• 27 İyul 2024
logo
Sahibkarlar üçün bazar araşdırmaları

Sahibkarlar üçün bazar araşdırmaları

Azərbaycanda sahibkarların əsas problemlərindən biri də hansı sahələrə pul yatırılması imkanlarının, daha çox qazanc gətirə biləcək biznes sahələrinin müəyyənləşdirilməsidir. Bəzən hətta investisiya qoymaq imkanları olan sahibkarlar da bazardakı durumu, inmkanları, perspektivli sahələri daha dəqiq qiymətləndirməkdə çətinlik çəkirlər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu işdə sahibkarlara yardım edir, bazar araşdırmaları həyata keçirilir. Bugünədək dövlət dəstəyi hesabına sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü ilə 51 daxili bazar araşdırması aparılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə hazırda 7 sahə üzrə daxili bazar araşdırmaları yerinə yetirilir. Bazar araşdırmaları soyuducu anbarlara tələbat, Azərbaycanın ekoloji turizm potensialı, dəri və dəri məmulatlarının istehsalı, tekstil müəssisəsinin yaradılması, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı emalı və sənaye müəssisələrinin yaradılması perspektivləri, tikinti məqsədli yerli xammal ehtiyatları istiqamətlərini əhatə edir.
Müvafiq istiqamətlər Agentlik tərəfindən sahibkarlar arasında keçirilmiş sorğuların nəticələrinə, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş sənədlərə əsaslanaraq müəyyən edilib. Bazar araşdırmaları hazır olduqda sahibkarların ümumi istifadəsi üçün KOBİA-nın www.smb.gov.az saytında yerləşdiriləcək.
Qeyd edək ki, daxili bazar araşdırması sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü əsasında aparılır. 2023-cü ildə sahibkarların müraciəti ilə 4 sahə üzrə daxili bazar araşdırması aparılıb və hesabatlar sahibkarlara təqdim edilib. İndiyədək isə sahibkarların müraciəti əsasında 25, KOBİA-nın təşəbbüsü ilə 26 daxili bazar araşdırması aparılıb. Agentliyin təşəbbüsü ilə aparılmış bazar araşdırmaları KOBİA-nın rəsmi internet səhifəsində yerləşdirilib və sahibkarların ümumi istifadəsi üçün açıqdır.
Daxili bazar araşdırması mexanizmi üzrə dövlət dəstəyi KOBİA tərəfindən təmin edilir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən ödənilir. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği maksimum 20 min manatdır. Daxili bazar araşdırmasının aparılması KOBİA-nın sifarişi ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender yolu ilə həyata keçirilir. Yeni məhsul və xidmətlər yaratmaq, biznesini genişləndirmək istəyən sahibkarlar daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını dolduraraq Agentliyə birbaşa və ya elektron qaydada müraciət edə bilərlər.
Bunlarla yanaşı, sahibkarlara biliklərinin artırılması sahəsində də dəstək verilir. 2024-cü ilin yanvar ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes biliklərinə yiyələnməsi və mövcud biliklərinin artırılması üçün 58 təlim keçirilib. Bu təlimlərdə 593 nəfər iştirak edib. Ötən ay biznesin müxtəlif istiqamətləri üzrə sahibkarlara və biznesə başlamaq istəyənlərə 154 məsləhət xidməti göstərilib. Agentliyin KOB inkişafı mərkəzlərinin dəstəyi ilə sahibkarlar, startaplar və yeni biznesə başlamaq istəyənlər üçün kənd təsərrüfatı, qida, turizm və digər sahələr üzrə 109 biznes plan hazırlanıb.
2023-cü ildə isə KOBİA tərəfindən 952 biznes təlim təşkil olunub. Təlimlər biznesə başla, layihə idarəetməsi, maliyyənin idarə olunması, satış, marketinq, rəqəmsal bacarıqlar, “yaşıl iqtisadiyyat” və KOB-ların ehtiyacı olan digər istiqamətləri əhatə edib. Bu dövrdə satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 1918 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib. Ümumilikdə, 2023-cü il ərzində KOBİA tərəfindən göstərilən ödənişsiz təlim və məsləhət xidmətlərindən 13818 KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.
Ötən il KOBİA tərəfindən kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 697 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək göstərilib. Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 424 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb. 2023-cü ildə 37 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnmək üçün KOBİA-nın əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.
Hər halda dövlət biznesin inkişafında maraqlıdır və bu məqsədlə daha əlverişli biznes mühiti formalaşdırmağa çalışır. Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir. Hazırda Azərbaycan Hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir. İnvestisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Appelyasiya Şuralarının təşkili, "İnvestisiya fəaliyyəti haqqında", "Xarici investisiyaların qorunması haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir.
Ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin "bir pəncərə" sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilib. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanıb. Nazirlər Kabinetin qərarına əsasən elektron imzanın alınması müddəti 2 gündən 1 günə endirilmişdir. Həmçinin, "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"nın tələbinə uyğun olaraq, tikinti layihələrinin ekspertizasının "bir pəncərə" prinsipi ilə həyata keçirilməsinə başlanıb. Aparılan islahatların davamı olaraq, 2015-ci ilin oktyabrında Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmış, Şuranın Əsasnaməsi və tərkibi təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiq olunması nəzərdə tutulub və "bir pəncərə" prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Kordinasiya Şurasına həvalə edilib.
Biznes üçün gömrük rejimi və vergitutma bazası mühüm amildir. Azərbaycan Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" təsdiq edilmişdir ki, həmin sənəd Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 2016-cı il 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq olaraq mənfəət və gəlirin 50 faizinin vergisini, müvafiq əmlakına görə əmlak vergisini və mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə torpaq vergisini, həmçinin onların idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular üzrə idxalda əlavə dəyər vergisini ödəməkdən 7 il müddətinə azad edilmişdir. Həmçinin "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda 2016-cı ildə edilmiş dəyişikliklərə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar, habelə sənaye, yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə, sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı isə idxal rüsumlarından azad edilib. Habelə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması və s. kompleks məsələlərin tam həlli nəzərdə tutulub.

Mahir Həmzəoğlu