• 21 Fevral 2024
logo
BƏT-in hesabatı: İranda etirazçılara qarşı cinsi təcavüz...

BƏT-in hesabatı: İranda etirazçılara qarşı cinsi təcavüz...

Beynəlxalq Əfv Təşkilatının 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyaları zamanı hakimiyyətin nümayişçilərə qarşı repressiyaları, həbsxanalarda zorakılıq faktlarını əks etdirən hesabatı dərc olunub.

Baymedia.az xəbər verir ki, 12 kişi, 26 qadın və 7 yeniyetmənin etiraflarının yer aldığı hesabat 155 səhifədən ibarətdir.

Burada həbs, işgəncə ilə yanaşı, məhbusların həbsxana və təcridxanalarda hökumət məmurları tərəfindən cinsi zorakılığa məruz qaldıqlarını əks etdirən çox sayda faktlar qeyd edilib, onların saxta etirafa məcbur edildiyindən söz açılıb.

Zərərçəkənlər SEPAH, “Bəsic” üzvləri, təhlükəsizlik məmurları, xüsusi təyinatlı polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldıqlarını deyiblər.

Bununla yanaşı, məhkumlara psixatrop dərmanlar verildiyi, tərkibi məlum olmayan iynələr vurulduğu, elektrik cərəyanı verildiyi, saxta etiraf almaq üçün günlərlə ac və susuz saxlanıldığı qeyd edilib.

Zərərçəkənlərin bir çoxu sərbəst buraxıldıqdan sonra daha çox təzyiqlərlə üzləşəcəklərindən qorxduqları üçün başlarına gələnlərə görə şikayət edə bilmədiklərini deyiblər.

Beynəlxalq Əfv Təşkilatının baş katibi Aqnes Kalamar İran məmurlarının həbsxanalarda istifadə etdiyi metodları dəhşətli adlandırıb:

“Araşdırmalarımız və topladığımız dəhşətli ifadələr sübut edir ki, İran İslam Respublikasının məmurları etirazçılara, o cümlədən 12 yaşlı uşaqlara fiziki və mənəvi zərər vurmaq üçün cinsi təcavüzdən istifadə ediblər. Prokurorlar və hakimlər buna məhəl qoymayıblar və ya zərərçəkmişlərin cinsi təcavüz şikayətlərini ört-basdır edərək bu cinayət əməllərində şərik olublar”.

O, noyabrın 14-də qeyd edilən cinayət əməlləri ilə bağlı İran rəsmilərinə müraciət etdiyini, ancaq bu günə kimi heç bir cavab ala bilmədiyini deyib.

Qeyd edək ki, 2022-ci ilin sentyabrından başlayan və bir neçə ay davam edən etiraz aksiyalarında 600-ə yaxın nümayişçi öldürülüb, 20 minə yaxın etirazçı isə həbs edilib.