• 19 Aprel 2024
logo
Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından düzgün istifadə edilmir

Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından düzgün istifadə edilmir

Media və Mülki Cəmiyyət İctimai Birliyinin “Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili” adlı layihəsi davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində iyunun 20-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycan ədəbi dilinin qorunmasında mətbuatın rolu” mövzusunda növbəti ictimai müzakirə keçirilib.

Tədbiri layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədovaçaraq bildirdi ki, dil xalqın özünüqoruma instinktini gücləndirən, onu səfərbər edən və birləşdirən, həmçinin bir toplumu digərlərindən fərqləndirən və müdafiə edən ən etibarlı vasitədir. Ona görə də ədəbi dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir: “Həyata keçirdiyimiz bu layihədə internet saytları, radio və televiziya kanalları, o cümlədən, dublyaj edilən filmlərdə, bədii tərcümələrdə, metroda, küçə və meydanlardakı reklamlarda, afişalarda ədəbi dil normalarının mövcud vəziyyəti və problemlərindən bəhs olunur”.

Layihə rəhbərinin sözlərinə görə, müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi Azərbaycan dilinin istifadə sahəsindən də yan keçməmişdir. Ötən illər ərzində Azərbaycan dilinin rəsmi statusunun təminatı, ədəbi dilin daha da zənginləşməsi və tətbiq dairəsinin genişlənməsi istiqamətində atılan bir sıra ciddi addımlar son dərəcə mühüm əhəmiyyət kəsb edir. Lakin müasir texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsinin sayəsində dilimizi zənginləşdirməklə yanaşı, əcnəbi söz və ifadələrin yersiz daxil edilməsi dilimizi mənfi təsirlərə məruz qoyur.

Mövzu ilə bağlı məruzə ilə çıxış edən filoloq Vasif Sadıqlı bildirib ki, layihə çərçivəsində aparılan və hazırda da davam edən monitorinq zamanı çox ciddi pozuntular aşkarlanıb: “Müşahidələrimiz göstərir ki, orfoqrafik səhvlərin bəzilərində qanunvericiliyin tələblərinə əməl edilməməsinin də rolu var…”

Məruzəçi qeyd edib ki, bir sıra televiziya kanallarımız dil normalarını kobudcasına pozmaqla onu nüfuzdan salır, digər tərəfdən ucuz, şit, bayağı, xaltura verilişlər, qeyri-peşəkar dublyajlar, seriallar öz dilini sevənlərin də xarici (xüsusən Türkiyə) kanallarda yüksək səviyyəli film və verilişlərə baxması ilə nəticələnir. Bunun yekunu olaraq öz dilini sevən insanlar da başqa (rus, Türkiyə türkcəsi, ingilis) dillərin təsiri altına düşmək riski ilə üzləşir. Artıq dilimizin təkcə leksik deyil, həm də qrammatik normalarının pozulması faktları çoxalmaqdadır. Aşağıda verilən nümunələr – yazı başlıqları bunu aydın şəkildə göstərir:

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə” (http://karabakhmedia.az)

“Xəstəliklə boğuşan Musa Yaqub: “…bezmişəm daha” – (Sonxeber.az)

“Müəllimi qəribə səbəblə polisə şikayət edən direktor” (XezerXeber.az)

“AZAL-ın “uçan” və dodaq uçuqladan qiymətləri: – “Dünyanın ən baha aviaşirkəti adını özündə saxlayır” (güninfo.az).

“Monitorinq bir daha göstərdi ki, Kütləvi informasiya vasitələrində, reklam lövhələrində, televiziyalarda müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilmir, dildən istifadə qüsurlarına yol verilir”-deyə məruzəçi qeyd edib.

Filologiya elmləri doktoru, professor İdris Abbasovtədbirdə çıxış edərək maraqlı fikirlər səsləndirdi. İ.Abbasovun fikrincə, dövlətimizin əsas atributlarından biri olan ana dilimizin saflığı və zənginliyi mükəmməl mənəvi varlığımızın, sarsılmaz milli birliyimizin təcəssümüdür. Dövlət dili azərbaycançılıq məfkurəsinin başlıca hədəflərinə çatmağa imkan verir. Əlbəttə, bu faktorlar qloballaşma şəraitində dövlət dilinin istifadəsinə və inkişafına yüksək həssaslıq və diqqətlə yanaşmağı tələb edir.

Dilçi alimə görə, əksər hallarda reklam və afişalarda Azərbaycan dili və mədəniyyəti nəinki doğru təbliğ olunmur, hətta bəzi hallarda əcnəbi dil və mədəniyyətlərə güzəştə gedilir: “Təəssüf ki, Dilçilik İnstitutu bu kimi problemlərin öhdəsindən gəlmək iqtidarında deyil. Son illərdə Azərbaycan dilinin ədəbi dil normaları ilə bağlı pozuntular nəinki azalmış, hətta artmışdır… Böyük dilçi-alimin və onun çalışdığı elm müəssisəsinin ictimaiyyətə təqdim etdiyi qrammatika kitabı başdan-başa ədəbi dil normalrını pozursa, jurnalistə, aparıcılara, sənət adamlarına hansı haqla irad tutula bilər”?

İ.Abbasov hesab edir ki, əksər hallarda ədəbi dil normaları səriştəli yazıçıların, jurnalistlərin, sənət adamlarının fəaliyyəti sayəsində qorunur.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktor müavini Xalidə Musayeva öz çıxışında qeyd edib ki, bəzi televiziya aparıcıları, tərcüməçilər Azərbaycan dilinin incəliklərinə bələd deyillər: “Daha konkret şəkildə desək, onlar sadəcə, Azərbaycan dilini yaxşı bilmirlər. Əcnəbi dillərdə söz və ifadələrdən istifadənin geniş hal alması müraciət etdiyimiz ictimai problemin aktuallığından xəbər verir. Çünki bütün bu mənfi halların artması ana dilinin potensial imkanlarından lazımınca istifadəsində bəzi çətinliklər yaratmaqdadır və Azərbaycan dilinin gözəlliyinə zərər vurur”.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının şöbə müdiri Qənirə Əliyeva bildirib ki, bədii tərcümələr içində yüksək səviyyəli, peşəkarcasına həyata keçirilmiş tərcümələr az deyil. Lakin təəssüflər olsun ki, son illərdə yazıb-yaratmqda olan ədəbi gəncliyin Azərbaycan dilinə və ümumən Azərbaycan oxucusuna qarşı nümayiş etdirdiyi ədəbi sayğısızlıq bədii tərcümə materiallarında da təzahür edir.

Tədbir iştirakçısı olan digər çıxışçılar da Azərbacan ədəbi dil normalarının qorunması, eləcə də oxucu və tamaşaçıların ədəbi-bədii zövqünün formalaşması istiqamətində mətbuatın mühüm rol oynaya biləcəyini bildirdilər.