• 16 İyul 2024
logo
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi rəsmi qəbul keçirib

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi rəsmi qəbul keçirib

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirib.
Tədbirdə Vatikan tərəfdən əsas qonaq qismində Müqəddəs Taxt-Tacın Dövlətlərlə Əlaqələr və Beynəlxalq Təşkilatlarla iş üzrə katibi (xarici işlər naziri) arxiyepiskop Paul Richard Gallagher (Pol Riçard Qallaqer) iştirak edib. O, öz çıxışında Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb, Müqəddəs Tax-Tacın ölkəmizlə əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Qarşılıqlı hörmətə, dialoqa və birgə əməkdaşlığa əsaslanan iki ölkənin əlaqələrinin böyük inkişaf yolu keçdiyini, Vatikanın iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə önəm verdiyini qeyd edib.
Cari ildə Heydər Əliyev Fondunun 20 illik yubileyinin qeyd olunduğunu bildirən arxiyepiskop Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Müqəddəs Taxt-Tac ilə Heydər Əliyev Fondu arasında qurulmuş uğurlu əməkdaşlıq nəticəsində Vatikanda yerləşən dünya əhəmiyyətli bir sıra tarixi abidələrin bərpasına töhfə verildiyini vurğulayıb. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü çatdırıb, bu layihələrin Vatikanda yüksək qiymətləndirildiyi deyib.
P.R.Gallagher Bakıda yeni katolik kilsəsinin tikintisi üçün torpaq sahəsinin ayrılması qərarına görə Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.
Paul Richard Gallagher dostluq münasibətlərimizin uzun tarixə malik olduğunu bildirib. Müqəddəs Taxt-Tacı Azərbaycan xalqı ilə birləşdirən humanitar məsələlərdən tutmuş təhlükəsizlik məsələlərini, eləcə də davamlı sülh axtarışını əhatə edən geniş spektrli ortaq qayğıları və niyyətləri xatırlayaraq, Azərbaycanın zəngin mədəni müxtəlifliyi və mənəvi ənənələrinin onu Katolik kilsəsi ilə dialoqa açıq bir dövlət etdiyini bildirib.
Azərbaycanı Avropa və Asiyanın kəsişməsində yerləşən ölkə kimi xarakterizə edən Gallagher, Papa II İohann Pavel Azərbaycana səfər edərkən işlətdiyi fikirləri qeyd etmişdir “Azərbaycan Şərq və Qərb arasında qapıdır. Azərbaycanın coğrafi mövqeyi, şübhəsiz ki, onun zəngin və çox şaxəli mədəni müxtəlifliyinin formalaşmasında rol oynamışdır. Bir çox dinlərin birgə yaşaması Azərbaycan üçün böyük sərvət mənbəyidir”.
P.Gallagher həmçinin, Böyük Azərbaycan şairi Nizami Gəncəvidən sitat gətirib: “İnsansansa, insanla qarış, çünki insanlar bir-biri ilə yaxşı anlaşırlar”.