• 25 Yanvar 2022
logo
Bahalaşan taxıl və yerli istehsaldan gözləntilər

Bahalaşan taxıl və yerli istehsaldan gözləntilər

Qarabağda ildə 350-400 min ton taxıl istehsalı proqnozlaşdırılır

Ölkədə tək buğda, un və çörəyin deyil, digər ərzaq məhsullarının qiymətləri də qalxıb. Bu həm mövsümi amillərlə, yəni qış fəsli, həm də karonavirus pandemiyasının bütün ölkələrdə kənd təsərrüfatına vurduğu ziyan nəticəsində dünya bazarında ərzağın nəzərəçarpan bahalaşması ilə bağlıdır. Bu prosesin davam edəcəyi, yəni üzü yaz aylarına doğru növbəti qiymət artımları gözləniləndir. Qiymətlərin yalnız növbəti kənd təsərrüfatı mövsümündə, yay aylarında stabilləşəcəyini və ucuzlaşacağını proqnozlaşdırmaq olar. 2022-ci il dünyada post-pandemiya dövrü kimi gözlənilsə də tələbin artması ilə yanaşı, buğda, qida məhsulları və digər zəruri məhsulların istehsalının azalması fonunda qiymət artımı baş verəcək. 2022-ci ildə həm dünya, həm də Azərbaycan iqtisadiyyatında iqtisadi artım proqnozlaşdırılsa da, yanacağın və gübrənin bahalaşması, iqlim dəyişiklikləri, məhsuldarlığın aşağı düşməsi, dünyada ərzağa olan tələbin artması aqrar sektora ciddi mənfi təsir göstərən amillər olaraq qalır.
Əslində dünya bazarında taxılın qiymətləri rekord həcmdə artıb ki, bu da Azərbaycana təsirsiz ötüşmür. Dünya taxıl tədarükçüləri arasında lider olan Rusiyada ixrac rüsumlarının tətbiq olunması ilə bağlı məhdud təklif və yüksək qiymətlər, eləcə də nəqliyyat xərclərinin kəskin artımı qiymətlərin yüksəksəlməsinə təkan verib. Azərbaycan isə hələ də yerli istehsal hesabına daxili təlabatını ödəyə bilmir, xaricdən, əsasən də Rusiyadan buğda alır. 2020-ci ildə ölkəyə idxal edilən 300 milyon dollarlıq 1,365 milyon ton buğdanın böyük hissəsi - 98,8%-i və ya 1,350 milyon tonu (293,2 milyon dollar) Rusiyadan, 14,9 min tonu (3,368 milyon dollar) Qazaxıstandan, 400 tonu (302,6 min dollar) digər ölkələrdən gətirilib. Göründüyü kimi, buğda idxalında Rusiyadan asılı olmağımız qiymətlərə təsirsiz ötüşməyə bilməzdi.
Rusiyadan idxal buğdasının qiyməti bir ton üçün 340-350 dollar təşkil edir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2021-ci ilin 11 ayında Azərbaycana 287 milyon 557 min dollar dəyərində 1 milyon 17 min 503 ton buğda idxal edilib. 1 ton buğdanın orta idxal qiyməti 283 dollar olub. Beləliklə, 2019-cu ilin 11 ayı ilə müqayisədə 2020-ci ilin 11 ayında buğdanın orta idxal qiyməti demək olar ki, dəyişməyib, 2021-ci ilin 11 ayında isə 2020-ci ilin 11 ayı ilə müqayisədə 69 dollar və ya 32,2% artıb.
Azərbaycandakı iri un və çörək istehsalçıları qiymətlərdə dəyişikliklərlə bağlı müraciət yayıb: "Hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu strateji ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb. Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur".
Açıqlamada qeyd olunur ki, “baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVİD-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib. Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiya Federasiyasından həyata keçirildiyi üçün Rusiya bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. Əlavə olaraq, Rusiya Federasiyasında 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub. Qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib. Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik”.
Bəzi hallarda süni qiymət artımlarına rast gəlinir ki, buna imkan vermək olmaz. Hər halda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət tədbirlərini gücləndirdiyini deyir. Dövlət Xidmətindən bildirilib ki, "bu istiqamətdə preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib.Uun və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür. Monitorinqlər zamanı qanunvericiliyinin pozulması əlamətləri aşkar olduğu təqdirdə Dövlət Xidməti tərəfindən ciddi tədbirlər görüləcəkdir".
Məhz indi baş verən prosesləri nəzərə alan iqtisadçı ekspertlər zaman-zaman ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayırlar. İndi bu məsələ bir daha aktullaşır. Ümidlər isə işğaldan azad olunmuş torpaqlarımızda əsas ənənəvi sahə kimi kənd təsərrüfatının yenidən dircəldilməsinədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar sektorda ölkənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək həcmlərdə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal olunacağı gözlənilir. Xüsusən də, taxıl, meyvə, tərəvəz istehsalı, heyvandalıq əsas sahələr olacaq. Qarabağda 1,213 milyon hektar torpaq sahəsinin yarısı - 591,776 min hektarı əkinə yararlı torpaq sahələri, 231,056 min ha əkin sahəsi, 351,822 min ha örüş-otlaq və biçənək sahəsi, 8,898 ha həyətyanı sahələrdir. 1980-ci illərdə Qarabağ və ətraf rayonlar üzrə 139,814 ha ərazidə əkin aparılırdı ki, bu da ölkə üzrə əkin sahələrinin 7,7%-i qədərdir. Bunun 76,827 hektarını taxıl (ölkə üzrə 14,3%-i), 8165 ha pambıq (ölkə üzrə 2,7%-i), 1889 ha tütün (ölkə üzrə 11,6%-i), 774 ha kartof (ölkə üzrə 3,3%-i), 955 ha tərəvəz (ölkə üzrə 2,3%-i), 410 ha bostan (ölkə üzrə 5,3%-i), 2435 ha meyvə və giləmeyvə (ölkə üzrə 1,8%-i), 48359 ha üzüm (ölkə üzrə 24,7%-i) sahələri təşkil edirdi.
Çox münbit və məhsuldar torpaqlara malik Qarabağda taxıl, pambıq, üzüm, tütün, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə istehsalı ənənəvi sahələrdir. 1980-ci illərdə ildə regionda 200 min tona yaxın taxıl (ölkə üzrə taxıl istehsalının 14%-i qədər), 20,8 min ton pambıq (ölkə üzrə 3,4%), 4,7 min ton, tütün (ölkə üzrə 8,1%), 3 min ton kartof (ölkə üzrə 1,8%), 9,61 min ton tərəvəz (ölkə üzrə 1,1%), 2,18 min ton bostan məhsulları (ölkə üzrə 3,4%), 1,72 min ton meyvə və giləmeyvə (ölkə üzrə 0,4%), 320 min ton üzüm (ölkə üzrə üzüm istehsalının 25,5%-i qədər) istehsal olunurdu. Göründüyü kimi, ənənəvi sahələr arasında üzümçülük, taxılçılıq və tütünçülük həm əhatə etdiyi əkin sahələrinə, həm də istehsal həcminə görə daha yüksək xüsusi çəkiyə malik olmaqla üstün və inkişaf etmiş sahələr olmuşdur.
İşğaldan azad olunmuş torpaqlarda istehsal olunacaq kənd təsərrüfatı məhsullarının ölkə üzrə aqrar sektorun 8-10%-ni əhatə edəcəyi, habelə yerli taxıl istehsalının 10 faizini verəcəyi, ildə 350-400 min ton taxıl istehsal olunacağı gözlənilir. Əlbəttə, ildə 400-500 min ton əlavə taxıl istehsalı idxaldan asılılığı müyyən qədər azaltsa da, tam aradan qaldırmayacaq. Nəzərə alsaq ki, Azərbaycan əlavə olaraq ildə 1.4-1.5 milyon ton taxıl idxal edir, bu baxımdan real mənzərə ortalıqdadır. Mühüm olan taxıl istehsalında məhsuldarlığı 2 dəfə artırmaq, fermerlər üçün gübrənin qiymətlərini əlçatan etmək və istehsalçılara praktiki və real dövlət dəstəyini artırmaqdır.
Mahir Həmzəoğlu