• 28 Mart 2024
logo
Deputat: ““KİV haqqında” qanun müasir tələblərə cavab vermir, bu sahəni tam əhatə etmir”

Deputat: ““KİV haqqında” qanun müasir tələblərə cavab vermir, bu sahəni tam əhatə etmir”

“Postmodernist cəmiyyətlər informasiya cəmiyyəti kimi xarakterizə olunur. Bu isə o deməkdir ki, informasiya cəmiyyətin bütün sahələrinə, o cümlədən, siyasi sistemin bütün struktur elementlərinə təsir edən hətta onun keyfiyyətini təyin edən əlahiddə bir vasitədir. Ona görə hazırkı mərhələdə informasiya təhlükəsizliyinin təmin edilməsi mühüm milli çağırışlardan biridir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Vətən müharibəsində də, ondan əvvəl də, postmüharibə mərhələsində də antiazərbaycan mərkəzlərin ciddi cəhdlə milli informasiya məkanımızı manipulyasiya etməyə cəhd göstərməsinin bir daha şahidi olduq: “Doğrudur, hazırda Azərbaycanda informasiya mühitimizin milli maraqlar əsasında formalaşmasını təmin etmək üçün xüsusi qurum - Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu yaradılıb və xüsusi konsepsiya əsasında fəaliyyət göstərir. Ancaq hazırda həmin qurumun informasiya məkanında milli maraqlarımızın lehinə olan informasiya mühitini motivasiya etmək imkanları məhduddur. Ona görə ki, bu qurum yalnız çap mediasını maliyyələşdirə bilir. Hazırda isə çap mediasının informasiya mübadiləsi prosesində yeri və rolu arzu edilən səviyyədə deyil. Ona görə də

KİVDF gələcək fəaliyyətində daha çox milli informasiya məkanımızda dominant rol oyan elektron media, agentlik və portallarla, digər internet resursları ilə işləməyi prioritet istiqamət kimi müəyyənləşdirməlidir. Ancaq hazırda bunun üçün KİVDF-nin hüquqi bazası yetərli deyil. Ona görə də bu istiqamətdə yeni, daha geniş hüquqi bazanın formalaşdırılmasına ehtiyac var. Belə olarsa, biz daha effektiv fəaliyyət göstərən və informasiya maraqlarımıza daha çox xidmət edən bir qurumdan danışa bilərik”.

Deputat Razi Nurullayev isə APA-ya açıqlamasında bildirib ki, medianın hazırkı durumu onu qane etmir: “İlk olaraq medianın tamamilə Azərbaycanın milli maraqlarından kənar şəkildə istifadəsinə yol verilir. İqtidarla müxalifət arasında olan münasibətlərdə KİV, media, qəzet və bu sahədə fəaliyyət göstərən informasiya qurumları rupor rolunu oynayır. Rupor rolunu oynamaq zərbə vurmaqdan ibarətdir. Məsələn, müxalifət mediası hakimiyyəti, nazirləri, ölkənin birinci şəxsini nüfuzdan salmaq üçün lazım olmayan informasiya verməklə xalqı ayağa qaldırmağa çalışır. Nəticədə nə baş verir? Erməni mətbuatı həmin məlumatdan Azərbaycana qarşı istifadə edir, beynəlxalq təşkilatlara verir və s. Bu isə tamamilə mediaya yaraşmayan məsələdir. Bu cür hərəkət edənlər məsuliyyət daşımalıdır. Hər kəs yazdığı yazıya, etdiyi səhvə görə mütləq məsuliyyətə cəlb olunmalıdır. Bu məsələ “KİV haqqında” qanunda əksini tapmalıdır. Çünki mövcud qanun müasir tələblərə cavab vermir, bu sahəni tam əhatə etmir, sosial media, internet jurnalistikası ümumiyyətlə tənzimlənmir. İkinci problem Azərbaycanda çap mediasının vəziyyətidir. Bu gün ölkədə qəzetlər oxunmur, satış bazarı, qəzet redaksiyaları yayımı təşkil edə bilmir. Qəzetlər 30 il əvvəlki qaydada işləyir, 30 il əvvəlki kimi çıxır. Hər kəs məlumatı telefondan alır. Bununla bərabər dünyada çap mediası sıradan çıxmır. Əslində, çap mediasını elə hala gətirmək lazımdır ki, insanlar onu oxumağa həvəs göstərsin. Çap mediası həm mövzu baxımından rəngarəng olmalı, həm də daha rəngli formada çap edilməlidir”.

Deputat qeyd edib ki, KİV sahəsindəki hazırkı durum ölkənin informasiya təhlükəsizliyinə təhdiddir: “Çünki informasiya təxribatları ilə üz-üzəyik, erməni tərəfinin ortaya atdığı istənilən yalan xəbər və dezinformasiya Azərbaycan mediası tərəfindən tirajlanır. Buna yol vermək olmaz. Bu sahədə sistemləşməyə, KİV haqqında yeni qanuna, bu sahəni müasir tələblərə uyğun tənzimlənməyə, tənzimləyəcək yeni quruma ehtiyac var”.

R. Nurullayev nəzərə çatdırıb ki, mediaya nəzarəti təmin etmək və medianı daha da inkişaf etdirmək üçün yaradılan qurumlar bu işin öhdəsindən gəlməyi bacarmayıb:

“Mətbuat Şurası Azərbaycanda medianı tənzimləmək üçün yaradılsa da, sadəcə, reket jurnalistikaya qarşı mübarizə aparan qurum təəssüratı bağışlayır. Bəlkə də Mətbuat Şurasının səlahiyyətləri medianı tənzimləmək üçün yetərli olmadı. KİVDF isə medianın inkişafına kömək etmək üçün yaradılmışdı. Ancaq bu qurumun medianın inkişafına hər hansı kömək etdiyini düşünmürəm. Yeni rəhbərlik nələrsə etməyə çalışsa da, indiki vəziyyətdə həmin qurumun strukturu dəyişməyənə, ona yeni səlahiyyətlər verilməyənədək nəyəsə nail olmaq çox da mümkün görünmür. Daha geniş səlahiyyətli və prosesləri tənzimləyə biləcək quruma ehtiyac var. Bu qurum həm çap, həm də internet jurnalistikasına nəzarət etməlidir”.