• 23 Oktyabr 2020
logo
Nuriyevdən kriminalistə cavab: Cinayətkar yetişdirək?

Nuriyevdən kriminalistə cavab: Cinayətkar yetişdirək?

Axar.az hüquq müdafiəçisi Əliməmməd Nuriyevin müsahibəni təqdim edir:

- Əliməmməd müəllim, hüquqşünas Şəmsəddin Əliyev həbsxanalarda cəza çəkən məhbusların həyat səviyyəsinin yüksəldilməsinin əleyhinə olduğunu əsaslandırıb. Bu haqda nə düşünürsünüz?

- İstər həbsxanada olsun, istərsə də olmasın, insan insandır. Hər insanın Konstitusiya ilə müəyyən edilmiş hüquqları var. Doğrudur, həbsxanaya düşdükdən sonra bu hüquqların bəziləri məhdudlaşdırılır. Amma yaşayış şəraiti, səhiyyə xidmətlərinə çıxış, insani münasibətlər, eyni zamanda, şəxsi məlumatların qorunması və şəxsiyyətin toxunulmazlığı ilə əlaqədar hüquqlar məhdudlaşdırılmamlıdır.

- Əsaslandırma budur ki, həbsxanalarda məhbusların həyat səviyyəsinin yaxşılaşdırılması onların islahına mane olur...

- Razı deyiləm, məhbuslar işgəncələrdən qorunmalıdır. Məhbusların hüquqları mülki həyatda necədirsə, ona uyğun olmalıdır.

- Belə çıxır ki, heç rejim qaydalarına da əməl edilməməlidir?

- Əlbəttə, rejim qaydaları var və onlara əməl edilməlidir. Amma bu qaydaların məhbusların qidalanmasına heç bir dəxli yoxdur. Biz maksimum dərəcədə cəzaçəkmə müəssisələrindəki vəziyyəti mülki həyata yaxınlaşdırmalıyıq. Biz islah prosesinə əvəz çıxmaq, cəzalandırmaq kimi bir yanaşmanı tətbiq etməməliyik. Bu, kökündən yanlış bir yanaşmadır.

- Bütün bu sadaladıqlarınız dünya təcrübəsindən götürülüb?

- Bəli, dünyanın müxtəlif ölkələrinin cəzaçəkmə müəassisələrində məhbusların yaşayışı azadlıqdakı insanların həyatına maksimum şəkildə yaxınlaşdırılır. Çünki əks halda cəzaçəkmə müəssisələrində fərqli bir mədəniyyət – suftkultura olacaq. Bu isə bizim həyatımızda mövcud olan mədəniyyətdən tamamilə fərqli davranış qaydalarıdır. Yəni, bu cür durum kriminogen dünyagörüşünün yayılmasına gətirib çıxaracaq. Həmin şəxs azadlığa çıxandan sonra bunun əvəzini çıxacaq. Ona görə də cəzaçəkmə müəssisəsindəki həyat mülki cəmiyyətə yaxın bir yaşayış olmalıdır ki, məhbus özünü gərəksiz, atılmış hiss etməsin.

- Bu cür davranış onun həbsxanadan sonrakı həyatına hansı formada təsir edə bilər ki?

- Həbsdən çıxandan sonra cəmiyyətə inteqrasiyasını sürətləndirə bilər. Bunun üçün də həbsxanada məhbusların təhsilinə, yeni peşələrə yiyələnməsi ilə bağlı məsələlərə diqqət yerilməlidir. Avropanın penitensiar standartları, BMT-nin həbsxana qaydaları var. Eyni zamanda, Avropanın özündə yeni həbsxana qaydaları ilə bağlı standartlar mövcuddur. Biz bütün bu qərarlara qoşulmuşuq. Bizim üçün insan ləyaqətinin qorunması ən vacib məsələdir.

- Bəlkə məhbuslara internet imkanları da yaradaq ki, mülki həyatdakı insanlardan heç bir fərqləri olmasın?

- Bəli… Baxın, Skayp vasitəsi ilə ailələri ilə birbaşa danışmaq, əlaqə saxlamaq imkanları var. Telefon zənglərinin, eləcə də uzunmüddətli görüşlərin sayı getdikcə artır. Dövlətin bu kimi məsələlərlə bağlı pozitiv öhdəlikləri var. Bizim hər birimiz həyatımızda müəyyən səhvlərə yol verə bilərik. Özümüzü idarə edə bilmərik, həbsxanaya düşərik. Bizə orada atılmışlar kimi baxmalıdırlarmı? Bu, qətiyyən yolverilməzdir.

- Sovetlər dövründə lagerlər vardı, onların yenidən tətbiqinə necə baxırsınız?

- Oradakı məhbuslar məcburi əməyə cəlb edilirdi. Bu gün hətta həbsxanada məcburi əməyə cəlbetmə yolverilməzdir. İşləmək hər kəsin öz öhdəsinə buraxılmalıdır. İşləmək istəyirsə, işləməlidir. Onları azadlıqdan məhrum etmək, azadlıqlarının məhdudlaşdırılması məhbuslar üçün yetərlidir. İnsanın azadlıqdan böyük neməti yoxdur. Əgər sən cinayət törətmisənsə, bunun əvəzini maksimum şəkildə - azadlıqdan məhrum olunmaqla ödəməlisən. Onların əlindən başqa heç nəyi almaq lazım deyil.

- Niyə qatı cinayətkarlara həbsxanalarda yaxşı şəraitin yaradılmasına qarşı çıxmaq istəmirsiniz?

- Ona görə ki, onlardan kimsə atadır, qardaşdır, anadır, bacıdır. Bəs bunlar həbsdən çıxandan sonra necə olacaq?! Onlar da bizim bir parçamızdır, bir hissəmizdir. Onlar hər zaman cənab Prezidentimizin mərhəmət və şəfqətinin altındadırlar. Nəyə görə əfv olur? Nə üçün cəzanın humanistləşdirilməsi üçün addımlar atılır?! Hər şey insan naminə olmalıdır. Ona görə də Şəmsəddin Əliyevin bu konseptini, fəlsəfəsini qəbul etmirəm. Amma hörmətlə yanaşıram, hər kəsin düşüncə azadlığı var.

- Sizin bu dedikləriniz yüngül cəza törədənlər üçün keçərlidir…

- Xeyr, mənim dediklərim bütün cəzalar üçün keçərlidir. Ağır cinayətlər üçün 15-20, bəzi hallarda 25 ilə qədər cəzalar var. Hətta bəziləri törətdikləri cinayətə görə ömürlük azadlıqdan məhrum edilirlər. Bunlara ən böyük cəza onsuz da verilib, azadlıqları əllərindən alınıb. Onlara çörək, yataq verilməməlidirmi?! Ailələri ilə görüşməməlidirlərmi?! Həmin məhbus yeni peşələr öyrənməməlidirmi?!

- Onlara yaradılan şəraitin yaxşılaşdırılması fonunda nə dəyişəcək ki?

- Biz cinayətkar yetişdirmirik axı. O zaman həbsxanalar daha peşəkar cinayətkarların istehsalçısına, yuvasına çevrilə bilər. Onların cəmiyyətə inteqrasiyası üçün maksimum şərait yaratmalıyıq ki, gələcəkdə cinayətlərdən çəkinsin. Məhbus başa düşməlidir ki, azadlıqdan məhrumetmə onun üçün ən böyük iztirabdır. Konstitusiyamız, beynəlxalq konvensiyalar işgəncəni qadağan edir. Bu, insanlığa ziddir. Biz demokratik dövlət qururuq. Yeni həbsxanaların tikilməsinin də hədəfi məhbusları mülki həyata yaxınlaşdırmaqdır. İnsan həbsxanada onsuz da törətdiyi cinayətin əzabı ilə yaşayır. Biz ona daha da pis şərait yaratmamalıyıq.

- Bəs ölüm hökmünün yenidən tətbiqinə necə baxırsınız?

- Dövlət insan həyatını onun əlindən almamalıdır. Bir faktı xatırladım: Bu yaxınlarda Amerikada cinayət törətmiş şəxs 32 il məhkumluq həyatı yaşadıqdan sonra məlum oldu ki, o, cinayətkar deyilmiş. Üstəlik, müəyyən müddətdən sonra cəza ölüm hökmü ilə əvəzlənəcəkdi. Əgər ölsəydi, onun bədəlini kim ödəyəcəkdi?! Onun həyatı nə olacaqdı?! Ümumiyyətlə, ölüm hökmü Azərbaycan Prezidentinin, Azərbaycan xalqının dəyərlərinə ziddir. Heç islam, səmavi kitablar da bunu qəbul etmir.