• 19 Mart 2024
logo
Milli Məclisə büdcə layihəsi ilə birlikdə təqdim olunan sənədlərin dairəsi dəqiqləşdirilir

Milli Məclisə büdcə layihəsi ilə birlikdə təqdim olunan sənədlərin dairəsi dəqiqləşdirilir

Növbəti büdcə ili üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət büdcəsi layihəsi ilə birlikdə Milli Məclisə təqdim edilən sənədlərin əhatə dairəsi dəqiqləşdirilir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Büdcə sistemi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı, cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat və dövlət büdcəsi kəsirinin keçən büdcə ilində faktiki və cari büdcə ilində gözlənilən maliyyələşdirmə mənbələri barədə hesabat bu sənədlərin siyahısından çıxarılır. Cari ilin ötən dövrü üçün xalis maliyyə aktivləri barədə arayış isə Milli Məclisə təqdim edilən sənədlərin sırasında daxil edilir.
Qüvvədə olan qanuna əsasən, növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin, habelə sonrakı üç il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramının layihəsi parlamentə təqdim olunub. Layihəyə əsasən isə investisiya layihələrinin sahələr və istiqamətlər üzrə ümumi məbləğlərini özündə əks etdirən dövlət investisiya proqramının layihəsi Milli Məclisə təqdim olunmalıdır.