• 22 İyul 2024
logo
Göyçaya səs salan hadisə - 56 şagirdə yüksək təqaüdü kim verdi?

Göyçaya səs salan hadisə - 56 şagirdə yüksək təqaüdü kim verdi?

Elxan Süleymanov: “Ulu Öndərin, Cənab Prezidentin, Mehriban xanımın nəcib təşəbbüsünə dəstək olaraq, babam Hacı Rəhim Əfəndinin irsini davam etdirərək təhsilimizin inkişafına bacardığım dəstəyi vermişəm”

İyunun 21-də Göyçayda əlaçı şagirdlərə Hacı Rəhim Əfəndi adına təqaüdlər təqdim edildi.
Təqaüd hələ 1991-ci ildə Hacı Rəhim Əfəndinin nəvəsi, AVCİYA prezidenti Elxan Süleymanov tərəfindən təsis edilib və 1995-ci ilədək Göyçayda 100-dən çox əlaçı şagirdə verilib. Daha sonra Elxan Süleymanov Şamaxının millət vəkili olduğu illərdə bu təqaüdü şamaxılı şagirdlər alıb.

Nəhayət, 2024-cü ildə Elxan Süleymanov Göyçayda yenidən Hacı Rəhim Əfəndi təqaüdünü bərpa etməyə qərar verib. 30 sentyabr 2023-cü ildə E.Süleymanovun təşəbbüsü ilə hazırlanan, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə ithaf olunan Göyçay Ensiklopediyasının təqdimat mərasimində AVCİYA prezidenti bunu bəyan etmiş və ən yüksək nəticə göstərən şagirdlər arasında Hacı Rəhim Əfəndi adına təqaüdün laureatlarının müəyyənləşdirilməsi üçün komissiya yaradılmış, seçimlərə start verilmişdi.

Ötən müddət ərazində Göyçayın 56 məktəbinin hər birindən 1 şagird olmaqla, qaliblər müəyyənləşdi.
İyunun 21-də Hacı Rəhim Əfəndinin 1914-cü ildə əsasını qoyduğu, hazırda onun adını daşıyan Qaraman kənd orta məktəbində 56 qalib şagirdin mükafatlandırılması mərasimi keçirildi.

Tədbirə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, millət vəkili Qüdrət Həsənquliyev, Göyçay RİH başçısının humanitar məsələlər üzrə müavini Zivər Zeynalova, Türkiyənin sabiq XİN başçısı Mövlud Çavuşoğlunun qardaşı, Türkiyə Turizm Nazirliyinin müşaviri Hayrin Çavuşoğlu, 1991-94-cü illər Hacı Rəhim Əfəndi adına mükafatı almış tanınmış şəxslər - jurnalist, “Yeni Müsavat” Media Qrupun redaktoru, QHT rəhbəri Elşad Məmmədli, doktor Fərqanə Qafarova, rayon ziyalıları, ictimaiyyət nümayəndələri də qatılmışdılar.

448870833_10212618322528601_5368504100635008753_n.jpg (379 KB)

Elxan Süleymanov çıxışında Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə ən yüksək diqqət və qayğı göstərdiklərini bildirdi.

448910059_10212618320088540_7479774410152785564_n.jpg (357 KB)

O, “Mən Ulu Öndərin, Cənab Prezidentin, Mehriban xanımın bu nəcib təşəbbüsünə dəstək olaraq, babam Hacı Rəhim Əfəndinin irsini davam etdirərək, təhsilimizin inkişafına, gələcəyimizin sağlam yetişməsinə daim bacardığım dəstəyi vermişəm. Məktəblər tikmişəm, yüzlərlə şagirdə təqaüd vermişəm, təhsil haqlarını ödəmişəm" - deyə qeyd etdi: "Bunları onun üçün edirik ki, ölkəmiz daha da qüdrətlənsin, savadlı gənclərimizin sayı artsın, dövlətimizə faydalı kadrlar yetişsin. Oğullarıma vəsiyyət etmişəm ki, məndən sonra da onlar təhsil xeyriyyəçiliyini davam etdirsinlər”.

İcra başçısı Natiq Ağayev dövlətimizin rəhbərinin təhsilə xüsusi diqqət yetirdiyini, Elxan Süleymanovun təşəbbüsünün rayon üçün mühüm addım olduğunu vurğuladı və şagirdlərə uğurlar arzuladı.

448863572_10212618321728581_1078232795689376054_n.jpg (406 KB)

Millət vəkili Qüdrət Həsənquliyev dedi ki, Elxan Süleymanovun bu addımı bütün imkanlı şəxslər üçün bir örnək olmalıdır. Təhsilə qayğı göstərməyin dövlətə, millətə ən nəcib xidmət olduğunu bildirdi.

0e09f54a-50a7-4c04-bbb3-7436931b0f52.jpg (230 KB)

Rayon Təhsil sektorunun müdiri Rauf Məmmədov əlaçı şagirdlərə təqaüd verməklə onların daha da təhsilə bağlanmasına vəsilə olduğu üçün E.Süleymanova təşəkkürlərini bildirdi, həmçinin, rayon şagirdlərinin son illərdə yüksək nəticələr göstərdiyini nəzərə çatdırdı.

Fəxri təqaüdçülər Fərqanə Qafarova, Elşad Məmmədli çıxışlarında xələflərinə böyük uğurlar arzuladılar.

F.Qafarova təqaüdlə bağlı xatirələrini bölüşdü, Elxan Süleymanova və tədbirin təşkilatçılarına təşəkkürlərini bildirdi, şagirdlərə uğurlar arzuladı.

E.Məmmədli qeyd etdi ki, bu cür təşəbbüslər şagirdləri təhsilə, ümumiyyətlə həyata daha çox bağlayır: “Təsəvvür edin, indi bütün Göyçay məktəblərində bu yüksək məbləğli - 500 manatlıq və tarixi yükü olan təqaüdü almaq üçün necə canlanma var. Baxın, gələn il bu mükafata sahiblənmək üçün necə yarış başlayacaq və bu o deməkdir ki, nə qədər yeniyetmə, şagird daha elmli, savadlı yetişəcək. Dünyada ən böyük yaxşlıq təhsilə göstərilən dəstəkdir. Çünki bu, birbaşa cəmiyyətin, dövlətin inkişafına xidmətdir. Konkret olaraq Elxan Süleymanovun bu addımı Göyçay ictimaiyyəti, ümumilikdə ölkə təhsilinin inkişafı üçün olduqca nəcib bir işdir”.

448796767_10212618321048564_8784449258462556764_n.jpg (274 KB)

Hacı Rəhim Əfəndi adına Qaraman kənd orta məktəbinin direktoru Gövhər Abbaslı qonaqları salamladı, ölkə rəhbərliyinin təhsilə göstərdiyi qayğıları sadaladı, bu cür təşəbbüsə görə Elxan Süleymanova təşəkkürlərini bildirdi, şagirdləri təbrik etdi, uğurlar arzuladı. O xatırlatdı ki, 21 iyun həmçinin Elxan Süleymanovun doğum günüdür, onun 83 yaşı tamam olur.

Tədbir iştirakçıları alqışlarla Elxan Süleymanovu təbrik etdilər.

E.Süleymanov söz alaraq bildirdi ki, Prezident İlham Əliyev bütün ad günlərində rayonlara səfər edir, məcburi köçkünlərlə görüşür, insanların əhatəsində olur: "Bu da bizə örnəkdir. Biz də Liderimizin əsgəri olaraq xalqımıza bacardığımız xidməti göstərməyə borcluyuq".

Sonda laureatlara mükafatları Elxan Süleymanov, icra başçısı Natiq Ağayev, deputat Qüdrət Həsənquliyev, Türkiyədə nazir müşaviri Hayrin Cavuşoğlu, fəxri təqaüdçü, doktor Fərqanə Qafarova təqdim etdilər.

Elşad Məmmədli isə simvolik olaraq fəxri təqaüdçü kimi estafeti məzunu olduğu, həmçinin bir müddət müəllim işlədiyi Potu kənd orta məktəbinin şagirdi Rzaya ötürdü.