• 17 Aprel 2024
logo
Mərakeşli jurnalistlər Ağdam və Şuşaya səfər etdi

Mərakeşli jurnalistlər Ağdam və Şuşaya səfər etdi

Azərbaycana səfər çərçivəsində bir qrup mərakeşli jurnalist Qarabağ iqtisadi rayonunun Ağdam, Əsgəran və Şuşa şəhərlərinə səfər edib.

Bu barədə Baymedia.az-a Azərbaycan Diaspor Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, nümayəndə heyəti öncə Ağdam şəhərində Pənahəli xanın “İmarət” kompleksinə, Cümə məscidinə və Ağdam Dövlət Dram Teatrının qalıqlarına baxış keçirib, ermənilərin törətdiyi vandalizm aktlarının şahidi olub. Qonaqlara tarixi abidələrimizin dağıdılması, Ağdamın Baş Planına uyğun şəkildə aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Sonra Əsgərana yollanan nümayəndə heyəti bu şəhərdə aşkarlanmış kütləvi məzarlığa baxış keçirib və çəkilişlər aparıb.

Həmçinin, Şuşa şəhərinin mərkəzi meydanından başlayan tanışlıq zamanı Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri, Aşağı Gövhərağa məscidi, Şuşa qalası, Cıdır düzü ziyarət edilib.

Komitənin verdiyi məlumata görə, Şuşa rayon İcra Hakimiyyətinin binasında qonaqlarla görüşən Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov qədim şəhərimizin tarixi, işğal illərində məruz qaldığı vandalizm aktları, burada aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildiyini nəzərə çatdırıb.

Daha sonra mərakeşli jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, nümayəndə heyətinə MAP agentliyinin redaktoru Mohammed Aswab, “L’Opinion” nəşrinin redaktoru Anass Machloukh, “Le Matin” qəzetinin redaksiya direktoru Souhail Nhaili, “Al Bayane” qəzetinin direktorluğunun rəhbəri, nəşrlər üzrə direktor Mahtat Rakas, “La Vie Eco” qəzetinin direktoru Fahd İraqi, “Le Desk” müstəqil rəqəmsal mətbu orqanının həmtəsisçisi Fatima Lqadiri, “TelQuel” fransızdilli həftəlik xəbər jurnalının əməkdaşı Yassine Majdi, BBMTV onlayn xəbər kanalının operatoru Bouchaib Brhadda və müstəqil fotoqraf Bahou Elhassan daxildir.