• 1 Dekabr 2022
logo
Bakıda “dilənçi” narkomanlar peyda oldu – DİN

Bakıda “dilənçi” narkomanlar peyda oldu – DİN

Yeni tədris ilinin başlanması ilə tədris ocaqlarının ətrafında dilənçilər, tüfeylilər artıb. Sosial şəbəkələrdə yayılan iddialara görə, bu şəxslərin arasında narkomanlara da rast gəlmək olur. Bu insanlar əhalinin sıx olduğu yerlərdə dayanaraq vətəndaşlardan pul istəyir, hətta bəzən onlardan yemək üçün nəsə almalarını da xahiş edirlər.
Baymedia.az xəbər verir ki, məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Trend-ə açıqlamasında dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərin profilaktikasının daxili işlər orqanları tərəfindən daim diqqət mərkəzində saxlanıldığını, polis əməkdaşlarının həmin şəxslərlə profilaktik söhbətlər apardığını və onları bu fikirdən daşındırmağa çalışdığını bildirib.
"Bəzən görürük ki, bu şəxslər əməllərini öz həyat tərzinə çeviriblər. Hətta yetkinlik yaşına çatmayanlar da dilənçiliyə sövq edilir. Yetkinlik yaşına çatmayan diləndirilən şəxsin valideynləri varsa, o, polis əməkdaşları tərəfindən evinə təhvil verilir. Digər şəxs barəsində də qanunamüvafiq tədbirlər görülür”, - DİN rəsmisi vurğulayıb.
N.Əliyev bildirib ki, daha çox məscidlərdə, ziyarət yerlərində və insanların sıx toplaşdığı digər ərazilərdə bu cür neqativ hallara rast gəlinir:
“Belə yerlərdə polis əməkdaşları gücləndirilmiş nəzarət həyata keçirir. Dilənçi, avara və tüfeyli həyat tərzi sürən şəxslərin arasında narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən, oğurluq və digər cinayət törədən şəxslər də aşkarlanır və qanunamüvafiq tədbirlər görülür".