• 27 Yanvar 2022
logo
Jurnalistlərin qeyri-etik davranışları ilə bağlı şikayətlər niyə çoxalır?

Jurnalistlərin qeyri-etik davranışları ilə bağlı şikayətlər niyə çoxalır?

Qulu Məhərrəmli: “Bu xüsusilə onlayn mediada təsadüfi adamların çoxalması ilə birbaşa bağlıdır”

Rəfail Becanov: “Jurnalist öz işini görərkən, etik prinsipləri əsas götürməlidir”

Son zamanlar jurnalist etikası ilə bağlı şikayətləri çox eşidirik. Müsahiblə davranış tərzindən tutmuş, yalan informasiyaların yayılması, mətni özündə ehtiva etməyən başlıqların qoyulması, qərəz və digər arzuolunmaz məsələlər az qala adi hal alıb.
Hazırda, mediada jurnalist etikası prinsipləri nə qədər qorunur, problemlər nə ilə bağlıdır?
Bu məsələ ilə bağlı ekspertlər fikirlərini “Xalq Cəbhəsi”nə bölüşdülər
Bakı Dövlət Universitetinin (BDU)professoru, əməkdar jurnalist Qulu Məhərrəmli diqqətə çatdırdı ki, bu gün jurnalistlərin qeyri-etik davranışları ilə bağlı şikayətlərin çoxalmasının əsas səbəbi media sferasında, xüsusilə saytlarda - onlayn mediada təsadüfi adamların çoxalması ilə birbaşa bağlıdır: “İstənilən ixtisas sahibi bu sahədə çalışa bilər. Amma mütləq jurnalist fəaliyyətinin etik əsaslarını, etik prinsiplərini, xəbərlərin düzgün çatıdrımasını, balanslı xəbər verilməsini öyrənmək lazımdır. Adicə müsahibə zamanı etik davranışları qorumaq lazımdır. Çox təəssüf ki, bir çox hallarda bunlara riayət olunmur. Yəni bu nöqsanların yaranmasının əsas səbəbini qeyri peşəkarlıqda görürəm. Bunun da qarşısını almağın ən yaxşı yolu həmin adamların jurnalistikadan, etik prinsiplərdən xəbərdar olmalarıdır. Bu çox vacibdir”.

Kriteriyalardan birinə əməl etmədikdə...

“Cmhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov bildirdi ki, jurnalist etikası dedikdə düzgünlük, obyektivlik, vicdanlılıq, qərəzsizlik kimi mühüm keyfiyyətlər və əxlaq normaları başa düşülür. Baş redaktorun fikrincə, kriteriyalardan birinə əməl etmədikdə arıtq peşə etikasının pozulması baş verir: “Bu isə cəmiyyətin yanlış yönləndirilməsi, oxucunun, izləyicinin informasiya təminatından sui-istifadə deməkdir. Vicdanlı, obyektiv jurnalist etikadan kənara çıxmamağa və etik prinsiplərə əməl etməyə çalışır. Təəssüf ki, biz əks hallarla da rastlaşırıq.
Jurnalistika həm də məsuliyyət deməkdir. Əgər bir yazı ilə, bir xəbərlə cəmiyyətdə əhvalı dəyişmək, düşüncəyə təsir etmək mümkündürsə, deməli, məsuliyyət digər etik kriteriyalarla eyni sırada dayanır. Məsuliyyətsizlik cəmiyyətdə fəsadlara yola aça bilər. Ona görə də jurnalist öz işini görərkən, etik prinsipləri əsas götürməlidir.
Bilərəkdən yalan, yanlış inforasiya yaymaq, səhlənkarlıq səbəbindən faktları dəqiqləşdirməmək, yaxud hər hansı faktları bilərəkdən təhrif etmək, milli məsələlərdə naməlum və ya şübhəli mənbələrə istinad etməklə cəmiyyətə yanlış, yaxud yalan informasiya vermək peşənin verdiyi imkanlardan sui-istifadədir. Belə hallarda təkcə jurnalistin deyil, həm də onun çalışdığı media quruluşunun fəaliyyəti şübhə altına düşür. Ona görə də informasiya məsuliyyətinə hər bir jurnalist, media quruluşu önəm verməyə borcludur. Bu həm də imic məsələsidir”.

Əks arqumentlər

R.Becanov əlavə edib ki, informasiya məkanının rəqəmsallaşdığı bir dövrdə bizim dediklərimiz – düzgünlük, obyektivlik, vicdanlılıq, qərəzsizlik, məsuliyyət məyyən mənada qəbul olunmaya bilər: “Əks arqumentlər səsləndirilə bilər ki, indi xəbər an məsələsidir və sosial medianın nəinki print medianı, az qala internet medianı önlədiyi bir zamanda peşə etikası informasiya rəqabətində uduzmaqdır. Amma elə deyil. Peşə etikası, dəqiqlik və opertaivlik hamısı bir yerdə olduqda bu, etibarlı oxucu, izləyici auditoriyası deməkdir. Tutaq ki, hər hansı bir onlayn media quruluşu informasiya yayır və xəbərə qətiyyən aidiyyatı olmayan bir bir başlıq qoyur. O, oxucunu, izləyicini bir dəfə, uzağı 2-3 dəfə aldada bilər, sonradan həmin oxucuları, izləyiciləri itirəcəyi şübhəsizdir. Bəs səbəb nədir? Səbəb peşə etikasınını qorunmaması, jurnlaist etikasına əməl edilməməsidir. Amma ciddi media quruluşları təsdiqlənmiş, etibarlı mənəbəyə istinad edərək, daha dolğun və dəqiq məlumat yerləşdirməklə, öz auditoriyasının da genişləndirir. Bununla da auditoriyanın etibarını qazanır”.

Belə adamlar jurnalist deyil

Baş redaktor diqqətə çatdırıb ki, Azərbaycanda belə etibar qazanmış media quruluşları var və onların fəaliyyəti hər zaman təqdir olunur: “Lakin əks fəaliyyətlə məşğul olan media nümunələri də az deyil. Oxucu audtoriyaları olmasa da, sosial şəbəkələrin imkanlarından yararlanaraq, özlərini reklam edə bilirlər. Yalan xəbərlər, faktsız yazılar, böhtanlar, bəzən hədələyici xəbərdarlıqlar belə yazmaqdan çəkinmirlər. Məqsəd nədir? Məqsəd adı keçən subyektləri şantaj etməkdir. Belə adamlar jurnalist deyil. Amma qanunvericilikdə olan müəyyən boşluqlar onların da jurnalsit adına iddia etməsinə səbəb olur. Qanunvericilk bazasında bu nüanslar nəzərə alınmalıdır.
Konkretləşdirsək, media əxlaqı deyilən bir norma var və o normadan kənarda peşəkarlıq yoxdur. Əgər jurnalist o normadan kənara çıxırsa, bu, peşənin verdiyi imkanlardan sui-istifadədir. Bu isə jurnalistikanın imicinə zərbə vurur. Bizim əsas hədəfimiz bu kimi halların qarşısını almağa yönəlməlidir. Bunun üçün də mümkün qədər ictimai qınaq olmalı, həmin jurnalistlər və media adına iddia edən quruluşlara qarşı həm ictimai formada, həm də hüququi formada mübarizə aparılmalıdır.
Bizim jurnalistikamızın kökləri sağlamdır. Mediamız dünya mediasından auditoriyasına görə kiçik olsa da, peşəkarlıq baxımından ciddi şəkildə geri qalmır. Dünya stadartlarında xəbər hazırlamaq gücündə olan media nümunələrimiz, jurnalistlərimiz var. Ona görə da sabahımızdan, inkişafımızdan əndişələnməyə dəymir. Amma dediyimiz kimi etikadan kənar jurnalist və jurnalsitikamız da mövcuddur. Sadəcə onun böyüyüb, peşəkarlığı əzməsinə, peşəkarlıqdan önə keçməsinə imkan vermək olmaz. Yalançı İP-lər, sosial şəbəkə izləmələri bizi çaşdırmamalıdır.
Söz və mətbaut azadlığının inkişafı xaosdan yox, peşəkarlıqdan və etibarlı oxucu auiditoriyasından keçir. Jurnalistin vəzifələri və etikası, peşə kodeksi kimi prioritetlər qarşımızda duran əsas məsələ olmalı və jurnalistlərimizin peşəkarlığının artması üçün bu kimi məsələlərə xüsusi önəm verməliyik”.
Əli Zülfüqaroğlu