Şərqi Azərbaycan əyalətinin Sarab şəhərində Azərbaycan Demokrat Firqəsinin 24 üzvünün edam edildiyini əks etdirən tarixi sənəd yayılıb.
Baymedia.az xəbər verir ki, sənəd 1947-ci ilin sentyabr ayının 6-na aiddir.
Azərbaycan polis rəisi general Daneşpurun imzası ilə İran Daxili İşlər Nazirliyinə göndərilən gizli məktubda edam edilənlərin adları qeyd olunub.
Məktubda Sarab şəhərinin polis idarəsi və hərbi qubernatorluğuna istinadən Cənubi Azərbaycan Milli Hökumətinin edam edilən yerli üzvləri “xain” kimi qələmə verilib.
Qeyd edək ki, 1945-ci ilin 12 dekabrında Mir Cəfər Pişəvərinin başçılığı ilə qurulan Milli Hökumət 1946-cı ilin 12 dekabrında devrilib. Tehran ordusunun Azərbaycana girməsindən sonra törədilən qətliam nəticəsində 25 min azərbaycanlı öldürülüb, 12 min nəfər didərgin düşüb, 10 mindən çox azərbaycanlı isə həbsxana və sürgünə göndərilib.