• 18 Oktyabr 2021
logo
Tanınmış vəkildən Əfqan Hacıyevə cavab: "Qanun belə demir axı..."

Tanınmış vəkildən Əfqan Hacıyevə cavab: "Qanun belə demir axı..."

Cənab Prezidentin 3 aprel 2019-cu il tarixli “Məhkəmə hüquq islahatlarının dərinləşdirilməsi haqqında” proqram xarakterli Fərmanından irəli gələn ən vacib məsələlərdən birincisi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Adi sıravi vətəndaşdan tutmuş ən ali mövqedəki dövlət məmurunadək hər kəs, o cümlədən hakimlər, prokurorlar, vəkillər də bu Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində əməli işlər görməli, nöqsanların və çatışmazlıqların aradan qaldırılması üçün birgə fəaliyyət göstərməlidirlər. Bütün fəaliyyətini Fərmandan irəli gələn vəzifələrin layiqincə icra edilməsi istiqamətində quran Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü, hörmətli Anar Bağırov vəkil həmkarlarına və hakim korpusuna müraciət edərək ədalətli məhkəmə araşdırmasının təmin edilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində qarşımıza çıxan bəzi əngəlləri sadalayıb, birlikdə bu məsələlərin həllinə çağırdı.

Müraciət tam olaraq qanunvericiliyin konkret tələbləri ilə əsaslandırılmışdır; ədalət mühakiməsini həyata keçirən səlahiyyətli şəxslər proses iştirakçılarının xahiş və vəsatətlərinə baxaraq bu vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etməli və işin tam, hərtərəfli araşdırılmasına yönələn vəsatətləri təmin etməlidirlər.

Həmin müraciətə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini və uzun illər hakimlik təcrübəsinə malik hörmətli Əfqan Hacıyevdən cavab gəldi: “Bəzi vəkillər vəsatət qaldırarkən konkret hallara istinad etmir”. Hörmətli Əfqan Hacıyev bildirdi ki, vəkillər əlavə şahidin dindirilməsini tələb edərkən vəsatətdə həmin şahidin adını, soyadını, konkret ünvanını, hansı halla bağlı dindirilməli olmasını göstərmirlər. Ona görə də vəsatətlər təmin olunmur.

Belə bir təəssürat yarana bilər ki, Azərbaycanda fəaliyyət göstərən 2000-ə yaxın vəkildən daxil olan minlərlə vəsatətin heç birində, yaxud da əksəriyyətində vəsatətin tərtibi ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmur, ona görə də vəsatətlər rədd edilir. Qətiyyən inandırıcı və məntiqli olmasa da, fərz edək ki, belədir. Bəs hakimlər proses iştirakçılarının vəsatətlərini rədd edərkən Cinayət Prosessual Məcəlləsinin (CPM) 121-ci maddəsinin 4-cü bəndinin tələbinə əməl edərək həmin vəsatətlərə əsasən qəbul edilmiş qərarlarını əsaslandırırlarmı və həmin qərarda vəsatətin dəlillərinə verilmiş qiymət öz əksini tapırmı? Həmin vəsatətə əsasən qəbul edilmiş qərar vəsatəti qaldıran şəxsə və ya tərəfə verilirmi? Rədd olunarkən, rədd olunma səbəbləri göstərilməklə bəyan edilirmi? Axı Azərbaycan Respublikası CPM-in 221.4 maddəsində konkret olaraq göstərilir ki, cinayət prosesini həyata keçirən orqan bu Məcəllədə digər qayda nəzərdə tutulmayıbsa, vəsatətlərə və xahişlərə onların verilməsindən bilavasitə sonra baxmalı və nəticələri üzrə müvafiq qərar çıxarmalı, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərarın surətini dərhal ərizəçiyə göndərməlidir.

Bu gün Vəkillər Kollegiyasının hörmətli sədri tərəfindən qaldırılan məsələ heç bir əsaslandırılmış qərar çıxarılmadan və səbəb göstərilmədən vəsatətlərin rədd edilməsi ilə bağlıdır. Müraciətə verilən cavab isə əslində müraciətdə qaldırılan, konkret olaraq qanunvericilyin tələbləri ilə əsaslandırılmış məsələlərlə bağlı deyil. Hörmətli Əfqan Hacıyevin müsahibəsində göstərildiyi kimi "vəkillərin bəzən əsaslandırılmamış kortəbii vəsatətlər verməsi və buna görə də bütün vəsatətlərlə bağlı əsaslandırılmış qərarların qəbul edilməməsi" mövqeyi ilə razılaşmaq isə qətiyyən mümkün deyil. Ümumiyyətlə, bu mövqeyi qaldırılan problemin həllinə yönəlmək əvəzinə, bu məsələnin həllindən yayınmaq kimi qiymətləndirirəm.

Bundan əlavə, hörmətli Əfqan Hacıyev müsahibədə vəsatətin baxılmamış saxlanması hallarına toxunaraq vurğulayır ki, "qanunvericilikdə nəzərdə tutulmuş hallarda vəsatət baxılmamış qala bilər. Ola bilər ki, bu vəsatət vaxtında verilməyib. Bu vəsatət artıq məhkəmə baxışında həlli mümkün olmayan vəsatətdir. Ona görə də baxılmamış saxlanılır və həmin qərar protokola əlavə edilir. Bu zaman müdafiəçi dərhal qərarın surətini tələb edir. Halbuki, protokolla tanış olduqda vəsatətin baxılmamış saxlanılması hallarını da orada görəcək”. Azərbaycan Respublikası CPM-nin 121.1.3 maddəsində “bu Məcəllədə nəzərdə tutulmuş hallarda vəsatətin vaxtında verilməməsi onun baxılmamış saxlanılmasına səbəb olur” müddəası var. Bu müddəa əsasən misal üçün desək, hazırlıq iclasında verilməli olan vəsatətin məhkəmə baxışında verilməsi ilə bağlıdır. Ancaq məhkəmələrdə məhkəmə istintaqı zamanı sübutların tələb edilməsi, götürülməsi (kamera görüntülərinin, yazışmaların) şahidlərin dəvət edilib dindirilməsi ilə bağlı vəsatətlərin prosesin müəyyən mərhələsində baxılmamış saxlanması, baxılmasının təxirə salınması halları yüzlərlədir. Məhkəmə vəsatəti heç müzakirəyə də çıxarmır. Halbuki, məsələn, kamera görüntülərinin vaxtında tələb edilib götürülməməsi onun sonra əldə edilməsini mümkünsüz edir. Bir çox hallarda bu görüntülər bir, ən yaxşı halda iki ay saxlanılır. Vəsatət qaldırırıq ki, “kamera görüntüləri götürülsün, iş üçün əhəmiyyəti var, hadisə baş verən yeri əks etdirən görüntülərdir" hakim isə deyir ki, hələlik bu vəsatəti baxılmamış saxlayıram, ittiham tərəfin sübutlarını tam araşdıraq, sonra bu məsələyə qayıdarıq. İttiham tərəfin sübutlarının araşdırılması isə ən yaxşı halda 2-3 ay çəkir. Bundan sora həmin vəsatət təmin olunsa belə, kamera görüntülərini əldə etmək mümkünsüz olur. Yeri gəlmişkən, bu, təcrübəmdə rastlaşdığım və adı çəkilən məhkəməyə aid olan faktdır.

Digər tərəfdən, hörmətli Əfqan Hacıyev həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərə də toxunaraq vurğulayır ki, bəzən məhkəmə istintaqı bitməyincə, xüsusilə ağır cinayətlər üzrə bu tipli vəsatətlərə qiymət verilməsi mümkün olmur. Qeyd etmək istəyirəm ki, həbs qətimkan tədbirinin tətbiq edilməsi üçün maddi və prosessual əsaslar mövcud olmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işlərin hamısı xüsusilə ağır cinayətlərlə bağlı olmur. Bundan əlavə şəxsin ağır cinayət törətməkdə ittiham olunması özü-özlüyündə onun barəsində həbs qətimkan tədbirin tətbiqi üçün əsas deyil. Həmçinin məhkəmənin hazırlıq iclasında həll etdiyi məsələlərdən biri də qətimkan tədbiri ilə bağlı məsələdir. Əgər qanunvericilik qətimkan tədbiri ilə bağlı məsələnin həllini məhkəmənin hazırlıq iclasının səlahiyyətinə aid edirsə və bu müddəada məsələn, "xüsusilə ağır cinayət işləri istisna olmaqla” göstərişi yoxdursa, şəxsin həbsdə saxlanması üçün prosessual əsaslar mövcud deyilsə, ( istintaqın gedişinə mane olma, qaçıb gizlənmə, daimi yaşayış yerinin olmaması və s.) onda nəyə görə məhkəmə qanunvericiliyin tələbinə uyğun olaraq bu vəsatətə baxmır və ona baxılmasını məhkəmənin sonuna, müşavirə otağında yekun qərarın qəbul edilməsinə saxlayır? Bu məsələ ilə bağlı müdafiə tərəfinin vəsatətlərinə hazırlıq iclasının qərarı ilə bir qayda olaraq, vəsatətin təmin olunmaması ilə bağlı münasibət bildirilsə də, həbs qətimkan tədbirinin tətbiqi və vəsatətin təmin edilməməsi əsaslandırılmır. Demək olar ki, bir qayda olaraq məhkəmə istintaqın seçdiyi həbs qətimkan tədbirini hazırlıq iclasında, bu qətimkan tədbirinin saxlanılması üçün prosesual əsaslar açıq aşkar olmasa belə, dəyişmir.

Və ən nəhayət AR CPM-nin 121.2. maddəsində birmənalı olaraq vurğulanır ki, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Şəxsi təcrübəmə əsasən, konkret faktlar üzrə deyə bilirəm ki, cinayət təqibi ilə bağlı halların tam və obyektiv araşdırılmasına yönələn vəsatətlərimiz; şahidlərin dəvət edilib dindirilməsi, sənədlərin götürülməsi, yazışmaların götürülməsi, kamera görüntülərinin götürülməsi, ekspertiza təyin edilməsi, sübutların götürülməsi araşdırılan işə bilavasitə aidiyyatı olan digər cinayət işinin materiallarına baxış keçirilməsi, ekspertlərin çağırılıb dindirilməsi və bu kimi onlarla vəsatətimiz dövlət ittihamçısının bir kəlmə "təmin olunmasın”, hakimin isə “təmin olunmur” ifadəsi ilə laqeyidcəsinə kənara atılır. Vəsatətimiz niyə təmin olunmadı? Bu suala cavab ala bilmirik. Çünki vəsatətimizlə bağlı bizə qərar verilmir və hakim vəsatətin niyə təmin olunmamasını əsaslandırmır, səbəbi bəyan etmir. Deyirlər ki, qərar protokola yazılacaq, siz də, məhkəmə baxışı bitəndən sonra, protokol hazır olandan sonra, ( bu da hökmün elanından sonra ən yaxşı halda 10 gün çəkir) protokolda qərarı görəcəksiniz. Yəni, o vaxtadək bu sualların fərziyyələrimizlə qurduğumuz cavabları ilə əziyyət çəkirik: "Yəqin hakim buna görə vəsatəti təmin etmədi, bəlkə də buna görə, bəlkə başqa əsasa görə". Qanun belə demir axı...

AR CPM-nin 121.1.4 maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərarın surətini dərhal ərizəçiyə göndərməlidir. Göründüyü kimi, bu müddəada "vəsatətə əsasən qəbul edilmiş qərar protokola salınır və ərizəçi protokolla tanış olanda, bu qərala da tanış olur" göstərişi yoxdur. Bir faktı da qeyd edim; heç protokolda da vəsatət üzrə qəbul edilmiş qərar əsaslandırılmır. Avropa Məhkəməsi "Murtuzaliyeva Rusiyaya qarşı” qərarında müdafiə tərəfin vəsatəti üzrə şahidlərin dindirilməsindən imtina edən məhkəmənin bu qərarını kifayət qədər əsaslandırmamasını insan hüququnun pozuntusu kimi qiymətləndirib. Diqqət yetirin: kifayət qədər əsaslandırmamasını. Bizdə formalaşmış təcrübə isə məhkəmənin vəsatətlə bağlı qərarını heç əsaslandırmamasıdır.

Qeyd etmək istəyirəm ki, Vəkillər Kollegiyasının sədri hörmətli Anar Bağırovun göstərilən məsələlərlə bağlı müraciəti hakim korpusunun vəkil korpusu ilə əl-ələ verərək keyfiyyətli məhkəmə araşdırması və ədalət mühakiməsi yolundakı əngəllərin aradan qaldırılmasına yönələn çağırışdır. Bu, tənqid deyil. Hesab edirəm ki, bu müraciət vəkillərin tənqid edilməsi ilə yox, birgə əməkaşlıq çərçivəsində Cənab Prezidentin 3 aprel 2019-cu il tarixli Fərmanından və ədalət mühakiməsinin səmərəliyliyinin artırılması istiqamətində siyasi xəttindən irəli gələn vəzifələrin real icrası və konkret əməli tədbirlərlə cavablandırılmalı idi.

İlhamə Həsənova

Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədr müavini, 20 saylı Vəkil Bürosunun müdiri