanın timsalında bu reallığı görmək mümkündür. Əlavə şərhə ehtiyac duymuram...

Elçin Mirzəbəyli