• 28 Mart 2024
logo
Dünya bazarında qazın bahalaşması Azərbaycanın iqtisadi maraqlarına uyğundur

Dünya bazarında qazın bahalaşması Azərbaycanın iqtisadi maraqlarına uyğundur

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 900 dollar həddinə yaxınlaşır. Sentyabrın 15-də Niderlandda TTF habında qazın oktyabr fyuçersləri min kubmetr üçün 896,61 dollara çatıb. İki həftə ərzində təbii qazın qiyməti 50 faizə yaxın artıb. Qeyd edək ki, avqustun sonunda qazın qiyməti min kubmetr üçün 590 dollar təşkil edirdi. Bu günədək qaz qiymətlərinin ən yüksək həddi 2018-ci il martın 1-də qeydə alınıb. Həmin gün Avropa birjalarında təbii qazın min kubmetri 969 dollara satılırdı.
Dünya bazarında qazın qiymətlərinin belə yüksəlməsi Azərbaycanın maraqlarına cavab verir, ölkənin qaz ixracının və bu sahədən gəlirlərin artırılması ilə bağlı siyasətinin doğru olduğunu bir daha təsdiqləyir. Proqnozlara görə, yaxın illər ərzində dünya bazarında qaza təlabatın artması gözlənilir ki, bu da növbəti illərdə qaz hasilatını və ixracını əhəmiyyətli dərəcədə artıracaq Azərbaycanın iqtisadi maraqlarına uyğundur. Neft hasilatının azaldığı, qiymətlərin kövrək olduğu bir vaxtda qazla bağlı belə nikbin proqnozlar lap yerinə düşür, “qara qızıldan” itirdiklərimizi “mavi yanacaq” ixracının artırılması əvəzləyə bilər. Təbii qazın 2025-ci ilədək qlobal enerji səbətində kömürü üstələyəcəyi və 2047-ci ildə ən çox istifadə olunan enerji mənbəyinə çevriləcəyi gözlənilir. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir ki, bir çox ölkə tərəfindən təbii qaza təmiz enerji növü kimi daha çox üstünlük veriləcək. Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla yanaşı, ölkələr arasında əlaqələrin qurulmasında daha böyük rol oynayacaq. Təbii qaz kömür və neftdən daha təmiz yanacaq kimi seçilsə də, keçən il qaz qiymətlərinin enməsi və yeni növ koronavirus epidemiyası səbəbindən ekoloji təmiz hava barədə məlumatlılığının artması təbii qaza öz müsbət dəstəyini artıracaq. Elektrik enerjisi istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı artımda əsas amil olacaq. 2019-cu ildə 2 faiz olan bərpaolunan enerji mənbələrinin payı isə 2050-ci ildə 10 faizə yüksələcək.
2050-ci ilədək qlobal təbii qaz tələbatı 50 faiz artaraq ildə 6 trilyon kubmetrə yüksələcək. 2021-ci ildən qlobal təbii qaz tələbatının artacağı gözlənilir. Bu il qlobal qaz tələbatı keçən ilə nisbətən 110 milyard kubmetr artacaq. Qlobal təbii qaz tələbatının bu il 2020-ci ilə nisbətən 2,8 faiz (110 milyard kubmetr) artaraq 4,02 trilyon kubmetr olacağı proqnozlaşdırılır. Afrika, Asiya, Cənubi Amerika və Yaxın Şərqdəki inkişaf etməkdə olan bazarların builki qaz tələbatında əsas rol oynayacağı və artımda 70 faizlik paya sahib olacağı proqnozlaşdırılır. Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal qaz tələbatının 2024-cü ilə qədər hər il 1,6% artacağını proqnozlaşdırır.
2018-ci il iyunun 30-dan indiyədək TANAP-la 10 milyard kubmetrdən çox qaz satılıb. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan ilk kommersiya təbii qazının TANAP boru kəməri ilə Türkiyəyə nəqlindən 2 il ötüb. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir, lakin 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə TANAP-la göndəriləcək 16 milyard kubmetr qazın 10 milyardı Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
Qeyd edək ki, 2021-ci il iyunun 1-dək “Azəri-Çıraq-Günəşli”dən 182 milyard kubmetr, “Şahdəniz”dən isə 143 milyard kubmetr qaz hasil olunub. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 97 milyard kubmetri ixraca göndərilib. “Şahdəniz-2” qazını Türkiyəyə nəql edən TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan və 3500 kilometrlik Cənub Qaz Dəhlizinin birləşdirici halqasını təşkil edən TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düymlük hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düymlük hissəsinin uzunluğu isə 480 kilometrdir. Mərmərə dənizi boyunca isə boru kəmərinin diametri 36 düym təşkil edir. İki fazada icra olunan layihə çərçivəsində boru kəmərinin uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometrdir. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası keçən il noyabrın 30-da istifadəyə verilib. TANAP layihəsinə 6,5 milyard dollar xərclənib. “Enerjinin İpək Yolu” adlandırılan TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir. TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.
Son illər azərbaycanda hər il qaz hasilatı və ixracı artır. Belə ki, 2020-ci ildə Azərbaycanda 37 milyard kubmetr qaz (artım 3,1%) hasil edilib. Əmtəəlik qaz hasilatı 26 milyard 65,1 milyon kubmetr (artım 6,3%) həcmində olub. Növbəti illərdə ölkəmizdə qaz istehsalının ildə 50 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, bu il Azərbaycanın gündəlik təbii qaz hasilatının həcmi neft bareli ekvivalentində 670 min barel və ya 110,04 mln. kubmetr təşkil edəcək. Bu, 2020-ci illə müqayisədə 8,1% çoxdur. 2022-ci il üçün isə Fondun ölkə üzrə gündəlik qaz hasilatı proqnozu 710 min barel və ya 116,61 mln. kubmetrə bərabərdir.
AR Energetika Nazirliyinin məlumatına əsasən, 2021-ci ilin 6 ayında ölkədə 20,3 milyard kub metr qaz hasil edilib. Qazın 6,4 milyard kub metri AÇG-dən, 10 milyard kub metri “Şahdəniz”dən, 3,9 milyard kub metri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz, yəni 990 milyon kub metr artımla qaz hasil edilib. Hesabat dövründə xaricə qaz satışı təxminən 9,1 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 36 faiz çoxdur. Cari ilin yanvar-iyun ayında Türkiyəyə təqribən 4,7 milyard kub metr, Avropaya təqribən 3,2 milyard kub metr, Gürcüstana isə 1,2 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 50,5 milyon kub metr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,7 milyard kub metrdən çox qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyul 2021-ci il tarixinədək 567 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 535 milyon tondan çox neft, “Şahdəniz”dən isə təqribən 32 milyon tondan çox kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 iyul tarixinədək təqribən 567 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib. Yataqlar istismara veriləndən cari ilin 1 iyul tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 183 milyard kub metr, “Şahdəniz”dən isə 145 milyard kub metrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 98 milyard kub metrdən çoxu ixraca nəql edilib.
2021-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanda 17,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 369,1 min ton az olub. Energetika Nazirliyinin yaydığı məlumata görə, respublika üzrə neft hasilatının 11,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 milyon ton təşkil edib.
2021-ci ilin dövlət büdcəsində neftin qiyməti 40 dollar nəzərdə tutulduğu halda, hazırda dünya bazarında qiymət daha yüksəkdir. Azərbaycan neftinin qiyməti sentyabrın 13-də 74 dollar/barel təşkil edib. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,07 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 72,84 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,45 dollar/barel çoxdur.
Əsas gəlirlərimizin neft-qaz sektorundan formalaşdığını nəzərə alaraq qeyd edək ki, bu il Azərbaycanda 38,2 milyon ton (keçən il 37,7 milyon ton) neft, 40 milyard kub metr qaz hasilatı proqnozlaşdırılır. Təkcə "Şahdəniz" qaz-kondensat yatağında hasilatın həcmi 21,3 milyard kubmetr səviyyəsində gözlənilir ki, nəticədə qaz ixracından gəlirlər artacaq. Bütün bunlar isə dövlət büdcəsində neftin qiymətini 40 dollar götürən Azərbaycan üçün nikbin olmağa, dövlət büdcəsinin gəlir və xərclərinin təmin olunacağını, nəzərdə tutulan sosial ödəmələrin vaxtında həyata keçiriləcəyini söyləməyə əsas verir.
Mahir Həmzəoğlu