• 17 May 2024
logo
Qətərin energetika naziri: Neft-qaz sektoru qlobal inkişafa töhfə verir

Qətərin energetika naziri: Neft-qaz sektoru qlobal inkişafa töhfə verir

Qətərin energetika naziri Saad Şəridə əl-Kaabi bazar günü Ər-Riyadda keçirilən panel müzakirəsi zamanı neft və qaz tənqidçilərini bəşəriyyətə, qlobal inkişafa töhfə verməyə davam edən bu sənayeni “şeytanlaşdırdığına” görə tənqid edib.

Baymedia.az “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, Qətərin enerji məsələləri üzrə dövlət naziri Saad Şəridə əl-Kaabi Dünya İqtisadi Forumunun xüsusi iclası zamanı deyib: “Biz eqoist olmamalı və özümüzün maraqları ilə yanaşı, qonşuların mənafelərini də düşünməliyik”.

Qətər dünyanın ən böyük LNG ixracatçılarından biridir. Bu ölkə Şimal qaz yatağında hasilatı mövcud olan illik 77 milyon tondan (mtpa) 2030-cu ilə qədər 126 mtpa həcminə qədər artırmağı, LNG ixracını 85 faiz artıraraq 142 mtpa səviyyəsinə çatdırmağı planlaşdırır.

Bu Körfəz ölkəsi Rusiya qazından asılılığı azaltmaq qərarından sonra özünü Avropa üçün bacarıqlı təchizatçı kimi göstərə bilib. Əl-Kaabi əlavə edib: “Biz hamımız özümüz və gələcək nəsil üçün yaxşı bir mühitə sahib olmaq istəyirik. Yaxın bir neçə onillikdə dünya əhalisinin sürətlə artacağını nəzərə alaraq, enerji mənbələrinə olan ehtiyac da artacaq”.

Bundan əlavə, əl-Kaabi bəzi hökumətləri yüksək xərclərin nəzərə almadan daha təmiz enerji mənbələrinə keçmək zərurətini irəli sürdüyünə görə tənqid edib. O deyib: “Hökumətlərin bir çoxu yaşıl təşəbbüslər haqqında danışır, lakin əslində bunun üçün pul ödəmir. Nəhayət, bütün bu yaşıl təşəbbüslər üçün pul ödəyəcək istehlakçılarınız var, onların da maraqları nəzərə alınmalıdır”.

Qətərli nazir daha zəngin ölkələrin sakinlərinin də yaşıl enerji mənbələrinə keçidin haqqını ödəyə bilməyəcəyini söyləyib və vurğulayıb ki, neftə tələbat hələ çox uzun müddət qalacaq. O, həmçinin karbontutma və saxlama (CCS) sistemləri də daxil olmaqla, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrində hazırda işlənməkdə və ilkin icra mərhələsində olan qaz emissiyaları təsirlərinin azaldılması üsullarını vurğulayıb.