• 19 Mart 2024
logo
“Nobel mükafatının Türkiyə və Rusiya prezidentlərinə də verilməsi tamamilə ədalətli olar”

“Nobel mükafatının Türkiyə və Rusiya prezidentlərinə də verilməsi tamamilə ədalətli olar”

Elçin Mirzəbəyli: “Bu addım postsovet məkanındakı münaqişələrin həllinə stimullaşdırıcı təsir göstərər”

Nəsib Məhəməliyev: “Həmkarım Qüdrət Həsənquluyevin təklifinə müsbət yanaşıram”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin namizədliyinin Nobel sülh mükafatına təqdim edilməsi təklifi ilə çıxış edib. BAXCP mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən iki ölkə arasında 30 ildən artıq davam edən qanlı savaşa son qoyaraq atəşkəsin əldə olunmasına nail olduqları, bununla da bölgədə davamlı sülh və əməkdaşlıq üçün geniş imkanlar yaratdıqları üçün Türkiyə Respublikasının Prezidenti Rəcəb Teyyub Ərdoğanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin namizədliyi Nobel sülh mükafatı almaq üçün irəli sürülsün: “Belə bir mükafatın qeyd olunan şəxslərə verilməsi ədalətli olmaqla yanaşı, regionda və keçmiş sovet respublikalarında da oxşar münaqişələrin həllinə kömək etmiş olardı”.
Xatırladaq ki, Yaxın Şərq və Qarabağ məsələsi ilə bağlı mütəmadi təmasda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında növbəti telefon danışığı noyabrın 24-də baş tutub. Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasında ticarət həcminin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyada baş verən hadisələr müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan ordusunun hərbi əməliyyatları nəticəsində Ermənistan ordusu darmadağın oldu və nəticədə Azərbaycan tərəfinin diqtəsilə noyabrın 10-da Ermənistan kapitulyasiyaya məcbur edildi. Azərbaycan və Rusiya prezidentlərinin, eyni zamanda Ermənistan baş nazirinin birgə bəyanatı qəbul olundu. Bəyanata uyğun olaraq Ermənistan Ağdam və Kəlbəcər rayonlarını boşaltdı. Laçın rayonu da dekabrın 1-dək boşaldılacaq. Bir güllə atılmadan bu rayonların boşalıdılması əlavə itkilərin qarşısını aldı.
Politoloq, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putinin namizədliyinin Nobel Sülh Mükafatına təqdim edilməsi ilə bağlı BAXCP-nin təklifi hər ki şəxsin regionu inkişafdan saxlayan münqişənin həllinə verdikləri böyük töhfəni əks etdirməklə yanaşı, xalqımızın yüksək mədəniyyətindən, qədirbilənliyindən qaynaqlanan bir təşəbbüs kimi qəbul olunmalıdır. Onun fikrincə, 30 ilə yaxındır ki, BMT qətnamələri icra olunmur, dünyanın bir sıra aparıcı dövlətləri, beynəlxalq təşkilatları işğalın davam etməsinə, qaçqın və məcburi köçkünlərin məhrumiyyətlərinə göz yumurdular: “Məhz Ali Baş Komandanın cəsarəti və iti zəkası, Azərbaycan Ordusunun rəşadəti, Türkiyənin dəstəyi və Rusiyanın öz neytrallığını qoruyub saxlaması nəticəsində ərazi bütövlüyümüzün təmin olunmasına nail olduq. Əgər Türkiyə və Rusiya faktorları olmasaydı, bölgə kənar müdaxilələrı açıq olacaq, uzunmüddətli qanlı toqquşmalara sürüklənəcək, münaqişənin miqyası genişlənəcək, regionda maraqları olan qüvvələrin platsdarmına çevriləcəkdi.
Doğrudur, İsrailin Baş naziri Binyamin Netanyahu və Birləşmiş Ərəb Əmirliklərinin varis şahzadəsi Muhammed ibn Zaid də Nobel Sülh Mükafatına təqdim ediliblər. Şübhəsiz ki, hər iki şəxs bu mükafata layiqdirlər. Amma Nobel mükafatlarının bir neçə şəxsə verilməsi təcrübəsi var və bu baxımdan, mükafatın 30 illik bir münqaişəyə son qoyulmasına verdikləri töhfəyə görə, Türkiyə və Rusiya prezidentlərinə də verilməsi tamamilə ədalətli olardı və postsovet məkanındakı münaqişələrin həllinə stimullaşdırıcı təsir göstərərdi”.
Millət vəkili Nəsib Məhəməliyev diqqətə çatdırdı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Rusiya Prezidenti Vladimir Putinə Nobel mükafatının verilməsi ilə bağlı həmkarım Qüdrət Həsənquluyevin təklifinə müsbət yanaşıram: “Hər iki dövlət başçısı Qarabağ probleminin həlli ilə yanaşı, Yaxın Şərq və Şimali Afrika istiqamətində sülhün bərqərar olması üçün birgə səmərəli fəaliyyət göstərirlər. Nəticə etibarilə əlavə olaraq, milyonlarla insanın öz ölkələrindən qaçqın düşməsinin, çoxsaylı qan tökülməsinin qarşısı alındı. Qlobal təsirlərin neytrallaşmasında hər iki liderin rolu danılmazdır. Yeri gəlmişkən, hörmətli Ərdoğana və hörmətli Putinə mövcud münaqişələr arasında ən mürəkkəbi hesab olunan Dağlıq Qarabağ münaqişəsində Azərbaycan Prezidenti İlham Əliyevə verdikləri dəstəyə görə dərin təşəkkürlərimi bildirirəm. Qarabağ müharibəsində qələbənin memarı İlham Əliyevdir. Məhz onun Türkiyə, Rusiya və digər dövlət başçıları, beynəlxalq təşkilatlarla qurduğu münasibətlər sistemi, qarşılıqlı (bəzi hallarda ziddiyətli) əlaqəri uzlaşdırmaq bacarığı, tarixi ədalətin bərpası ilə nəticələndi. Ancaq, bu günki dünyanın reallıqları ondan ibarətdir ki, həm Türkiyə, həm də Rusiya Prezidentlərinə qarşı münasibət bir mənalı deyil. Avrasiya coğrafiyasında söz sahibi olan bu dövlətlərin inkişafını, güclənməsini qəbul etməyən və tarixən olduğu kimi qarşı-qarşıya qoyaraq müharibələrə təhrik edən güclər imkan verməzlər ki, onlar Nobel sülh mükafatı laureatı olsunlar. Bunun üçün ən azından Qorbaçov olmaq lazımdır”.
Politoloq İlqar Vəlizadə bildirdi ki, Prezident Ərdoğan və prezident Putinin sülhün əldə edilməsində müstəsna rolları var: “Təbii ki, millət vəkili Qüdrət Həsənquliyevin bu təşəbbüsünün əsası var. Amma Nobel komitəsi bu qərarı verir. Nobel komitəsində də müxtəlif insanlar, qruplar təmsil olunur. Amma bu məsələyə obyektiv yanaşılacağına ümid azdır. Azərbaycan Prezidentinin qətiyyətli iradəsi, apardığı siyasət, eyni zamanda Türkiyə və Rusiya prezidentlərinin ədalətin yanında olması zəfərin əldə olunmasına gətirib çıxardı”.
Politoloq Əziz Əlibəyli bildirdi ki, millət vəkili Qüdrət Həsənquliyevin təklifi müsbət dıəyərləndirilməlidir. Onun sözlərinə görə, münaqişələrin həll olunması ilə bağlı dünyada müxtəlif formada sülh mükafatları alan şəxslər var: “Bu təklif yüksək səviyyədə qiymətləndirilməlidir. Söhbət tarixi münaqişədən gedir. Onun həlli ilə bağlı addım atıldı. İkincisi Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Üçüncüsü, ən önəmli məsələ Ağdam və Kəlbəcər bir güllə atılmadan işğaldan azad olundu. Bilirisniz ki, Türkiyə ilə Rusiya kimi iki böyük gücün öz güclərini balanslaşdırması və Azərbycanın da prosesə cəlb edilməsi ilə üçlü bir güc mərkəzi formalaşdırılır. Bu da şübhəsiz ki, Türkiyə prezidenti cənab Ərdoğanın və Rusiyanın dövlət başçısının birgə səyləri nəticəsində mümkün olub. Xüsusilə Türkiyə rəhbərinin əməliyyatın gedilşində birmənalı olaraq Azərbaycanın yanında olması, dəstəkləməsi, beynəlxalq təzyiqlərə Azərbaycanla birgə sinə gərməsi, bütün kluarlarda, tribunalarda Azərbaycan haqq işinin yanında dayanması, xüsusilə də ermənilərin mövqeyindən çıxış edən ölkələrə qarşı birbaşa birinci şəxsin iradəsi öz sözünü dedi. Nəhayət Azərbaycanın hərbi baxımdan ən yüksək səviyyədə dəstəklənməsi bu məsələdə çox böyük bir rol oynadı”.
Politoloq əlavə etdi ki, Rusiya çox böyük ölkə, qlobal oyunçu kimi dünyanın müxtəlif yerlərində hərbi əməliyyatlar həyata keçirir: “Amma bizə yönəlik və xüsusilə Qarabağ məsələsi ilə bağlı mövqeyi Azərbaycan xalqı tərəfindən təqdir edildi. Münaqişənin başlandığı gündən etibarən Riusiya prezidentinin sülhə çağırışları, obyektiv mövqe sərgiləməsi bizim üçün əlamətdar idi. Şəxsən Prezident Putinin bütövlükdə Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu dilə gətirməsi müsbət qarşılanır. Xüsusilə də onun beynəlxalq hüququn tanıdığı ərazi bütövlüyünə hörmət edilməsi çağırışı olduqca vacib idi. Nəticə etibarilə Rusiyanın və Türkiyənin addımları həm də məğub Ermənistanın da bu həqiqətləri çox tez dərk etməsinə gətirib çıxardı.
Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Nobel üzrə sülh mükafatının bu iki şəxsə verilməsi məntiqlidir. 27 illik münaqişə başa çatdı. Öz doğma torpaqlarından didərgin düşən soydaşlarımızın geri qayıdışı təmin olunur. Bütövlükdə isə Azərbaycan ərazi bütövlüyünə qovuşur. Bundan sonrakı proseslər də bizi Qafqazın ən güclü ölkəsi olmaq yolunda daha da irəliyə aparır. Ona görə də hər baxımdan bu məsələyə dəstək verilməlidir. Azərbaycan tərəfi də təklifçi qismində çıxış edə bilər”.
Politoloq İlyas Hüseynov dedi ki, millət vəkili Qüdrət Həsənquliyevin təklifi Qarabağla yanaşı digər münaqişə zonalarında da davamlı sülhün əldə olunması istiqamətində təşəbbüslərlə irəli çıxan və bu təşəbbüsləri irəli sürən şəxslərin mükafatlamdırılması ilə bağlıdır: “Eyni zamanda Qarabağ bölgəsində davamlı sülhün bərqərar olması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezdenti Vladimir Putinə Nobel sülh mükafatı verilməsi doğru addım olar. Bu gərgin işin nəticəsi olaraq bölgədə sülhün və təhlükəsizliyin təmin olunması nöqteyi nəzərindən böyük əmək sərf edən şəxslərin mükafatlandırılması xaraklteri daşıyır. Düşünürəm ki, bu iki şəxslə yanaşı Azərbaycan prezidenti cənab İlham Əliyevin də bu mükafata layiq görülməsi ilə bağlı işlər həyata keçrilməlidir. Xüsusilə yaxın müddətdə cənab Prezident İlham Əliyev bu problemi iki və çoxtərəfli görüşlərində daim dünya ictimaiyyətinin diqqətinə çatdırıb. İştirak etdiyi bütün beynəlxalq platformalarda Dağlıq Qarabağ münaqişəsinə toxunub. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi təcavüzə məruz qalmaq, eyni zamanda etnik təmizləmə siyasəti, qeyri qanuni məskunlaşma və digər problemlərlə bağlı dünya ictimaiyyətini məlumatlandırıb. Əgər bölgədə davamlı sülh təmin olunarsa cənab Prezidentə də Nobel sülh mükafatı təqdim oluna bilər. Prezident Ərdoğan və Putinin qlobal miqyasda regional savaşların qarşısının alınması baxımından birgə əməkdşlığı və sülh istiqmaıtində həyata keçirdiyi fəaliyyət təqdir olunur”.

Əli Zülfüqaroğlu