• 20 Aprel 2024
logo
Dövlət Komitəsi: İslam dininin siyasiləşdirilməsi yolverilməzdir

Dövlət Komitəsi: İslam dininin siyasiləşdirilməsi yolverilməzdir

“Bəzən Azərbaycanı dini azadlığın pozulduğu ölkələrlə eyni sırada göstərməyə cəhd edirlər”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda din sahəsində mövcud birlik və həmrəylik yüksək dəyərləndirilir: “Təəssüf ki, özünü dünyaya beynəlxalq təşkilat kimi təqdim edən din və vicdan azadlığından danışan qurumlar bəzən Azərbaycan reallıqlarını qərəzli, qeyri-obyektiv formada göstərməyə çalışırlar. Hətta bəzən Azərbaycanı din azadlığı pozulan ölkələrlə eyni sırada göstərməyə cəhd göstərirlər”.
Dövlət Komitəsi sədrinin müavini qeyd edib ki, dini mövqedən yönələn təhdidləri nəzərə alsaq, belə hallar bir an belə Azərbaycana qarşı səngimir: “Reallıq odur ki, Azərbaycan bəşəri dəyərləri zənginləşdirməyə çalışdığı halda küçədə edilən xırda söhbətləri şişirdib beynəlxalq müstəviyə çıxarmağa çalışanlar yanılırlar. Bunun da heç bir xoş nəticəsi olmayacaq. Əksinə bununla onlar öz işlərinə kölgə salırlar”.
Səyavuş Heydərov vurğulayıb ki, Azərbaycanda dini icmaların rahat şəkildə fəaliyyət göstərməsi üçün bütün lazımi şərait yaradılıb.
“Erməni vandalizmini, xüsusilə də işğaldan azad olunmuş ərazilərdəki erməni vəhşiliyini göz ardına vuraraq bu məsələyə kifayət qədər önəm verməkdən boyun qaçırırlar. Hesabatlarda bu faktlara ötəri yanaşılır, yaxud diqqət edilmir, əks olunmur. Eyni zamanda, bir sıra beynəlxalq təşkilatlar xristian və islam dinlərini siyasiləşdirməyə çalışırlar. Təbii ki, İslam dininin siyasiləşdirilməsi yolverilməzdir. Din siyasiləşəndə təhlükəli hala çevrilir”, - o əlavə edib.
Sədr müavini Azərbaycandakı dini icmalara çağırış edib: “Ölkə həqiqətlərini, erməni vandalizmini dünya ictimaiyyətinə çatdırmağa var qüvvələri ilə çalışsınlar, fəal olsunlar. Hədəfimiz dini icmalarla ölkədə mövcud olan dəyərləri daha da qorumaq, inkişaf etdirmək, eləcə də bəşəri dəyərlər üçün olduqca mühüm olan dəyərləri qorumaqdır”.