• 18 Aprel 2024
logo
Şəhla Mirzəzadə: Tütünçəkmədən imtinanın təbliği pandemiya dövründə də prioritet istiqamətlərdən biri olaraq icra edilməkdədir

Şəhla Mirzəzadə: Tütünçəkmədən imtinanın təbliği pandemiya dövründə də prioritet istiqamətlərdən biri olaraq icra edilməkdədir

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadənin 31 may “Ümumdünya Tütünsüz Günü”nə həsr edilmiş müsahibəsini Sizə təqdim edirik.
- Şəhla xanım, bildiyiniz kimi 31 may “Ümumdünya Tütünsüz Günü”dür. Tütünçəkmənin zərərləri və bu günün tarixi ilə bağlı oxucularımıza hansı məlumatları verə bilərsiniz ?
İlk növbədə qeyd edim ki, 31 may Ümumdünya Tütünsüz Günü 1988 ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Assambleyasının 42 ci sessiyasında 19 saylı qətnamə əsasında tütün epidemiyasına və onun yaratdığı qarşısı alına bilən xəstəliklərə və ölüm hallarına diqqəti artırmaq məqsədilə qəbul edilmişdir. Nəticədə isə hər il 31 may tarixində bütün ictimaiyyət arasında tütündən istifadə nəticəsində yaranan xəstəliklər, bu istiqamətdə həyata keçirilən mübarizə tədbirləri və sağlam həyat tərzi barədə geniş məlumatlandırma həyata keçirilir.
Ümumiyyətlə tütünçəkmə bütün dünya üçün aktual olan səhiyyə problemlərindən biridir. Ölkəmizdə bu istiqamətdə müvafiq qanunvericilik aktlarının icrasına töhfə vermək məqsədilə mütəmadi olaraq işlər həyata keçirilir. Bu sahədə tədbirlərin görülməsi "Azərbaycan Respublikasında Qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya" və "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn əsas vəzifələrdən olduğu üçün müvafiq sənədlərin icrasına töhfə vermək məqsədilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Elmi-Təcrübi Tədris Mərkəzi mütəmadi olaraq maariflənmə işləri həyata keçirir. Bunun üçün xəstəxana daxilində hər bir insan tütündən imtina etməyə təşviq olunur. Eyni zamanda KİV-lərdə müvafiq mövzuda məlumatların yerləşdirilməsi ilə daha geniş əhali kütləsinin məlumatlandırılmasına dəstək olunur.
- Qeyd etdiyiniz tədbirlər çox vacibdir. Bəs tütünçəkmənin zərərləri nələrdir? Nə üçün insanlar tütünçəkmədən imtina etməlidir?
Bildiyiniz kimi hal-hazırda bütün dünya çox vacib bir sınaq dövrünü yaşayır. Pandemiya bütün ölkələri və insanları ölümlə üz-üzə qoyub. Koronavirus təhlükəsi ilə mübarizə apardığımız bu günlərdə əlbəttə ki, bizə sağlam bir orqanizm və güclü bir immunitet lazımdır. Nəzərə alsaq ki, tütün tüstüsünün tərkibində mövcud olan 7000-dək kimyəvi maddədən 250-si xüsusi təhlükəli toksik maddə və 70-i kanserogen maddədir, deməli tütünçəkmənin orqanizmə verdiyi zərəri təxmin etmək çətin olmamalıdır. 90 % hallarda ağciyər xərçənginə səbəb olan, ürək-qan damar və tənəffüs yolları xəstəlikləri üçün xüsusi risk faktoru sayılan bu vərdiş passiv tütünçəkmə ilə ətrafdakı insanların da həyatı üçün təhlükə törədir. Nəticə etibari ilə immun sistemin zəifləməsinə gətirib çıxardığı üçün əslində Covid-19 üçün də təhlükə mənbəyi sayılır. Belə ki, tütünçəkmə birbaşa ağciyərləri zədələdiyi üçün koronovirus infeksiyası ilə mübarizədə ağciyərlər zəifləmiş formada qalır və bəzən uzunmüddətli zədələnmələr formalaşır. Ümumiyyətlə qəlyan və siqaretdən istifadə ağciyərləri zədələyici faktorlar olduğu üçün pandemiya dövründə tütündən istifadə edən insanlar daha yüksək risk qrupunda sayılır. Bu baxımdan tütnçəkmədən imtina pandemiya dövründə xüsusi əhəmiyyətli mövzu olduğundan təbliğat təşviqat işləri daim həyata keçirilir.
- Şəhla xanım, bəs tütünçəkmədən necə imtina etmək olar və tütünçəkmədən imtinanın üstünlükləri nələrdir?
- Ümumiyyətlə ÜST-nin məlumatlarına görə tütünçəkmə dünyada ölümə səbəb olan 8 xəstəlikdən 6-sı üçün risk faktorudur. Bu nümunəni çəkməkdə əsas məqsədim insanları təşviq etməkdir. Çünki tütünçəkmədən imtina etməyin ən vacib hissəsi qərar verməkdir. Araşdırmalar göstərmişdir ki, birbaşa imtina edən şəxslərdə uğur göstəricisi 80 faiz olduğu halda azaldaraq imtina edən şəxslərdə bu rəqəm daha aşağı olmuşdur. Təbii ki, yanaşı gedən xəstəlikləri nəzərə almaq vacib nüansdır. Bu baxımdan həkim məsləhəti və həkim nəzarəti ilə tütünçəkmədən imtina olunması daha məqsəduyğun ola bilər. Tütünçəkmədən imtina edən şəxslərdə bir müddət absistensiya halı (başağrı, əsəbilik, yorğunluq, halsızlıq və s.) müşahidə oluna bilər. Lakin qeyd edim ki, tütündən imtina edən insanın orqanizmində ilk dəyişikliklər 20 dəqiqə sonra özünü büruzə verməyə başlayır. Qan təzyiqi, ürək döyüntüləri stabilləşir, qan dövranı sürətlənir. İlk 8 saat ərzində qanda oksigenin səviyyəsi normallaşır, 1 həftədən sonra sifətin rəngi yaxşılaşır, 1 aydan sonra tənəffüs yüngülləşir, artıq onları öskürək narahat etmir, 1 ildən sonra ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən şəxslə müqayisədə yarıya enir. Bütün bunlar göstərir ki, tütünçəkmədən elə bu gün imtina etmək və sağlam həyat tərzini seçmək lazımdır.
- Bəs digər tütün məhsulları qəlyan və elektron siqaretlər barədə nə deyə bilərsiniz ? Tütün məhsullarından hansı insan orqanizmi üçün daha zərərlidir ?
- Ümumiyyətlə tütün məhsullarının insan orqanizminə olan zərərlərini az və ya çox deyə qiymətləndirmək sağlamlıq baxımından düzgün olmazdı. Hər bir tütün məhsulu insan orqanizmində ölümcül xəstəliklərin yaranmasına gətirib çıxaran risk faktorudur. Elektron siqaretlər və qəlyan da yuxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir. Gigiyenik tələblərə riayət edilmədikdə hətta tənəffüs yollarının infeksion xəstəliklərin yayılmasına gətirib çıxarır. Xüsusilə qapalı məkanlarda qəlyandan istifadə edilməsi nəticəsində insanlar həm də passiv tütünçəkməyə məruz qalırlar. Bu isə xəstəliklərin yaranma ehtimalını daha da artırmış olur. Nəticə etibari ilə qəlyan və elektron siqaretlər də tütün məhsullarından olub insan orqanizmi üçün zərərlidir.
Şəhla xanım, bəs xüsusilə bu pandemiya dövründə tütündən istifadə edən insanlara nə tövsiyə edərdiniz?
Təbii ki, ilk və ən vacib məqam tütündən istifadə edənləri bu zərərli vərdişdən imtina etməyə dəvət edərdim. Bunun üçün yuxarıda sadaladığım məqamlara diqqət etsələr bu vərdişdən imtina edə bilərlər. Digər tərəfdən tütündən istifadə edən şəxslər risk qrupu hesab olunduğu üçün karantin şərtlərinə - xüsusilə əllərin gigiyenası, sosial məsafənin gözlənilməsi və tibbi maskalardan istifadə məsələsinə həssas yanaşmalıdırlar. Əlbəttə ki, bu nüanslar karantin dövründə hər birimiz üçün əsas davranışlarımıza çevrilməlidir. Sadəcə olaraq tütünçəkən insanlar ikiqat diqqətli olmalı və bacardıqları qədər tez bir müddətdə qərar verərək tütündən imtina etməlidirlər. Bu onların həm öz sağlamlıqları üçün həm də ətrafdakı insanların sağlamlıqları üçün verdikləri ən düzgün qərar ola bilər.
- Maraqlı müsahibəyə görə Sizə təşəkkür edir və işinizdə uğurlar arzulayırıq.