• 29 Mart 2024
logo
Qarğı atlı cigidlər, gəldilər və getdilər

Qarğı atlı cigidlər, gəldilər və getdilər

(Boz Kardinalın boz kariyerası)

Tarix o zaman qiymətli olur ki, ondan müəyyən dərslər götürülür. Azərbaycanda milli dövlət – müstəqillik xətti möhkəmləndikcə onun düşmənləri durmadan artmaqdadir. Bu isə təbii bir haldır. Çünki Azərbaycan öz geosiyasi mövqeyinə görə müxtəlif dövlətlərin, hətta deyərdim ki, müxtəlif mədəniyyətlərin və maraqların münaqişə apardığı bir regionda birləşir. Dəfələrlə bu ölkənin dövlət başçılarına, hətta lap otra əsrlərə belə səyahət eləsək - şahlara, xaqanlara və saray əyanlarına onun sərhədlərindən də çox-çox uzaqlarda müxtəlif qəsdlər, təcavüzlər, hücumlar təşkil edilmişdir və hələ də davam etdirilməkdədir. Çox təəccüblüdür ki, indiyəcən Azərbaycan ictimaiyyətinin daxilindəki sabitliyi pozmağa çalışan düşmənlərimiz birdən-birə niyyətlərini vaxtilə yüksək dövlət vəzifələrində təmsil olunan “sapı özümüzdən olan baltaların” əli ilə həyata keçirmək arzusundadırlar. Əlbəttə, bu feodal xülyasından başqa bir şey deyildir. Artıq XXİ-ci əsr, üçüncü minillik- Yeni Eradır, cənablar! İndi texnoelektron dövr-beyin idxalı və beyin ixracı dövrüdür! Tarixi bünövrəmizə ”qırmızı rəngli”, “kommunist nağıl”lı ölkə kimi baxanlar əlbəttə ki, yanılirlar. İndi azyaşlı məktəblilərMakiavellini, Taleyranı, Bismarkı da Azərbaycan nağılları qədər maraqla oxuyurlar.
Bu baxımdan, Prezident Adminstrasiyasının keçmiş rəhbəri Mehdiyevin siyasi reallıqları nağıl kimi yaşaması hamıda təəccüb doğurur. Əlbəttə, 82 yaşlı bir qocanın öz dəbdəbəli keçmişindən gülə-gülə ayrılmaması və əksinə, həyatını yenidən “davamlı inkişafa” çevirməsı narsist xudbinliyin əlaməti kimi görünür. Aşağıları həmişə manqurt halında yuxuya alışdırmaq sağlam təxəyyülün məhsulu ola bilməz. Bu anormallıqdir! Sən metafizikanın qanunlarına zidd gedə bilməzsən, Ramiz Mehdiyev! Çəkil bir neçə saatlığa sakitliyə, hamıdan təcrid olun. Düşün və özünə sual ver ki, kiməm mən, yaşadıgım illərim mənə və xalqa nə verdi, mən nələr ettdim. Məkrli oyunlarını saxlamaq istəyin hələ də varmı? Həmişə eyni oyunu oynamaq mümkündürmü? Məncə yox. Oyun qurtarıb, cənab Mehdiyev! Sən uzun müddət özünü xalqın içərisində yaşamaqdan təcrid etmisən. O xalqın ki, sənə süfrəsinin son tikəsini verib, əlindən tutub məktəbə aparıb, boya-başa çatdırıb, evli-eşikli edib, sənə ümid bəsləyib vəzifə etibar edib. Bəs sən nə etmisən bu xalqa? Onun var-dövlətini talamısan, düşünən başlarını şıkəst etmisən, istedadlı insanlarını doğma vətənindən didərgin salmısan. Bəli, bəli, sən bunları etmisən. Çünki, uzun müddət bu cənnətməkana, Allahın sevdiyi günəşli vətənimizə rəhbərlik etmisən və biz “xırda” adamları bacardıgın qədər əzmisən Ramiz Mehdiyev!
Azərbaycan Şah İsmayıl böyüklükdə bütöv bir həqiqət deməkdir. Bu böyüklüklə barışmayanlar, tumu, toxumu yaş olanlar bizi qarış-qarış kiçildiblər. Vətəni və xalqı bəzən pərakəndə, bəzən də topdansatışa qoyublar. Təki cibləri gözlərini doydursun, sənin kimi! Fəqət bu acgözlük heç zaman doymaq bilmir ki, bilmir. Həyatda ləl-cəvahirat sahibi olmaq, hamını qarşısında diz çökdürmək, itaət etdirmək, son anda vətəni, müstəqilliyi də dağıtmağa cəhd göstərmək kişilik, İnsanlıq deyil. Ancaq və ancaq başqa millətin südünü əmmişlər bunu edə bilər. Bu min illərin köhnə işidi, şablon reseptidir. Çox yol getdiyindən əks reaksiya doğurur. Bu ahıl yaşınızda yalnız müasirləşmək və kamilləşmək lazımdır, Ramiz Mehdiyev. Özü də bu proses Sənin bu çətin durumun üçün hava və su kimi lazımdır. Bu Vətəni, bu Xalqı, bu Dövləti sənin kimi acgözlərdən xilas etmək vəzifəsi Qarabağı azad etmək vəzifəmizdən qat-qat ağır və çətindir. Şəxsi mənafe, satqınliq, məkr və yalan, qisasçılıq imiclərinə görə səni bu yola salanlara, yaxud öz canında mayalanan bu virusları görüb uzun müddət səndən istifadə edənlərə, sonda isə səni yazıq və böyük rus satiriki Qoqolun zavallı qəhrəmanına çevirənlərə bu gün mənim nifrətimin kökündə də sənin kimliyin, itən həqiqət və rəhm hisslərini oyatmağım əsas rol oynayır. Hər bir kəs kimliyindən asılı olmayaraq tutduğu dövlət postunda, yaxud yaşadığı sadə ömür yolunda nə etdiyinin fərqinə varmalı və içindəki Allah sevgisini itirməməlidir. Hər bir kəs etdikləri qarşısında cavab verməlidir. Sən bunları düşünmüşdünmü, Ramiz Mehdiyev?!

KİM KİMİ?! – ZAMAN GÖSTƏRƏCƏK!

20 Yanvar faciəsinə qarşı qəti etiraz aksiyasına başlamış Azərbaycan milli mətbuatının üzərinə (“Kommunist”, indiki “Azərbaycan” nəşriyyatında) rus generalları ilə gələn MK-nin səlahiyyətli nümayəndəsi Ramiz Mehdiyev bilirsiniz nəyi tələb edirdi? Dayandırılmiş qəzetlərin təcili nəşrini və orada Azərbaycanın müstəqillik uğrunda ümumxalq mübarizəsinə ləkə yaxılmasını. “Azərbaycan” nəşriyyatının bu gün həmin hadisəyə şahid olan naşir və mətbəə işçiləri, jurnalistlər Mehdiyevin hansı şəkildə cəzalandığına da şahidlik gətirə bilərlər. Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasına gələrək “yenidənqurma”nın prinsiplərinə zidd olaraq direktor seçkisi prosesini pozması və cəzalandırılması başqa bir söhbətin mövzusudur. Lakin bunlar 30 il əvvəl olub. Elə o vaxtdan mətbuatımız və kinomuz sənin qəzəninə tuş gəlib, sənin “KİN”inin qurbanına çevrilib. Ramiz Mehdiyevin ötən minilin sonu, yaşadığımız minilin isə 20 ilində azad mətbuat üzərinə repressiv hücumları, necə deyərlər, Boz Kardinalın azadfikirliliyə və demokratiyaya qarşı səlib yürüşləri bu gün mətbuat tariximizin ən qara səhifələrini təşkil edir. Mən deyərdim ki, nə çar Romanovlar “Əkinçi”yə, nə də keçmiş SSRİ-nin Azərbaycandakı fövqaladə komissarları azadfikirliliyə qarşı bu qədər kin və qərəzlə yanaşmayıblar. Ramiz Mehdiyevin Azərbaycan mətbuatından və demokratik hərakatdan istəyi nədir? Bu gün Ramiz Mehdiyevə münasibətdə işlənən başlıca epitet “boz kardinallıqdır. Mənim bildiyimə görə, Mehdiyev hələ bir dəfə də olsun bu ürəkbulandırıcı terminə öz etirazını bildirməyib. Deməli, Ənvər kişinin oğlunun könlünə kardinallıq yaxşı yatır, özü də boz olmaq şərtilə. Niyə də yatmasın. Azərbaycanın siyası florasında “boz kardinal”lıq edib xoşallanmağı kim istəməz?! Mən ədəbi-bədii aləmə Azərbaycan mətbuatı mühitindən gəlmişəm. ”Bakı”, “Baku”, “Azərbaycan müəllimi”, “Ədəbiyyat və İncəsənət” ,”İlham” kimi kütləvi tirajla nəşr olunan nüfuzlu qəzetlərin müxbiri, bölmə müdiri və nəhayət “İlham” mədəniyyət qəzetinin redaktoru olmuşam. Sonra Bakı şəhər Mətbuatyayımı idarəsinin sədr müavini, Tiraj Komissiyasının sədri seçilmişəm. Ən doğru və həqiqət yolunu həyat devizi seçərək demokratik mətbuatın dirçəlməsi və inkişafı yolunda əlimdən gələni etmişəm. Bunu o dövrdə qəzet və jurnal nəşr edən, bir sözlə, mətbuat nümayəndələri çox gözəl bilirlər.

Mən o vaxtlar Ramiz Mehdiyev və Əli Həsənovun oyun taktikalarını biləndən sonra dəhşətə gəldim. Elə onların çirkin əməllərini sifətlərinə dediyim, məqsədli “göstərişlərinə” tabe olmadığım üçün məni öz halal işimdən azad etdilər - qanım və canım qədər istədiyim vətənimdən uzun müddət didərgin saldılar. Sanki, ana bətnində ikən dövlətçiliyimizə və xalqımıza qarşı öyrədilmiş, zombiləşdirilmiş bu iki fiqur bilərəkdən Azərbaycan mətbuatından və mədəniyyətindən qisas almaq üçün böyük bir missiyanı həyata keçirirdilər. Redaktoru olduğum ilk xalqçı mədəniyyət qəzeti “İlham”ın nüfuz dairəsi genişləndikcə Ramiz Mehdiyev və Əli Həsənovun intəhasız qəzəbi başqaları kimi bizim də dəyirmanımızın suyunu kəsdi. Zamanında hər cür riyakarlığın və siyasi həyasızlığın çiçəkləndiyi bir dördə “İlham”çılar milli mətbuatımızda həqiqi bir məktəb yaratmaqlarına baxmayaraq, qaragüruhun qurbanı oldular. “İlham”ın yerləşdiyi ofis əlimizdən alındı və fəaliyyəti dayandırıldı. Minlərlə oxucusu və təssübkeşi olan bir ideoloji cəbhə iflasa uğradı. Mənə qarşı mənəvi terrora start verildi. Hücumlara, təhdid və təqiblərə məruz qaldım. Dəfələrlə istintaqa cəlb olundum. Qorxu və həyəcan içərisində yaşadım.Vətənimdə işləmək, çörək pulu qazanmaq yasaq olundu. Məmməd Araz, Xəlil Rza Ulutürk, Həsənağa Turabov, Leyla Bədrbəyli, Budaq Budaqov, Güllü Əbilova, Lütviyar İmanov, Zeynəb Xanlarova, Əliyar Səfərli, Amaliya Pənahova və başqa görkəmli ziyalıların Prezidentə qəzetin fəaliyyəti və mənə edilən qanunsuz hərəkətlər barədə dövlət başçısına etdikləri rəsmi müraciət isə Adminstarsiyada zibil yeşiyinə atıldı.
Əziz oxucular, təbii olaraq sizdə sual doğa bilər ki, nədən Heydər Əliyev kimi böyük idarəçilik məktəbi keçmiş dövlət rəhbərimiz İlham Əliyevin ətrafından heç bir kəs mənə və “İlham” qəzetinə qarşı aparılan bu şərəfsiz mübarizənin, qaydasız oyunun qabağını almağa çalışmadı? Mən bu alçaq, şərəfsiz siyasi texnologiyanın bütün nüanslarına qədər dərin təhlilini aparandan sonra, Boz Kardinal və Əli Həsənovun çox primitiv bir üsul yaratdıqları qənaətinə gəldi: Ramiz Mehdiyev Dövlət-Cəmiyyət, Heydər-Xalq birliyinin bütün zəruri əlaqə, kommunikasiya xətlərini qıraraq bunların üzərində özəl siyasi inhisar yaratmışdı. Beləliklə, cənab Mehdiyev icraçıdan nəzarətçiyə çevrilərək, idarəçilik sisteminin bütün təsir mexanizmlərini məkrli üsullarla öz nəfinə mənimsəmişdi...

TARİXİ PARADOKS

Azərbaycan mətbuatında və geniş ictimai rəydə “əvəzedilməz”, “fenomen”, “fövqəlbəşər” BOZ KARDİNAL kultunun yaradılması, bilavasitə, ictimai-siyasi tariximizin ən satqın, xəyanətkar fiqurlarından birincisi olaraq tanınan Əli Həsənovun ikiüzlü ideologiyasının bəhrəsidir. Sabiq “Doğruyolçu” Əli Həsənovun həyata keçirdiyi tədbirlərin sayəsində bu gün sosial şəbəkə istifadəçilərinin əhəmiyyətli hissəsi iqtidar əleyhinə son dərəcə radikal, barışmaz mövqe nümayiş etdirir. Bunların da baş dirijoru sənsən Ramiz Mehdiyev. Cidanı çuvalda gizlətmək çətindi. Artıq bütün KARTLAR açıqdı... Nəticə - səbəbin yekunudur. Azərbaycan mətbuatını və internet şəbəkələrini bu dərəcədə radikallaşdıran Əli Həsənov əslində keçib gəldiyi satqınlıq MƏKTƏBİNƏ yenidən həyat vəsiqəsi verməyə ümid eləyir. Agent və satqın – ştreykbreyxer Əli milli mətbuatımızın böyük bir qvardiyasını uzun müddət aldatmaqla yanaşı, cənab Prezident İlham Əliyevəyalan məlumatlar vermiş və anti-Azərbaycan cəbhəsini formalaşdırmağa nail olmuşdur. Ramiz Mehdiyevin və Əli Həsənovun göstərişləri əsasında jurnalistlər üçün tikilən yaşayış binasını öz aralarında (bəzi istisnalar və gözdən pərdə asmaq naminə mənzil alan həqiqi jurnalistləri çıxmaq şərtilə) pay-püşk etmişlər. Necə deyərlər, şəxsi kisələrini ağzınacan doldurmuşlar.
Ramiz Mehdiyev, sən sifarışli həbslər həyata keçirmisən. Zamaninda hüquq mühafizə orqanları sənin nəzarətində olub. Onlara nəzarət etmək, vətəndaşların konstitutsya hüquqlarını qorumaq əvəzinə, sənin “nazın”la oynayıblar və çox “oyunlar” törədiblər. Neçə-neçə ailələrin gözlərini yaşlı qoymusan, Ramiz Mehdiyev! Neçə-neçə kişilərin mal-mülklərini əllərindən almısan. Hamısı da bəllidir. Amma bu dəfə “TOY” tutmağın alınmadı. Sənin öz toyunu tutdular! Onun da səsi bütün dünyaya yayıldı. Cəvahirləl Nehrunun gözəl bir fikri var. O, deyir ki, əgər xalqın içində bir Baş yuxarıdısa onu vurmaq yox, xalqi o Başın səviyəsinə qaldırmaq lazımdir. Cənab Mehdiyev, Xalqımızda olan Yuxarı başlar qoymamısan qalsın, bunu bilirsən?! Allah etdiyin günahların əvəzini versin inşallah!

Ölkəmizdə müstəqillik atributları möhkəmləndikcə cəmiyyətdə ziddiyyətlər və toqquşmalar təbii forma alır. Dövlət öz funksiyaları daxilində formalaşır və yeni tarixi mərhələsinə qədəm qoyur. Lakin uzun muddət dövlətin yuxarı “post”larında işləməsindən asılı olmayaraq harınlıq və məsuliyyətsizlikdən dövlətçilik prinsiplərini qəbul etməyi bacarmayanlar cəmiyyətin sosial axınına əngəl törətmək və əhali arasında yerlibazlıq, qisasçılıq toxumu səpərək çaşqınlıq yaratmaq, xalqdan oğurladıqları milyardların xumarına dalmaq istəyirlər. Daha doğrusu, itmiş nüfuzlarını qaytarmaq və millətin dərisini soymaq, qanını zəli kimi yenidən sormaq arzusundadılar. Həyasızlığın dərəcəsinə bir baxın, köhnə vərdişlərindən əl çəkmək, iştahalarını saxlamaq, mənəmlik və harın yaşam tərzinə “dur!” demək əvəzinə bilərəkdən donkixotluq edirlər. Bu cür mövqedə duranlar xalqımızın birliyini dağıtmaq, onu müasir mürəkkəb tarixi şəraitdə mənəvi-əxlaqi cəhətdən tərkisilah etmək, xırda əyalətçilik duyğularından nəhəng millətdaxili düşmənçilik yaratmaq məqsədi daşıyırlar. Belə bir məqsəddə olan 82 yaşlı Ramiz Mehdiyev qocalığın verdiyi imkanları çərçivəsində getmiş boş qatarını geriyə qaytarmağı düşünür. Bu isə ağıla və məntiqə sığmayan bir utopiyadır. Tarixi paradoksdur. Fantasmaqoriyadır! Qarabağ faciəsini törədən və ona rəvac verənlərin dəyirmanına su tökməkdənsə, ziyalılarımızın uzun müddət arasına ədavət toxumu salaraq mal-mülklərinə sahib çıxmaqdansa, haram udmaqdansa, başını aşağı dikib, on milyon xalqda sənə olan antipatiyanı görüb dalda bir guşəyə çəkilib özünə hesabat vermək daha doğru olardı, Ramiz Mehdiyev! Trollarınla ara vurmaqdansa Xalq, Vətən, Torpaq namusu çəkmək məslhətdir, Qoca! Allah rəhmət eləsin M.Ə.Sabirimizə, gözəl deyib:

Olur aləmdə şəxsin himməti miqdari-fikrincə,

Hə himmət gözlənər ondan ki, əfkarı qəbahətdir!

Kürəkənini, qohum-əqrabasını, dostlarını layiq olmadıqları halda parlamentə yerləşdirən, xalqın mandatını satan adam gərək abir-həya eləsin, danışmasın. Günahlarının bağışlanması xatirinə südünü əmdiyi millətin dini ocaqlarına üz tutub Tanriya dualar oxusun. Yoxsa ki, yuxularında gördüyü Prezident adına həsəd apara-apara onun cazibə dairəsində havalanaraq – son ümidi boşa çıxanda isə Elmlər Akademiyasının Prezidenti postunu məngirləyib müqəddəs sayılan elm məbədini təhqir etməyəsən... Ömrünün son baharında gedib sakit bir guşədə heç vaxt əlinə almadığın bir kitab götürüb vərəqləyəsən. Səbrin, iradən, savadın çatsa əgər, ömründə bircə dəfə də olsa o kitabı axıra qədər oxuyub üzünü uca Göylərə tutub deyəsən: - Axir ki, ömrümdə bir kitabı axıracan mən də oxudum. Kərəminə şükür, İlahi! Elə bilirsən ki, zəncirli keçmişinin yaratığı vahimə və xof səni yenidən Ağ atın belinə mindirəcək və yenidən bizi öz əlimizlə vurmaqda davam edəcəksən?! Artıq gecdir, Qoca! Şeyx Nəsrullahlıq elə buracan imiş. İsgəndərlər artıq ayıqdır, get, get, get... və ağıllı ol! Bu gün neçə-neçə şər və yalanlar qarğı atlarının belinə minib covlan etmək arzusu çoxlarının gözündə qalıb. Görünür sənin kimilərin “cıdırına” Azərbaycandan kənarda nə qədər ki, tamaşa eləyənlərin, əl çalanların var, hamısı İblisin son fəryadını gözləyirlər... Necə deyərlər:

Hə оlsun qоlunuz, qаnаdınız vаr,

İblis nəsli kimi bir аdınız vаr.

Еl bilir ахırdа fəryаdınız vаr

Sаmаnlıq Günəşdən оd аlаn kimi.

PS. İndi mənə irad tutanlar tapılar ki, yıxılana balta vurmazlar. Amma mənim “baltam” 1996-cı ildən işləyir. Bunu dövrü mətbuatda bugünəcən onun haqqında çap olunan onlarla məqaləm sübut edir.

Əmir Pəhləvan