• 18 May 2024
logo
Azərbaycan hər zaman özünü dövlət kimi aparmağı bacarır

Azərbaycan hər zaman özünü dövlət kimi aparmağı bacarır

Azərbaycan müstəqillik dövrünün ilk illərindən cəlb olunduğu münaqişəyə torpaqlarının iyirmi faizdən çoxunu itirməklə, milyondan çox qaçqın və məcburi köçkünlə və minlərlə vətəndaşını itirməklə başladı. Beynəkxalq arenada tək qalan Azərbaycan 30 il ərzində çox uzun və yorucu yol qət etdi. Bu illərə bir çox siyasi hadisələri, iqtisadi uğurları sığışdıran Azərbaycan uğurlu iqtisadi siyasətini insan kapitalına çevirməklə hərbi sahədə apardığı reformlarla, müasir silah-sursatla silahlanan NATO standartlarına uyğun ordu yaratdı. Qardaş Türkiyənin yaxından iştirakı ilə güclü ordu quran Azərbaycan son nəticədə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi ilə noyabrın 10-da qəti və birmənalı qələbə çaldı.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Azər Qasımov deyib. Onun fikrincəz, Ermənistan kapitulyasiya aktı hesab olunun "10 noyabr" bəyannaməsinə imza atmaqla məğlub olduğunu rəsmən təsdiq etdi. Bundan sonra gərgin və təhlükəli oyunlar başlandı. Sülhməramlı adı ilə Qarabağa rus ordusu 5 il müddətə daxil oldu. Azərbaycanın qələbəsinə kölgə düşdüyünü hesab edənlər oldu. Qələbədən 3 il keçdi. Keçən il bu günlərdə Azərbaycan Laçın keçidində sərhəd keçid məntəqəsi yaratmaqla prosesləri öz istədiyi məcraya yönəltdi və son olaraq 2023-cü il 19 sentyabrda keçirilən antiterror əməliyyatı 24 saatdan az bir müddətdə yenidən qələbə ilə başa çatdı ki, bunun nəticəsində Qarabağdakı bütün erməni silahlı birləşmələri tərksilah edilməklə yanaşı, bütün erməni əhali öz istəyi ilə Qarabağı tərk etdi. Azərbaycan öz ərazisində separatizmə son qoymaqla yanaşı, gələcəkdə bu separatizmin yenidən baş qaldırmasının qarşısını birdəfəlik aldı. İndi gündəlikdə sülh müqaviləsi danışıqları gedərkən Qarabağda yerləşmiş rus sülhməramlıları da ərazini tərk etmək qərarı aldı. Artıq onların Qarabağda qalmasının heç bir əhəmiyyəti yox idi. Azərbaycan müasir tarixinin ən qürurverici nailiyyərinə çatdı. Bunlara Qazaxın işğalda qalan 4 kəndinin də Ermənistanla əldə edilmiş razılığa əsasən danışıqlar yolu ilə geri qaytarılması da əlavə olundu. Göründüyü kimi Azərbaycan tək regionda yox, bütün dünyada ilk dəfə ərazisindəki problemi həll edən ölkə kimi tarixə düşdü.
Bunların ardınca Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya yola düşdü. Həm Rusiya Prezidenti Vladimir Putin ilə görüşmək, həm də BAM-ın (Baykal-Amur Magistralı) tikintisinin başlanmasının 50 illik yubiley tədbirində iştirak etmək üçün Rusiyaya gedən Azərbaycan Prezidenti Rusiyada xoş qarşılandı. Qarşılıqlı əlaqələrin iki ölkənin inkişafının göstəriciləri baxımından müsbət istiqamətdə inkişaf etdiyi qeyd edildi.
BAM-ın tikintisində mərhum Heydər Əliyevin o vaxtlar nazirlər sovetinin birinci müavini kimi nəqliyyat sahəsinə cavabdeh şəxs olaraq verdiyi töhfələr qeyd edildi. Heydər Əliyevin bu istiqamətdə fəaliyyəti məmnunluqla xatırlandı. Həmçinin ötən il Ulu öndərin 100 illik yubileyinin Rusiyada da mötəbər və genişmiqyaslı tədbirlərlə qeyd edilməsi vurğulandı.
Bu səfərin Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması kontekstində baş verməsi ilk növbədə iki ölkə liderlərinin qarşılıqlı anlaşma və qərarları əsasında, qarşılıqlı hörmət və yüksək siyasi mədəniyyət şəraitində həyata keçir.
A.Qasımov qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünün bərpa olunmasında apardığı uzunmüddətli mübarizəyə rus sülhməramlı adı ilə Qarabağa yerləşmiş qoşunları da ərazidən çıxarmaqla son qoydu. Bu hadisəyə müxtəlif baxışlar olsa da, Rusiyanın siyasi arenasında belə sülhməramlıların çıxacağı ilə bağlı birmənalı fikir yoxikən Azərbaycan ictimaiyyəti üçün də sürpriz oldu deyə bilərik. Gələn ilin sonunda müqaviləyə görə sülhməramlı kontingentin çıxmasının mümkünlüyü bir çoxlarında şübhə doğurduğu halda bir il tez bu nprosesin baş verməsi əslində, Azərbaycanın Qərb yanında da imicini artırdı. Qərb artıq Azərbaycanın müstəqil siyasət yürüdən, ərazisində heç bir ölkənin və ya təşkilatın ordusu olmayan dövlət olduğu gerçəyini qəbul edəcək. Bununla da Azərbaycanın guya Rusiya ilə birlikdə hərəkət edir tezisi iflasa uğradı, yəni Azərbaycan heç kimin nəzarətində olmadığını isbat etdi.
Qərb bundan sonra Azərbaycana olan təzyiqlərini böyük ölçüdə dayandıracaq. Tezliklə Ermənistanla sülh müqaviləsi imzalanması da baş tuta bilər. Artıq spekulyasiyalara yer yoxdur. Azərbaycan öz gücünü göstərdi: “Rusiyanın bu addımı atacağına şübhələr olsa da, bu, baş verdi. Rusiya bununla həm Azərbaycandan ona zərbə gəlməyəcəyi mesajını verdi, həm də özünə müsbət imic qazandı. Amma Rusiya bunu Azərbaycanın artan gücü qarşısında Azərbaycanla dost qalmaq üçün də etdi.
Rusiya ordusunun Qarabağdan çıxması bütün Qərbə, o cümlədən, Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşmaq istəyən Ukrayna və Ermənistana, hətta Gürcüstana mesaj verməkdən tutmuş, Rusiyanın da sivil tərəfinin olduğu görüntüsü yaratdı. Rusiyanın Ukraynada qazandığı işğalçı imic Qarabağdan çıxmaqla sivil və mədəni, eyni zamanda, hüquqi öhdəliklərə əməl edən ölkə imici ilə əvəz edildi. Rusiya bu addımı ilə göstərdi ki, o, bu günə kimi etdiyi hərəkətlərə məcbur buraxılıb. Məcburiyyət olmayanda Rusiyanın kiminləsə işi yoxdur. Təbii ki, qeyd edilənlər hər kəsin məntiqi ilə Rusiyanın çoxəsrlik siyasətinə uyğun gəlmir.
Hesab edirəm ki, Rusiya bilavasitə Azərbaycan ərazisindən çıxmaqla dar çərçivədə konkret olaraq Azərbaycana yönəlik öz maraqlarından çox az nəsə itirdi, amma geosiyasi olaraq çox böyük qazanc əldə etdi”.
Bu hadisənin ilk növbədə Ermənistanın Brüsseldə Qərblə baş tutan görüşündən sonra olması həm Azərbaycanın əlini gücləndirdi, həm də Qərbi çıxılmaz vəziyyətə saldı. Qərb artıq Rusiyanın işğalçı siyasətindən, dolayısı olaraq Azərbaycanın, Ermənistanı qorumaq planı üzərindən Ermənistana daxil ola bilməyəcək. Çünki bu regionda artıq bir-birinin ərazisini işğal etmək istəyən ölkə yoxdur: “Əminliklə deyirəm ki, indiki məqamda Qarabağdan çıxmaq fikri Rusiyadan gəlib. Rusiya bunu Azərbaycana təklif edib və Azərbaycan bunu məmnunluqla qəbul edib. Bu Azərbaycanın xarici siyasətinin çox istiqamətli olması, qonşu dövlətlərlə münasibətdə etibarlılıq, qarşılıqlı faydalı əməkdaşlığa xidmər edən münasibətlər qurmasının təzahürüdür.
Prezidentin səfəri həm də Ermənistanın Qərblə münasibətlərinə xüsusi bir üstünlük qazanmadan Rusiya ilə münasibətlərini heçə endirməsi şəraitində baş verir. Azərbaycanın isə bəzi Qərb dövlətlərinin qeyri-dost münasibətinə baxmayaraq, ümumilikdə Qərblə münasibətləri normaldır. Bu da ağıllı və məntiqli siyasətin tərkib hissəsidir. Azərbaycanın yürütdüyü siyasət artıq siyasət olmaqdan çox bir ideal film ssenarisidir. Bəli məhz film ssenarisi. Məsələ ondadır ki, son bir ildən çox zaman müddətində baş verən hadisələr əsl ideal bir film ssenarisinin süjet xəttini təşkil edir kimi görüntü sərgiləyir. Məsələn Azərbaycanda kimsə bu günkü kimi nəticələrin olacağını gözləmirdi və bu baxımdan belə nəticə ancaq film ssenarisi kimi ola bilərdi. Amma bu, reallıqda baş verdi. Hesab edirəm ki, belə bir nəticəni Azərbaycan xalqı və dövləti haqq edirdi.
Azərbaycan bütün tərəfdaşlar, xüsusən də, qonşu ölkələrlə qarşılıqlı hörmətə əsaslanan
münasibətləri inkişaf etdirir. Rusiyanın bütün proqnozları alt-üst edib, öz qoşunlarını Azərbaycan ərazisindən çıxarması etimad və qarşılıqlı hörmətin nəticəsi idi. Azərbaycan hər zaman özünü dövlət kimi aparmağı bacarır. Bu, formalaşmış dövlət ənənələrinin
ölkənin idarəçiliyində tətbiq edilməsinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev nahaq yerə demir ki, o, nəyin nə vaxt ediləcəyini yaxşı bilir. Bu, daxili özgüvənin, təcrübənin illərlə formalaşmasının təzahürüdür”.
Politoloq əlavə edib ki, göründüyü kimi regional proseslərin bir vacib mərhələsi də sona çatdı. İndi son olaraq artıq regional çərçivədən çıxaraq geosiyasi status alan Zəngəzur dəhlizi məsələsi aktuallığını saxlayır. Beynəlxalq güclərin maraq dairəsi hesab edilən Zəngəzur dəhlizinin istifadə edilməsi təsir dairəsinin qorunması baxımından dünyanın böyük güclərini bu dəhliz ətrafına yığır. Bu güclər regiona silahlanma və qarşıdurma prizmasından yanaşsalar da, hesab edirəm ki, bu, qeyd edilən qədər də irəli getməyəcək. Silahlanma görüntüsü həmin güclər üçün regiona daxil olmaq üçün sadəcə vasitədir: “Məsələ ondadır ki, Zəngəzur dəhlizinin açılmasında maraqları olan güclər silahlanma yarışı ilə ancaq destabillik əldə edə bilərlər ki, bundan heç kim xeyir görə bilməz. Xeyir əldə etmək üçün ancaq stabillik lazımdır. Geosiyasi qarşıdurma fonunda ən azı Zəngəzur dəhlizinin istifadə edilməsi məsələsi kənar güclərin iştirakı ilə daha da çıxılmaz hal ala bilər. Azərbaycan və Ermənistanın ikilikdə bu məsələni həll etmək şanslarının olması ehtimalı daha təbii və doğru yoldur. Tərəflərin sülh imzalaması durumunda Zəngəzurdan keçən yolun açılması Ermənistanın blokadadan çıxması anlamına gəlir. Ermənistan asan şəkildə Türkiyə vasitəsi ilə Avropaya çıxış əldə edəcək. Amma Rusiyanın bu yola nəzarət etməsindən kənarlaşdırılmaq istənilməsi Qərbin tələbi olduğu üçün Ermənistan bu məsələni uzadır. Azərbaycan Prezidenti də vurğuladı ki, "10 noyabr" bəyannaməsinin 9-cu bəndinə əsasən bu yoldan keçid maneəsiz olmalıdır və yola Rusiya FTX nəzarət etməlidir. Azərbaycan da bunda heç bir mane görmür. Amma Ermənistan öz imza etdiyi sənədin şərtini həyata keçirməkdən imtina edir. Təbii olaraq Ermənistan buna məcbur edilə bilər”.
Prezidentin səfəri zamanı qeyd edilən "Şimal-Cənub" nəqliyyat dəhlizinin ikinci Baykal-Amyr magistralı masştabına qədər genişləndirilməsinə başlanılmasına start verilməsi də vacib məsələrdən oldu. Bu, həddindən artıq geniş və böyük maliyyə tələb edən proyekt olduğu üçün bu layihənin tam olaraq həyata keçirilməsinə qərarın verilməsi də həm strateji xarakter daşıyır, həm də siyasi iradə tələb edir.: “Hazırkı ənənəvi marşrutdan 40% qısa və 30% ucuz olan Şimal-Cənub Nəqliyyat Dəhlizinin uzunluğu 7,200 kilometr təşkil edir. Layihənin əsas məqsədi alternativ marşrutlarla müqayisədə çatdırılma vaxtının azaldılması və qiymət baxımından effektivliyin artırılmasıdır. Fars körfəzi – Süveyş kanalı – Aralıq dənizi – Baltik dənizindən Helsinkiyə dəniz yolu ilə yüklərin daşınması 45-60 gün təşkil edirsə, Şimal-Cənub dəhlizi üzərindən daşımalar 20-25 gün ərzində həyata keçirilir.
Azərbaycan bu dəhlizin ərazisindən keçən hissəsində xeyli işlər görüb. Görüləcək işlərə də tezliklə start veriləcəyini hesab etmək olar. Hesab edirəm ki, indiki məqamda "Şimal-Cənub" dəhlizi barədə məsələnin gündəmə gətirilməsi Rusiyanın istəyidir və bu baxımdan Zəngəzur dəhlizinin açılması mütləqdir. Odur ki, tezliklə bu istiqamətdə hadisələrin sürətlənəcəyinə şübhə yeri qalmır”.

Cavid