• 6 Oktyabr 2024
logo
Vergi ödəyicilərinin sayında artım qeydə alınıb

Vergi ödəyicilərinin sayında artım qeydə alınıb

Bu ilin 8 ayında respublika üzrə qeydiyyatda olan 1 milyon 570 min 205 vergiödəyicisinin 87,2 faizi fiziki şəxslər, 12,8 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən Baymedia.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 89 min 947 vahid (6,1 faiz), o cümlədən fiziki şəxslərin sayı 76 min 266 vahid (5,9 faiz), hüquqi şəxslərin sayı 13 min 681 vahid (7,3 faiz) artıb.

Sentyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 184 min 820 vahid təşkil edib.

2024-cü ilin yanvar-avqust aylarında 8741 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 7791-i (89,1 faiz) yerli investisiyalı, 950-si (10,9 faiz) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 7117-si (81,4 faizi) elektron qaydada, onların isə 5726-sı “ASAN İmza”, 1372-si finkod+mobil üsulla, 19-u “SİMA” rəqəmsal imza vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Sentyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 38 min 564 vahid təşkil edərək, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,1 faiz təşkil edib.

Sözügedən dövr ərzində dövlət qeydiyyatında olan aktiv kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz artıb.