• 19 Mart 2024
logo
Vaksinasiyanın artan aktuallığı

Vaksinasiyanın artan aktuallığı

Dünya ölkələri və xalqları pandemiyaya qarşı mübarizəni davam etdirir. Müşahidə olunan tendensiyalar mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir. Vaksinasiyada iştirak artıq vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bu gün əhalinin 4 növ vaksin seçimi var. Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 2 milyon dozadan artıq peyvənd istifadə edilib. Onların hər biri effektiv və təhlükəsizdir.

Pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVİD-19 virusuna gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Məsuliyyətsiz addımlar cəmiyyətin gələcəyini təhlükə altına qoyur, görülmüş işləri və sərf olunmuş vəsaiti heçə endirir.

Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.

Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir. Ona görə də buster dozasının alınması sürətləndirilməlidir. Müxtəlif xarici ölkələrdə də artıq buster dozasının vurulmasına başlanılıb. Koronavirusun ştammlarından qorunmaq üçün buster dozasının vurulması tövsiyə olunur.

Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştammlarına qarşı güclüdür;

ABŞ-ın elmi mərkəzləri tərəfindən keçirilmiş tədqiqatlara əsasən buster dozasının effektivliyi sübut olunmuşdur. ÜST-ə və Kanadanın müvafiq qurumuna əsasən buster dozasının istifadəsi immunsupressiv hallarda və ən çox ehtiyacı olan həssas qruplarda tövsiyə edilir. Tədqiqatlara görə buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artmışdır.

Koronavirusun mutasiyası nəticəsində yeni “Delta”variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3cü peyvənd dozası – buster dozası təklif olunur. Nəzərə alınmalıdır ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər. Bu mənada vətəndaşlar peyvəndin sayından daha çox, onun nəticəsinə, özünün, yaxınlarının, bütövlükdə cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına daha çox önəm verməlidir. Yalnız belə olanhalda biz bu qlobal bəladan xilas ola bilərik.

Pənah İmanov,
politoloq