• 14 İyul 2024
logo
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər.
Baymedia.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir.
Diqqətə çatdırılıb ki, 2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib.
Kompleksə daxil olan evin və məscidin binalarının dam örtükləri yenilənib, tavanlar bərpa edilib. Malikanə kompleksinin dağılmış divarı bərpa olunub, zədəli divarda bərkitmə işləri aparılıb. Evin döşəmə daşlarının dağılmış yerləri, pilləkəni yenidən qurulub, divar və tavanlardakı rəsmlər eskiz layihələri üzrə bərpa edilib. Məscidin “Güldəstə”si restavrasiya olunub.
Qeyd olundu ki, yaşayış evinin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilib.
Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulub. “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb.
Ekspozisiyada Azərbaycan Milli Kino-Foto Sənədləri Arxivi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun materialları, həmçinin elmi ədəbiyyat mənbə qismində istifadə edilib.
Zadəgan malikanəsinin qonaq otağı evin siması olduğundan burada ən müasir interyer elementlərindən istifadə edilirdi. Otaqda milliliyi nümayiş etdirən elementlər də var idi. İnteryerdə dövrün fotoçərçivələrinə salınmış məlumat və portretlər asılıb. İnteryer təəssüratını pozmamaq üçün foto və məlumatların çərçivələri dövrə uyğun tərtib edilib. Fotolar Şuşanın tanınmış zadəgan nəsilləri – Mehmandarovlara, onlarla qohumluq əlaqəsi olan Rüstəmbəyovlara, Vəzirovlara, Qacarlara aiddir.
Malikanədəki otaqları milli əşyalarla yanaşı, avropasayağı məişət əşyaları da bəzəyir. Otaqlar dövrün eksponatları ilə XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid interyer qaydalarına uyğun tərtib edilib. Burada ziyarətçi özünü XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış azərbaycanlı zadəganının evindəki kimi hiss etmiş olur.
Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilib.
Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işləri, mədəni-dini abidələrimizin bərpası davam edir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Aparılan işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub.
Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilib. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir.
Heydər Əliyev Fondu hazırda Şuşada daha bir neçə layihənin bərpasını başa çatdırıb. Mehmandarovların malikanə kompleksi də bu layihələrdən biridir.