• 5 İyul 2022
logo
Azərbaycan və Gürcüstan Asiyadan Avropaya gedən yollarda vacib tranzit ölkələrdir

Azərbaycan və Gürcüstan Asiyadan Avropaya gedən yollarda vacib tranzit ölkələrdir - Politoloq

Azərbaycan və Gürcüstan Yaxın Şərq və Mərkəzi Asiya regionundan Avropaya və əks istiqamətdə yerləşən yollar üzərində vacib tranzit ölkələrdir.
Bunu Trend-ə Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, politoloq Əli Babayev Türkmənistan və Özbəkistan prezidentlərinin nəqliyyat-logistika infrastrukturunun inkişafı, Cənubi Qafqaz dəhlizləri vasitəsilə yeni bazarlara çıxış imkanlarının müzakirəsini şərh edərkən deyib.
O bildirib ki, İran, Oman, Türkmənistan və Özbəkistan arasında imzalanmış və artıq Qazaxıstan, Pakistan və Hindistanın qoşulduğu Aşqabad sazişi nə qədər tez icra olunsa, Azərbaycan və Gürcüstan üçün faydalı olacaq.
Ekspert hesab edir ki, Gürcüstan Aşqabad sazişinə qoşulmalı, tranzit dəhlizinin tam funksionallığını təşkil etməlidir:
"Gürcüstan ərazisində tranzit nəqliyyat magistralları artıq mövcuddur. Bu, ilk növbədə Bakı-Tbilisi-Qars dəmir yoludur. Bundan başqa, Gürcüstanın Qara dəniz limanları, Batumi və Poti limanları ilə yük daşımaq imkanları mövcuddur".
Ə.Babayev əlavə edib ki, Azərbaycan və Gürcüstanın Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Pakistan və Hindistandan Avropaya multimodal yükdaşımalarında əsas ölkələrə çevrilmək üçün bütün imkanları var.