“İşğalçı Ermənistan tərəfindən Azərbaycan Respublikasına vurulmuş ziyan beynəlxalq humanitar hüququn ən ciddi pozuntularının nəticəsidir. Nəzərə almaq lazımdır ki, bu məsələdə Ermənistan çox ciddi şəkildə müharibə cinayətlərinin törədilməsinə yol verib”.
Bunu APA-ya Məhkəmə-Hüquq Şurasının üzvü, Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov deyib.
N. Səfərovun sözlərinə görə, mühüm hüquqi faktlardan biri də ondan ibarətdir ki, vurulmuş ziyan beynəlxalq silahlı münaqişənin nəticəsidir: “Bu halda ziyan vuran dövlət beynəlxalq humanitar hüquqa görə məsuliyyət daşıyır. Nəzərə almaq lazımdır ki, Ermənistan Respublikası 7 iyun 1993-cü ildə 4 Cenevrə Konvensiyalarının və onların əlavə 2 əlavə protokoluna qoşulub. Həmin sənədlərdən irəli gələn öhdəliklərin icrası Ermənistanın beynəlxalq hüquqi öhdəliyidir. Belə bir öhdəlik 1 saylı əlavə protokolun 91-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd edilir ki, bu protokolun tərəfi əgər konvensiyaların və həmin protokolun müddəalarını pozursa, bu halda həmin tərəf dəymiş ziyanı ödəməlidir. İkinci mühüm müddəa onunla bağlıdır ki, 1 saylı əlavə protokola görə ziyan vurmuş tərəf onun silahlı qüvvələrinə daxil olan bütün şəxslərin hərəkətlərinə görə məsuliyyət daşıyır. Bu norma hələ 1907-ci ildə “Müharibə adətləri və qanunları haqqında” IV Haaqa konvensiyasına da daxil edilib”.
N. Səfərov bildirib ki, beynəlxalq silahlı münaqişələrin gedişində vurulmuş ziyanın ödənilməsinin bir sıra forması var: “Bu cür formalar 2001-ci ildə BMT-nin Beynəlxalq hüquq komissiyası tərəfindən birinci oxunuşda qəbul edilən “Beynəlxalq hüquqa zidd əməllərə görə dövlətlərin məsuliyyətləri haqqında” maddələr layihəsində əksini tapıb. Ziyanın ödənilməsinin bir forması da kompensasiyadır. Beynəlxalq hüquqa zidd əməl törədən dövlət bu ziyanı ödəməlidir. Belə bir ziyanın ödənilməsi üçün müvafiq maliyyə forması var. Yəni, ziyan vurmuş dövlət bu ziyanı maliyyə formasında ödəməlidir. Azərbaycan Respublikası tərəfindən dəymiş ziyanın ödənilməsi üçün ilk olaraq onun hesablanması üçün müvafiq addımlar atılıb. Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidentinin 6 noyabr 2020-ci il tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncamı var. Həmin sərəncama uyğun olaraq dövlət komissiyası yaradılıb. Belə bir ziyanın hesablanması üçün lazımi tədbirlər həyata keçirilir. İşğal və 44 günlük müharibə nəticəsində dəymiş ziyanın ödənilməsi üçün müasir beynəlxalq hüquqda müxtəlif imkanlar var. Dəymiş ziyanın ödənilməsinin müvafiq təşkilatı, hüquqi formalarından biri zamanında Küveytlə İraq arasında olan müharibədən sonra BMT-nin egidası altında xüsusi bir kompensasiya komissiyasının yaradılması olub. Digər bir nümunə 2000-ci ildə Efiopiya ilə Eritreya arasında bağlanmış sülh müqaviləsidir. Həmin müqaviləyə uyğun olaraq tərəfsiz, neytral, qarışıq komissiya formalaşdırılmışdı. Komissiyanın qərarları tərəflər üçün mütləq xarakter daşıyırdı”.
Onun sözlərinə görə, ziyanın ödənilməsi üçün beynəlxalq hüquqda başqa hüquqi imkanlar da var: “Məsələn, bu, müvafiq beynəlxalq məhkəmə orqanlarına müraciət formasıdır. Ancaq hər bir halda əsas məsələ bu ziyanın hesablanmasıdır”.
N. Səfərov qeyd edib ki, digər mühüm məsələ müharibənin gedişində Ermənistan silahlı qüvvələri tərəfindən total şəkildə beynəlxalq humanitar hüququn pozulması nəticəsində törədilmiş müharibə cinayətlərinin təqibidir: “Ermənistan 44 günlük Vətən müharibəsinin gedişində çox ciddi şəkildə iştirakçısı olduğu beynəlxalq müqavilələri və ilk olaraq Cenevrə Konvensiyalarını və onların əlavə protokollarını pozub. Bu isə nəticə etibarilə müharibə cinayətlərini özündə ehtiva edir. Erməni silahlı qüvvələri nəinki müharibə zonasında, eyni zamanda Azərbaycanın ordan çox-çox uzaqlarda yerləşən mülki əhalisini, mülki infrastruktur obyektlərini hədəfə alıb. Bunun nəticəsində əhali arasında çoxsaylı qurbanlar olub, mülki infrastruktur obyektlərinə ciddi ziyan vurulub. Beynəlxalq hüquqa zidd olan digər məsələ Ermənistan silahlı qüvvələri tərəfindən qadağan edilmiş silahlardan istifadə edilməsidir. Ermənistan Respublikası hətta 2008-ci ildə Dublin şəhərində imzalanmış “Klaster-kasset sursatları haqqında” konvensiyanın iştirakçısı olmasa belə, hər bir halda beynəlxalq humanitar hüquqdan gələn öhdəliklərə riayət etməliydi. Çünki müasir beynəlxalq hüquq, Cenevrə konvensiyaları və onların əlavə protokolları bu cür sursatların və silahların istifadəsini qəti qadağan edir. Azərbaycan hüquq-mühafizə orqanları Ermənistan və Ermənistanın silahlı qüvvələri tərəfindən müharibə cinayətlərinin törədilməsi ilə bağlı bir sıra cinayət işləri açıb. Hazırda bu işlər üzrə istintaq gedir. Ən arzuolunan variant ondan ibarətdir ki, bu cinayətləri törədən şəxslər Azərbaycana ekstradisiya edilsin və ədalət mühakiməsi qarşısında cavab versin. İkincisi, beynəlxalq məhkəmə orqanlarının imkanlarından istifadə edilməsidir. 1998-ci ildə Roma diplomatik konfransında beynəlxalq Cinayət Məhkəməsi təsis edilib və onun nizamnaməsi 1 iyul 2002-ci ildən qüvvəyə minib. Düzdür, nə Azərbaycan, nə də Ermənistan bu məhkəmə orqanının Nizamnaməsini ratifikasiya edib. Ancaq həmin Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsi nəzərdə tutur ki, 12-ci maddəsinə görə, ərazisində müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, soyqırımı cinayətləri törədilən dövlət məhkəmənin yurisdiksiyasını tanıya, xüsusi deklarasiya qəbul etməklə və məsələni beynəlxalq cinayət məhkəməsinin baxışına təqdim edə bilər. Hüquqi cəhətdən Azərbaycanın bu cür imkanları var”.