• 28 Mart 2024
logo
Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı

Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı

Azərbaycan tarixinin ən önəmli şəxsiyyətlərindən biri olan Ümummilli lider Heydər Əliyev həm sovet, həm də müstəqillik dönəmində Azərbaycan iqtisadiyyatının inkişafı üçün misilsiz xidmətlər göstərib. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən nəhəng iqtisadi layihələrlə bağlı çoxsaylı tətqiqatlar aparılıb, kitablar yazılıb.
1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edildiyi vaxt ölkə iqtisadiyyatı durğunluq vəziyyətində olub. O zaman istər istehsalın artım sürətinə, istərsə də keyfiyyət və səmərəlilik göstəricilərinə görə Azərbaycan keçmiş müttəfiq respublikalar arasında sonuncu yeri tuturdu.
İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsində olan respublikada bu ağır şəraitdən çıxış yolu tapılmalı, iqtisadi inkişafın təmin edilməsi üçün işlək proqramlar hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıqda, iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi. Bu zəruri tələbləri düzgün dəyərləndirən Heydər Əliyev qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi. Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər reallaşdırdı...
Tale elə gətirib ki, istər sovet dönəmində istəsə də müstəqillik illərində Heydər Əliyev ölkə iqtisadiyyatını böhranlı şəkildə qəbul edib.
Amma hər iki dönəmdə də Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkə qısa müddət ərzində böhrandan çıxıb və iqtisadi inkişaf yoluna qədəm qoyub.
Tarixi faktlar göstərir ki, 1970-1980-cı illəri əhatə edən on ili ərzində ölkəmizin kənd təsərrüfatına ondan əvvəlki yarım əsr ərzində, yəni 1920-1970 illərdə cəlb edildiyindən daha çox sərmayə qoyulub və o zaman Azərbaycanı digər müttəfiq respublikalardan önə keçirib.
Müstəqillik illərində də Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq üçün ciddi islahatlar həyata keçirib.
Qeyd edək ki, o zaman inflyasiya, bahalaşma, alıcılıq qabiliyyətinin azalması və xarici dövlətlərlə iqtisadi əlaqələrin olmaması iqtisadi böhranı aradan qaldırmağa mane olurdu. 1993-cü il təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” (1993-1995) adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarların sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərib. Heydər Əliyevin apardığı bu siyasət bir sahəni deyil, bir çox sahələri əhatə edirdi. Heydər Əliyev kənd təsərrüfatı da daxil olmaqla iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata keçirib.
Ümummilli Lider Heydər Əliyevin ölkə əhəmiyyətli nailiyyətlərindən biri də neftlə bağlıdır. Azərbaycan neftinin dünya bazarına çıxarılması, əldə olunan gəlirlə büdcəni möhkəmləndirmək, əhalinin sosial rifahının yaxşılaşdırılmasını təmin etmək həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi idi.
1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında müqavilə imzalandı. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.
1995-2003–cü illəri əhatə edən dövr ərzində Heydər Əliyevin həyata keçirdiyi islahatlar yeni inkişaf modeli yaratdı. Bu inkişaf özünü hər sahədə göstərirdi. Bura kənd təsərrüfatını, sənayeni, neft sənayesini, bank, vergi və başqa sahələri daxil etmək olar. Bu sahələrin inkişafı artıqca onların başqa xarici dövlətlərlə iqtisadi münasibətləri güclənirdi.
Ümummilli lider Heydər Əliyev həm də, Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoyub, eyni zamanda neft gəlirlərinin şəffaf xərclənməsi və gələcək nəsillərə saxlanılması məqsədi ilə Dövlət Neft Fondunun yaradılması kimi xidmətləri ilə də yadda qalıb.
Heydər Əliyev deyirdi: “Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır”.
Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və artırılması üçün dövlət tərəfindən müxtəlif dövrlərdə proqramlar qəbul olundu. 1996-cı il iyulun 16-da “Torpaq islahatı haqqında” mühüm qanunlar qəbul edildi. Ümumiyyətlə, 1995-2004-cü illərdə aqrar sahə ilə əlaqədar olan 100-dən yuxarı normativ-hüquqi akt qəbul olunub.
Heydər Əliyevin gərgin əməyi nəticəsində vergi sahəsində də bir çox islahatlar aparılıb və həyata keçirilib. Bir sıra dövlət mülklərinin özəlləşdirilməsi nəticədə dövlətə ödənilən verginin faizində artıma səbəb olub. Bir çox sahələrdə özəlləşdirmə dövlətə ödənilən verginin artmasına və milli büdcənin artımına gətirib çıxarıb. Torpaq sahəsində özəlləşdirmə torpaq sahibkarlarına öz pay torpaqlarını azad əkib, becərmək imkanı verdi. Vergi münasibətlərini tənzimləyən bir sıra qanunlar qəbul edildi.
Ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı və dayanaqlı inkişafının təmin edilməsinin əsasını təşkil edən Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli iqtisadi inkişaf strategiyası prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin müstəqil inkişaf strategiyasının dəqiqliklə hazırlanması və ölkə Prezidenti İlham Əliyevin bu kursu tam və uğurla davam etdirməsi ölkə iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir.

Əli İbrahimov

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar olaraq media nümayəndələri arasında elan edilmiş “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir