• 21 Aprel 2024
logo
Milli Xalça Muzeyində Səbinə Zülalovanın layihəsinin təqdimatı olub

Milli Xalça Muzeyində Səbinə Zülalovanın layihəsinin təqdimatı olub

Azərbaycan Milli Xalça Muzeyində Səbinə Zülalovanın “Upcycle Twenty” adlı layihəsinin təqdimatı olub. Bu tədbir çərçivəsində, həmçinin “Swan-Maiden” Moda Evinin 20 illiyi qeyd olunub, ekologiya, habelə fiziki imkanları məhdud şəxslərin dəstəklənməsi mövzularının önə çıxarıldığı qurama elementlərini ehtiva edən moda kolleksiyasının nümayişi keçirilib.

Baymedia.az xəbər verir ki, layihə xüsusilə tullantı materiallarından necə istifadə olunacağına həsr olunub. Dizayner Səbinə Zülalova əvvəlki kolleksiyalarından bəzi geyimlərə yeni nəfəs verib, onları qurama elementləri ilə zənginləşdirib, digər dizaynerlərə örnək olub. Yeni kolleksiyalar yaratmaq üçün qalan parça hissələrindən istifadə olunması ekoloji riskləri azaldır, çünki fabriklər atmosferi çirkləndirir və poliqonlar tullantılarla doldurulur ki, bu da istər-istəməz iqlim dəyişikliyinə təsir göstərir. Təqdimatda nümayiş olunan videoçarx da bu mövzuya həsr olunub. Tədbirdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Xanım Cənnətova da çıxış edib. Səbinə Zülalova həm də “Aqıllı cəmiyyətə ekoloji dəstək” qeyri-hökumət təşkilatının təsisçisi olduğu üçün ətraf mühitin mühafizəsi tədbirlərinin dəstəklənməsi onun layihəsinin əsas istiqamətlərindən biridir.

Fiziki imkanları məhdud şəxslər də layihədə iştirak etməyə dəvət olunublar. Tədbir zamanı təşkil edilən yarmarkada onların əl işləri təqdim edilib. Bu şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Peşə Reabilitasiyası Mərkəzinin dəstəyi ilə qədim qurama sənətinin öyrənilməsi üzrə iki aylıq kurs keçirilib. Dərslər İçərişəhər Muzey Mərkəzinə daxil olan Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində baş tutub. Layihənin sponsorları tərəfindən əsərləri podiumda nümayiş etdirilən müəlliflərə hədiyyələr təqdim olunub.

“Swan-Maiden” Moda Evinin 20 illiyinin qeyd olunması çərçivəsində modelyer Saima Mədətova tərəfindən son iyirmi il ərzində yaradılan müxtəlif geyim nümunələrindən ibarət “Vintaj” kolleksiyası təqdim edilib. Moda axşamının kulminasiya nöqtəsi modelyerin qızının podiuma çıxması olub. Məhz o, anasının yaratdığı brendin ilham pərisidir və modelyer özünün ilk kolleksiyasını övladının dünyaya gəlməsini gözlədiyi vaxt – 2023-cü ildə tamaşaçılara təqdim edib.

Tədbirdə müğənni və bəstəkar Sivva “Şuşa, sabahın xeyir!” mahnısını ifa edib. O, səhnəyə Səbinə Zülalovanın məxsusi olaraq bu nəğmə üçün hazırladığı geyimdə çıxıb.