• 7 Mart 2021
logo
Azərbaycan-Pakistan iqtisadi əlaqələri və biznes üçün yeni imkanlar

Azərbaycan-Pakistan iqtisadi əlaqələri və biznes üçün yeni imkanlar

İslamabadda Pakistan və Azərbaycan Xarici İşlər nazirliklərinin nümayəndə heyətləri səviyyəsində ikitərəfli görüşlər keçirildi, danışıqlar aparıldı. Görüşlər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına, çoxtərəfli sahələrdə qarşılıqlı əməkdaşlığa, regional və qlobal məsələlərdə ortaq strategiyanın qəbuluna həsr edilmişdi. Həmçinin təbii fəlakətlər zamanı əməliyyatların idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalandı. Bəs son vaxtlar güclənən bu siyasi əlaqələr iqtisadi əməkdaşlığa necə təsir edəcək və bu sahədə real vəziyyət, perspektiv imkanlar necə qiymətləndirilə bilər?
Öncə qeyd etmək lazımdır ki, Azərbaycanla Pakistan arasında siyasi əlaqələr və qarşılıqlı etimad, dostluq münasibətləri yüksək səviyyədə olsa da, iqtisadi və ticarət əlaqələri arzu edilən həcmdə deyil, potensial imkanlardan çox-çox aşağıdır. Təsəvvür edin ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 14,8 milyon dollar (2015-ci ildə 2 milyon dollar) olub ki, bu da potensial ticarət imkanları baxımından olduqca kiçik rəqəmdir. 2019-cu ildə idxal 14,5 milyon (2018-ci ildə 10,3 milyon), ixrac isə 312 min dollar (2018-ci ildə isə 808 min dollar) olub. Hətta son illər Azərbaycandan Pakistana ixrac azalıb, 2017-ci ildə onun həcmi 1,8 milyon dollar olduğu halda sonrakı 2 ildə 6 dəfəyə yaxın aşağı düşüb, cəmi 312 min dolar təşkil edib. Xarici ticarət dövriyyəsi 2019-cu uldə 33,3 milyad dollar olan Azərbaycan üçün Pakistanla 14,5 milyon dollarlıq ticarət olduqca aşağı bir rəqəmdir və aktiv siyasi əlaqələrin tezliklə real iqtisadi əməkdaşlığın gücləndirilməsinə və genişləndirilməsinə ehtiyac yaratdığını deməyə əsas verir. Hansı ki, iki ölkə arasında böyük iqtisadi əməkdaşlıq potensialı var, xüsusən də qarşılıqlı investisiya imkanları mövcuddur. Qarabağ uğrunda Vətən müharibəsində Pakistanın açıq şəkildə Azərbaycanı dəstəklədiyini də nəzərə alsaq, bu ölkə ilə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üçün yaxşı etimad mühitinin də olduğunu söyləyə bilərik. Əslində bu cür münasibətlər Pakistana Qarabağ regionuna investisiya qoyuluşu imkanları açır.
Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə birgə hökumətlərarası işçi qrup da yaradılıb, biznes dairələrinin əməkdaşlığına təkan vermək üçün müəyyən addımlar atılsa da, bunlar yetərli deyil, real rəqəmlərdə özünü əks etdirmir. Azərbaycanda 2000-dən artıq Pakistan şirkəti fəaliyyət göstərsə də, onlar əsasən ticarətlə məşğuldur. Amma bununla belə bu qədər şirkətin ümumi ticarət dövriyyəsi də böyük deyil. Hansı ki, Pakistan şirkətlərinin Azərbaycanın sənaye parklarında yaradılmış əlverişli imkanlardan yararlanmaq, kənd təsərrüfatı, yüngül sənaye, əczaçılıq, turizm və s. sahələrə investisiya yatırmaq imkanları da var. Görünür, iki ölkənin iş adamları iqtisadi əməkdaşlıq sahəsində mövcud potensial imkanları yetərincə qiymətləndirə bilmirlər. Ona görə də, birgə biznes forumların keçirilməsi, qarşılıqlı investisiya qoyuluşlarının təşviqi, Pakistanda “Azərbaycan Ticarət Evi”nin açılması və ticarət dövriyyəsi həcminin artırılması bu baxımdan əhəmiyyətli ola bilər. Xüsusən də kənd təsərrüfatı, tekstil, əczaçılıq və enerji sektoruna sərmayələrin yatırılması, habelə kiçik və orta biznes dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi hər iki ölkə üçün faydalı olardı. Bunlar həm də sahibkarlar üçün yeni bazarlar və biznes imkanları deməkdir.
Bir sözlə, iki dost ölkə arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, bu əlaqələr iqtisadi münasibətlərdə, real rəqəmlərdə özünü əks etdirmir. Hətta hazırki xarici ticarət göstəricilərini simvolik ticarət rəqəmləri də adlandıra bilərik... Amma reallıqda çox geniş biznes imkanları var. Pakistan Azərbaycanla neft-qaz sahəsində də əməkdaşlıq edə bilər. Bu ölkənin Hayber-Pahtunhva vilayəti neft, qaz və hidroenerji ehtiyatları ilə zəngindir, vilayətin turizm potensialı böyükdür, orada arıçılıq, tikinti sektoru inkişaf edib. Neft-qaz sektorunda Azərbaycan böyük təcrübəyə malikdir ki, İslamabad bu imkanlardan geniş yararlana bilər. Əslində Pakistan da öz iqtisadiyyatına Azərbaycandan investorları cəlb etməkdə maraqlıdır. Bu cür imkanlar sahibkarlar üçün də
İpək Yolu üzərində yerləşən və inkişaf etmiş nəqliyyat-logistika sisteminə, avtomobil və dəmir yollarına malik Azərbaycan Pakistan üçün həm də Avropa bazarına çıxış üçün yeni imkanlar və etibarlı tərəfdaş deməkdir. Müsəlman ölkələri arasında əhalisinin sayına görə dünyada 2-ci olan, Asiya regionunda böyük iqtisadiyyata, nüfuza və iri bazarlara malik Pakistan da Azərbaycan üçün iqtisadi əməkdaşlıq sahəsində perspektivli ölkədır. Hər halda ölkələr arasında siyasi təmasların güclənməsi iqtisadi sferada da əlaqələrin böyüməsinə zəmin yaradır, xarici ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artacağına dair nikbin olmağa əsas verir. Real nəticələri isə yaxın gələcəyin iqtisadi-ticarət rəqəmləri göstərəcək...
Mahir Həmzəoğlu