• 27 İyul 2024
logo
Mahnı sifarişinə görə qohumunu bıçaqlayana hökm oxundu

Mahnı sifarişinə görə qohumunu bıçaqlayana hökm oxundu

Bakıda toy məclisində qohumunu mahnı sifarişinə görə bıçaqlamaqda təqsirləndirilən Əmrah Alışovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Baymedia.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs isə son söz deyib.

Müşavirədən qayıdan məhkəmədə hökm oxunub.

Hökmə əsasən, Ə.Alışov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Sabunçu rayonu Ləhiş bağları adlanan ərazidə qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Əmrah Alışov içkinin təsiri altında toy məclisində aralarında yaranmış mübahisə zamanı qohumu 1991-ci il təvəllüdlü Rəvan Əsgərovu bıçaqlayıb.

Hadisənin mahnı sifarişi üstündə baş verdiyi məlum olub.

Daha sonra Ə.Alışov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.