• 27 Aprel 2024
logo
4 kənd düşmənə aiddir: əgər qaytarmasaq… - Aslanyan

4 kənd düşmənə aiddir: əgər qaytarmasaq… - Aslanyan

Baş nazir Nikol Paşinyan son çıxışları zamanı Tavuşun dörd kəndinin (Qazax rayonunun Ermənistanın işğalı altındakı 7 kəndindən anklav olmayan 4 kəndi nəzərdə tutulur – red.) yer almadığı Ermənistan xəritəsinin maketini göstərib.

Baymedia.az xəbər verir ki, bu sözləri Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputatı Akop Aslanyan yerli mediaya açıqlamasında deyib.

“Bu, Almatı Bəyannaməsi əsasında qəbul edilmiş xəritədir. Ermənistanın ərazisi 29.800 kvadrat kilometrdir (əslində isə 29,743 kv.km – red.). Bu, Ermənistanın BMT-yə üzv olduğu xəritədir. Xəritədə göstərilənlər birbaşa yerdə əsas götürülür. Məhz bunun əsasında delimitasiya və demarkasiya danışıqları aparılır. Bizə məxsus olan bizim olmalıdır, düşmənə məxsus olan isə qaytarılmalıdır”, - Aslanyan qeyd edib.

O, sərhədlərin dəqiqləşməsinə şimaldan başlamağı düzgün hesab edib, çünki onun fikrincə, Tavuş bölgəsində tərəflər kompromisləri daha tez və asan tapa bilər, sonra isə bu razılaşma digər ərazilərdə dərinləşməlidir:

“Kim dedi ki, biz əraziləri birtərəfli qaydada veririk? Biz həmişə demişik ki, Azərbaycan Ermənistanın 31 kəndinin həyati əhəmiyyət daşıyan ərazilərindən çıxmalıdır. Bu proses Tavuşdan başlamalıdır. Ermənistanın imtinası Azərbaycanı İrəvanı destruktiv mövqedə ittiham etməyə əsas verə bilər”.

Akop Aslanyan Ermənistanın bu prosesdən imtina edəcəyi təqdirdə Paşinyanın danışdığı hərbi ssenarini istisna etməyib.